20 milyardlıq büdcənin dərdləri… İqtisadiyyat

20 milyardlıq büdcənin dərdləri…

Azay Quliyev: "Samir müəllimdən xahiş etmək istəyirəm ki, QHT-lərə Dövlət Dəstəyi Şurasına ayrılan vəsait 10 milyona çatdırılsın"

İqbal Ağazadə: "Yaxşı olardı ki, Maliyyə Nazirliyi siyasi partiyalara ayrılan vəsaitlərin artırılması məsələsinə diqqət yetirsin"

Zahid Oruc: "Deputatlar 64 min manat həcmində sığortalanırlar, az qala ölməlyik ki, bu pulu bizə versinlər"

Milli Məclisin dünənki iclasında hökumətin 2015-ci ilin dövlət büdcəsini təqdim etməsindən sonra Hesablama Palatası büdcə layihəsi ilə bağlı rəyini açıqlayıb. Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib ki, təklif edilmiş büdcə layihəsi dövlət büdcə xərclərinin stabilləşdirilməsi, neft gəlirlərinin büdcə məqsədləri üçün istifadə olunan məbləğinin optimallaşdırılması dünya bazarlarının ölkə iqtisadiyyatına konyuktur təsirlərinin mərhələlərlə optimallaşdırılmasına imkan yaradacaq.
O bildirib ki, dövlətin məqsədyönlü siyasəti nəticəsində qeyri-neft sektorunun dominantlıq təşkil etməsi ilə bağlı iqtisadi modelə keçidi uğurla reallaşdırılacaq.
Hesablama Palatasının sədri qeyd edib ki, vergi daxil olmalarının yığım əmsalının artırılması ilə bağlı tədbirlər, qeyri-neft sektorunun gəlirlərinin müsbət dinamikasının qorunması 2015-ci ilin dövlət büdcəsində prioritet elan olunub.
"2015-ci ildə vergi gəlirləri cari illə müqayisədə 2.3, qeyri-vergi gəlirləri isə 8.2 faiz artıb. Hesab edirik ki, vergi inzibatçılığının gücləndirilməsi ilə bağlı tədbirlərin davam etdirilməsi həmin proqnozları özünü dorğuldacağına əminlik yaradır. Neft sektorundan dövlət büdcəsinə daxil olan vəsaitin məbləği azalacaq. 2015-ci ilin dövlət büdcəsi xərclərinin təqribən 33%-ni büdcə investisiyaları təşkil edəcək".
Daha sonra millət vəkilləri qanun layihəsi ətrafında müzakirələrə start veriblər. QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev xarici donorlar məsələsini gündəmə gətirib. Onun fikrincə, xarici donorlardan asılılığa son qoyulmasının vaxtı çatıb: "Biz QHT-lərlə bağlı qanunvericilik sahəsində bir sıra dəyişiklik etdik. Bu, zəruridir. QHT büdcəsinin 35 faizini xarici donorların ayırdığı maliyyə vəsaitləri təşkil edir. Bu da 23 milyon 500 min manat civarındadır. Düşünürəm ki, donorların bir çoxunun fəaliyyəti şəffaf deyil.
Burada bizim milli təhlükəsizlik məsələlərimiz də təhdid olunur. Vaxtı çatıb, Azərbaycan hökuməti xaricdən daxil olan donorlardan asılılığı azaltmaq üçün mühüm işlər görməlidir. Bu il QHT-lərə Dövlət Dəstəyi Şurasının da büdcəsi artıb. Bu məbləğ indi 6 milyon manatdır. 23,5 milyon manat da xaricdən gəlir. Bunun 1 milyon 400 min manata qədəri katibliyin və şuranın saxlanılmasına sərf olunur. Müsabiqə üçün qalan 4,6 milyon manat azlıq edir. Samir müəllimdən xahiş etmək istəyirəm ki, bu rəqəm 10 milyona çatdırılsın".
Spiker Oqtay Əsədov da Azay Quliyevin QHT ilə bağlı təklifinə dəstək verib. O qeyd edib ki, son zamanlar QHT-lərin fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı bir sıra qanunlar qəbul edilib. Spiker maliyyə naziri Samir Şərifova müraciətlə deyib:
"Doğrudan da QHT bazarında boşluq var. Düzdür, bəzi nazirliklər QHT-lərlə bağlı layihələrlə müəyyən vəsaitlər ayırırlar. Amma bunlar azdır. Hesab edirəm ki, Maliyyə Nazirliyi QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyəsinə bir daha baxmalıdır".
Deputat İqbal Ağazadə deyib ki, ipoteka kreditlərinin maksimum məbləği 50 min manatdır. Bakıda isə 50 min manata mənzil tapmaq mümkün deyil. O bildirib ki, ipoteka faizləri də nəzərə alınmalıdır: "Onsuz da bu kreditlərin faizlərindən müvəkkil banklardan başqa heç kim xeyir götürmür. Bunun əvəzinə gənclər şəhərciyi tikmək daha optimal addım olar. Gənclər aylıq 160 manat ödəməklə 25 il ərzində həmin mənzilə sahib ola bilərlər. Gələcək dövlət büdcəsinə bunun layihə formasında əlavə olunması gənclərin ev problemini həll edə bilər. Çox aşağı ödənişlərlə vətəndaşlar ev sahibi ola bilərlər".
