5 milyard manat xarici borcumuz var İqtisadiyyat

5 milyard manat xarici borcumuz var

Tural

Maliyyə Nazirliyinin məlumatına görə, 01 iyul 2014-cü il tarixinə Azərbaycanın xarici dövlət borcu 4,988 milyard manat, xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 8.5 faiz təşkil edir. Borc vəsaitlərinin 7.7%-i 10 ilə qədər, 62,0%-i 10 ildən 20 ilə qədər, 30.3%-i isə 20 ildən artıq olan müddətə cəlb olunub.
Xarici borc üzrə alınan kreditlərin valyuta tərkibi aşağıdakı kimidir: XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) - 10.8 faiz, ABŞ dolları - 60.6 faiz, avro - 24.3 faiz, yapon yeni - 2.3 faiz, İslam dinarı - 0.8 faiz, Səudiyyə rialı - 0.5 faiz, BƏƏ dirhəmi - 0.5 faiz, Küveyt dinarı - 0.2 faiz.
Əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avrova Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından cəlb edilmiş vəsaitlər iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və s. sahələrə sərf edilib. Həmçinin, cari ilin mart ayında ölkə tarixində ilk dəfə olaraq beynəlxalq valyuta bazarlarında uğurla yerləşdirilmiş xarici valyuta nominallı dövlət qiymətli kağızları vasitəsilə 1,250 milyon ABŞ dollarında vəsait cəlb edilmiş və bununla Azərbaycan dövlət borcunun uzunmüddətli (10 il) gəlirlik əyrisinin bünövrəsi qoyulmuşdur.