Azərbaycan qazının Bolqarıstana nəqli layihəsinin icrası sürətlənir İqtisadiyyat

Azərbaycan qazının Bolqarıstana nəqli layihəsinin icrası sürətlənir

Bu günə qədər Azərbaycan qazının Bolqarıstana tədarükünü təmin edən Yunanıstan-Bolqarıstan (IGB) konnektorunun 20 kilometrdən çox hissəsi qaynaq edilib.

ICGB AD layihə şirkətindən Trend-ə verilən məlumata görə, IGB layihəsi çərçivəsində podratçı üç növ qaynaq işini həyata keçirib - əl, avtomatik və hibrid.

Məlumatda deyilir ki, qaynaq işləri həm Yunanıstan, həm də Bolqarıstanda gecə-gündüz davam edir:

Qaynaqlanmış boru kəmərinin ümumi uzunluğu artıq 20 kilometrdir. Yaxın gələcəkdə avtomatik və hibrid qaynaq üçün əlavə qrupların gətiriləcəyini gözləyirik. İşçilərin sayının artması layihənin vaxtında başa çatmasını təmin etməlidir"

COVID-19 pandemiyasının səbəb olduğu məhdudiyyətlər səbəbindən layihə cədvəlində mümkün düzəlişlərə gəlincə, ciddi gecikmələr gözlənilmir:

"Vəziyyətin inkişafını yaxından izləyirik və bu günə qədər layihənin həyata keçirilməsində ciddi gecikmələrin olacağını təxmin etmək üçün heç bir əsas yoxdur. ICGB pandemiyanın səbəb olduğu gecikmələri kompensasiya etmək üçün müxtəlif variantları araşdıraraq, layihənin bütün podratçıları ilə daim əlaqədədir. Əvvəla hər kəsin həyatını və sağlamlığını qorumağa çalışırıq, buna görə işimiz bir çox hallarda vəziyyətin yaxın bir neçə ayda necə inkişaf edəcəyindən asılıdır - yeni səyahət məhdudiyyətlərinin olub-olmaması, əlavə karantin tədbirləri və sairə".

Qeyd edək ki, IGB layihəsi Yunanıstan və Bolqarıstanın qaz ötürmə sistemlərini birləşdirəcək qaz interkonnektorunun inşasını nəzərdə tutur. Kəmərin ümumi uzunluğu 182,6 kilometrdir. İGB-nin gücü ildə 3 milyard kubmetrdir və 5 milyard kubmetrə qədər genişlənə bilər.

Boru kəmərinin marşrutu yeddi əsas hissəyə bölünür, onlardan ən qısası 9.55, ən uzunu isə 71.90 kilometrdir.