Rusiyanın Avropaya qaz basqısı... İqtisadiyyat

Rusiyanın Avropaya qaz basqısı...

Natiq Miri: "Rusiyanın yeganə təzyiq imkanlarından imtina edəcəyini düşünmürəm"
Əli Orucov: "Kremlin payız-qış aylarında əks həmlə edəcəyi ehtimal olunandır"

Ukrayna baş naziri Arseniy Yatsenyuk deyib ki, Rusiya qışda Avropa ölkələrinə qaz ixracını dayandıracaq. Onun fikrincə, Ukrayna hökuməti Rusiyanın planlarından xəbərdardır.
Hökumətin iclasında çıxış edən Yatsenyuk qeyd edib ki, qış aylarında Rusiya Avropaya qaz ixracını dayandırmağı planlaşdırır: "Ukraynanın enerji sektorunda durum çətindir. Biz Rusiyanın Avropa Birliyi ölkələrinə qış aylarında qaz ixracını dayandırmaq haqda planlarından xəbərdarıq".
Qeyd edək ki, hələlik Rusiya Energetika Nazirliyi və "Qazprom" şirkəti məsələ ilə bağlı şərh verməyib.
Ümumiyyətlə Rusiyanın təbii qaz həmləsi nə ilə nəticələnə bilər? Moskvanın soyuq aylarda Avropaya qarşı enerji basqısı edəcəyi nə dərəcədə real görünür?
Politoloq Natiq Miri dedi ki, enerji daşıyıcılardan siyasi təzyiq aləti olaraq istifadə Rusiyanın köhnə şakəridir və bu gün də dəyişən bir şey yoxdur: "Avropa yaxın aylar üçün Rusiya qazına alternativ qaz mənbələrini təmin edə bilməyəcək... Doğrudur, bunun üçün çox ciddi işlər gedir. Alternativlər içində İran, İraq, Azərbaycan, Yaxın Şərq və ABŞ-ın slans qaz ehtiyatları nəzərdə tutulur. Ancaq bunlar xeyli zaman alan məsələlərdir. Rusiya da bunu bildiyindən yeganə təzyiq imkanlarından imtina edəcəyini düşünmürəm. Əksinə, məhz bu faktoru və hərbi basqıları artırmaqla Ukrayna məsələsində və sanksiyaların dayandırılması üçün təzyiqləri artıracaq".
Onun sözlərinə görə, artıq Putin hiss etməyə başlayıb ki, Ukrayna siyasəti, Krımın ilhaqı Rusiyanın çöküşünə qədər davam edə bilər: "Artıq hiss edirlər ki, sanksiyalar nəticəsində Rusiya ağır vəziyyətə düşə bilər və bu özünü Qazaxıstanda və Belarusda göstərə bilər. Başqa tərəfdən bu məsələdə dünya güc mərkəzləri, yəni Avropa Birliyi, eləcə də bu birliyə daxil olan assosiativ ölkələr maraqlıdır. Çünki Avropa ölkələri Ukraynadan ötrü zərrə qədər itkilərə məruz qalmaq istəmir. Eyni zamanda indiki şəraitdə Avropa Ukraynadan ötrü Rusiya qazından da imtina etmək istəmir. Ona görə ki, gələcəkdə Avropa ölkələrini enerji ilə təmin edəcək alternativ mənbələr hələ tapılmayıb. Bu zaman məsələsidir, ona görə də Qərb indiki şəraitdə bu prosesin hərbi münaqişəyə çevrilməsində maraqlı deyil. Çünki Avropa buna hazır kimi görünmür və özü bu gün parçalanmış vəziyyətdədir".
Siyasi ekspert Əli Orucov isə dedi ki, Moskvanın beynəlxalq siyasətdə ən çox istifadə etdiyi, ən sınanılmış və təsirli silahı enerji resurslarıdır. Onun fikrincə, Avropanın enerji istehlakının yarıdan çoxunu təmin edən rəsmi Moskva alternativ mənbələrə hər vəchlə mane olur və rəqabətə imkan vermək istəmir: "Doğrudur Avropa Şimal dənizindən, şimalı Afrikadan, xüsusən də Liviyadan, eləcə də ABŞ-dan (mayeləşdirilmiş) qaz) alternativ enerji ilə müəyyən qədər təmin olunur. Lakin