Deputat onu da qeyd edib ki, Azərbaycanda əhalinin 80 faizi banklardan kredit götürüb:
"Banklar isə fantastik faizlərlə əhaliyə kreditlər verirlər. Mərkəzi Bank banklara dövlətin pulunu 3 faizlə kredit verir, ancaq nədənsə banklar əhaliyə yüksək faizlə kreditlər verirlər. 24 faizlə inflyasiyanın yüksək olduğu Türkiyə də belə kreditlər verilmir. Banklar elə ilk aylardan ana borcu geri alırlar. Görün, indi faizlər nə qədər yüksəkdir".
Deputat siyasi partiyalara ayrılan vəsaitin azlığından da gileylənib: "Siyasi partiyalara az pul ayrılır. Hətta KİVDF-yə, QHT-lərə dövlət büdcəsindən vəsaitlərin ayrılmasında artımlar nəzərdə tutulur, amma siyasi partiyalara yox. Halbuki siyasi partiyalar seçki proseslərində, dövlətin qurulmasında iştirak edirlər. Ona görə yaxşı olardı ki, Maliyyə Nazirliyi də siyasi partiyalara ayrılan vəsaitlərin artırılması məsələsinə diqqət yetirsin".
Deputat Rafael Cəbrayılov isə diqqəti kənd təsərrüfatının inkişafı üçün vacib addımlara yönəltdi: "Kənd təsərrüfatı məhsulları istehsalının ağırlıq mərkəzi dağınıq formada kənd fermərlərinin üzərinə düşməsi məqsəduyğun deyil".
O bildirib ki, kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələr yaradılmalıdır.
Onun sözlərinə görə, "Kooperasiya haqqında qanun" qəbul olunmalıdır.
Deputat vergidən yayınma hallarının qarşısını almaq üçün hökuməti addımlar atmağa da çağırıb.
Millət vəkili müəllimlərin mənzillə təmin olunması təklifi ilə çıxış edib.
O həmçinin vergidən yayınma halları ilə bağlı danışaraq buna son qoyulmasının vacibliyini vurğulayıb. Millət vəkili söyləyib ki, son illər kirayə verilən evlərlə bağlı məsələ çiçəklənmə dövrünü yaşayır: "Bu sahə son illər inkişaf etsə də, kirayə ev verənlərin vergi verməsinin şahidi olmuruq".
O, qeyd edib ki, vergidən yayınma halları restoran, şadlıq evləri sahibləri və şou-biznes nümayəndələri arasında da var: "Onların gəlirləri ilə ödədikləri vergi arasında fərq çox böyükdür. Artıq Azərbaycanda da vergidən yayınma hallarına son qoymağın vaxtı çatıb".
Millət vəkili Zahid təhsil sahəsində olan problemlərə toxunub: "Yeni nazir təhsil sahəsində islahatlar aparmağa çalışır. Lakin təəssüflər olsun ki, müəllimlərin əmək haqları, sosial durumları yaxşılaşmayıb. Təklif edirəm ki, TQDK-ya müəllim biliyinin müəyyənləşdirilməsi səlahiyyəti verilsin Amma bu könüllülük prinsipinə əsaslanmalıdır. Bundan sonra 180 min müəllimi attestasiya etməklə onlarla bağlı "peşəkardır, qeyri-peşəkardır" kimi tərəddüdə düşməyəcəyik".
Deputat dövlət qulluğuna qəbulla bağlı yaranan problemlərdən də danışıb: "Dövlət qulluğunda qohumluq, yaxınlıq, tanışlıq məsələsi keçməməlidir. Azərbaycan universitetləri dövlət qulluğu üçün kadrları yetişdirə bilər. 7 ildə 45 min nəfər dövlət qulluğu imtahanlarından keçib. Onlardan 4 mini dövlət qulluqçusu olub. Yerdə qalanları isə dövlət qulluğuna layiq görülməyib. Bu isə universitetlərin öz işinə olan münasibətin göstəricisidir. İnanmıram ki, universitetlər dövlət qulluğu üçün kadrlar yetişdirə bilməsin. Dövlət qulluğu sisteminin özündə ciddi problemlər var. Hökumətə təklif edirəm ki, həmin qurum ləğv edilsin. Qanunvericiliklə möhkəmləndirilən yeni bir sistem formalaşdırmaq lazımdır Bu halda dövlət qulluğuna keçid mərhələsi ilə bağlı həmin qurum daha effektiv işləyəcək, şəxsi ikinci mərhələdən şikəst etməklə məşğul olmayacaq"
Zahid Oruc kreditlərdən də şikayətlənib: "Problemli kreditlərin sayı artmaqdadır. Kredit siyasəti vətəndaşı müflis edir.Hökumət kredit siyasətini dəyişməlidir. Dövlət qulluqçularının məcburi sığortasına keçmək lazımdır.Deputatlar 64 min manat həcmində sığortalanırlar. Az qala ölməlyik ki, bu pulu bizə versinlər. Bir də Təklif edirəm ki, Silahlı Qüvvələrə Yardım fondunun adı dəyişdirilib Qarabağa Yardım Fondu adlandırılsın".
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə deputat Zahid Oruca zarafatla " Nə edirsiniz edin, amma ölməyə tələsməyin"-deyib.