illik tələb olunan təlabatı Rusiyasız təmin etmək mümkün deyil. Bunu yaxşı anlayan Kremlin payız-qış aylarında əks həmlə edəcəyi ehtimal olunandır. Ancaq "Qazprom"da sanksiyalara məruz qalan şirkətlər siyahasındadır. Bildiyiniz kimi həmin şirkət Rusiya qazının 80 faizinə nəzarət edir və Avropada qaz satışında da böyük payı var. Məncə, Avropa bəzi məsələlərdə Rusiya ilə məcburi anlaşmaya gedə bilər. Çünki bu sanksiyalar qarşılıqlı təsirə malikdir".
Belə olduğu halda "Nabukko" layihəsi yenidən gündəmə gələ bilərmi?
Qeyd edək ki, Rusiyanın "Nezavismaya qazeta" nəşri İranın neft nazirinin müavini Əli Mahjedinin İran qazının Avropa Birliyi ölkələrinə çatdırılmasının mümkünlüyü barədə açıqlamasının bu prosesdə ajiotaj yaratdığını bildirir: "Nabukko" qaz kəməri layihəsinin Ukrayna hadisələrindən sonra yenidən canlanması mümkünsüz görünür. Halbuki, bəzi Qərb KİV-ləri ABŞ-İran münasibətlərinin istiləşməsi fonunda Bakının "Nabukko"nu canlandırmaq niyyətində olduğunu iddia edirlər.
Nəşr Bakının Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi ilə bu problemi demək olar ki, həll etdiyini qeyd edir: "Belə ki, "Nabukko" kəməri Rusiyadan yan keçərək Türkmənistan, İraq, eləcə də Azərbaycan qazının Avropaya çatdırılmasını təmin edəcəkdi. Layihənin ilkin qiyməti 8 milyard dollar idi, sonradan isə bu rəqəm iki dəfə artdı. Qaz kəməri ildə 31 milyard kubmetr qazın nəqlinə imkan verəcəkdi. Lakin layihə 2013-cü ildə müflis oldu. Əvəzində Azərbaycanın "Şahdəniz" yatağındakı qazı Yunanıstan vasitəsilə İtaliyaya, oradan da Avropaya ötürəcək TAP-a üstünlük verildi. Buna paralel olaraq Bakı ilə Ankara TANAP-ı inşa etməyə razılaşdı".
Azərbaycan Neft Tədqiqatları Mərkəzinin rəhbəri İlham Şabanın fikrincə, "Nabukko" layihəsi artıq gündəlikdən çıxıb. Onun sözlərinə görə, İran tərəfinin iştirakı ilə bunun yenidən bərpası da mümkün deyil.
"Nezavismaya qazeta" qeyd edir ki, bütün bu layihələr Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasına hesablanıb. "Əgər fors-major vəziyyət yaranmayacaqsa, o halda Cənubi Avropa ölkələri 2018-ci ildə "Şahdəniz" qazını ala biləcəklər", - rus nəşri qeyd edir.
İlham Şaban hesab edir ki, Azərbaycan qazı Avropa bazarında Rusiyaya rəqib olmayacaq: "Biz Avropa Birliyinin qaz ehtiyacının 4 faizini ödəyə bilərik. Əgər Türkmənistan qazı olsa, bu daha çox təşkil edər. Lakin unutmaq lazım deyil ki, Türkmənistan Asiya bazarına da diqqət ayırır. Bu amillər göstərir ki, Avropa ən yaxşı halda 6-7 ilə Rusiya qazının təsirindən qurtara bilər".
Beynəlxalq reytinq agentliyi Fitch Ratings isə yayımladığı bir hesabatda Avropanın Rusiya qazına olan asılılığının ən az daha 10 il davam edəcəyini bildirib.
Avropa iqtisadiyyatının normallaşması ilə Rusiya qazına olan tələbin artacağının qeyd edildiyi hesabatda, tələbin mərhələli olaraq artmağa davam edəcəyi vurğulanıb.
Həmçinin hesabatda, Avurpa Birliyinə Rusiya xaricində digər ölkələrdən boru xətti ilə qaz nəqli ehtimalının zəif olduğu da qeyd edilib.

Əli