Neftin qiyməti gün-gündən düşür İqtisadiyyat

Neftin qiyməti gün-gündən düşür

Azərbaycanda hasil edilən "qara qızılın" maya dəyəri onun rentabelli istehsalına imkan verirmi?

Cavid

Dünya bazarlarında neftin kəskin ucuzlaşması davam edir. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində Texas nefti (WTI) neftinin qiyməti sonuncu hərraclarda (dünən Bakı vaxtı ilə saat 13:00 üçün olan məlumata görə) 1 barelə görə 47,01 dollar təşkil edib.
London birjasında isə Brent markalı neftin 1 barelinin dəyəri 49,94 dollara enib.
"Reuters" agentliyi xəbər verir ki, "qara qızıl"ın kəskin ucuzlaşmasına əsas səbəb dünya iqtisadiyyatının artım tempinin aşağı düşməsidir. Bununla yanaşı, agentliyin analitikləri hesab edir ki, neftin ucuzlaşması yaxın perspektivdə davam edəcək.
Analitiklərin fikirləri ilə əksər aparıcı qərb investisiya bankları da razıdır. Yaponiya Mərkəzi Bankının İdarə Heyətinin keçmiş üzvü Nobuyuki Nakahara isə hesab edir ki, neftin qiyməti gələcəkdə 20 dollara qədər enə bilər: "Son illər neftin 1 barrelinin qiyməti 100 dollar olub. BU, anormal göstəricidir. Çünki enerji resurslarının qiymətinin yüksək olması dünya iqtisadiyyatının artım tempinə mənfi təsir edir. Neftin qiyməti 20 dollara qədər enərsə, təəccüblənmərəm. Bu, tələb və təkliflə əlaqəli olan məsələdir".

Bu, 6 il əvvəl neftin satış qiymətlərinə bərabər bir dəyərdir. Son 6 ayda neft 56% ucuzlaşıb. Ancaq belə görünür ki, neft ucuzlaşmaqda hələ davam edə bilər və neft çəlləyinin "qaranlıq dibi" görünmür ki, görünmür. Bəs neftin belə ucuzlaşması fonunda Azərbaycanda hasil edilən "qara qızılın" maya dəyəri onun rentabelli istehsalına imkan verirmi?
Neft Araşdırmaları Mərkəzinin rəhbəri, ekspert İlham Şabanın sözlərinə görə, Azərbaycanda BP-Azərbaycan və SOCAR kimi 2 böyük hasilatçı var: "Azərbaycanın ixracatının 86%-ni neft təşkil edir, ancaq onun təqribən 82%-i "BP-Azərbaycan" şirkətinin payına düşür. Bu baxımdan da geniş auditoriyanı hədəf kimi "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarından hasil edilən neftin dünya bazarlarına çıxarılması maraqlandırır. AÇG-dən hasil edilən neftin Ceyhan limanına gətirilmə xərcləri ümumilikdə hər barel üçün 12-12,5 dollar təşkil edir. Əgər alıcıya çatdırılma müqavilələri üzrə yerinə yetirilirsə, onda xərclər 15 dollar və məsafədən asılı olaraq bir qədər artıq olur. Ona görə də bu baxımdan neftin qiymətinin hətta 20 dollara düşməsi belə Azərbaycanın əsas neft ixracatçısının ziyanla işləməsinə gətirib çıxara bilməz, ancaq bir məsələ də var ki, bu zaman ortada mənfəət də olmur: qazanılan vəsait demək olar ki, xərclərin ödənilməsinə və bir sıra zəruri kapital qoyuluşlarına sərf edilir".
O ki, qaldı Azərbaycan Dövlət Neft Şirkətinin hasil etdiyi neftin maya dəyərinə, İlham Şaban bildirdi ki, SOCAR-ın sonuncu hesabatında 1 ton neftin maya dəyərinin 98 manat olduğu göstərilib. 2013-cü ilin yekunlarına görə 1 ton neftin istehsal maya dәyәri 98,31 manat tәşkil etmiş vә 2012-ci ilin müvafiq dövrü ilә müqayisәdә 10,84 manat vә ya 12,4% artmışdır. Faktiki olaraq son 3 ildə SOCAR-da neftin maya dəyəri hər il orta hesabla 11-12% ətrafında artıb:
"SOCAR neftinin maya dəyərinin artmasının obyektiv səbəbləri var: əvvəla şirkətin yataqlarının böyük əksəriyyəti "qoca" yataqlardır, onlardan hasil edilən neft ildən ilə daha çox vəsait tələb edir. İkincisi, son 2 ildə SOCAR hasilatın stabilləşdirilməsi yönümündə proqram tərtib etmiş və dənizdəki iri yataqlarında 200-dək quyunun qazılması yönümündə işlərə başlamışdır. Bu artıq bəhrəsini ötən ilin göstəricilərində verdi. "Azneft" hasilatın yüksəlməsi yönümündə real nəticələrə nail oldu. Quyuların qazılması isə dəniz şəraitində əlavə xərcdir ki, neftin maya dəyərinə təsir edir. Baxmayaraq ki, şirkət 2 ildir ştat cədvəlində xeyli azalmaya nail olub. Bu hesabla 2014-cü ildə də həmin rəqəmi götürsək, onda 2015-ci ilin əvvəlinə Dövlət Neft Şirkətinin çıxardığı 1 ton neftin maya dəyəri 110,10 manat və ya 1 bareli üçün təqribən 19,5 dollardır. Ancaq SOCAR öz neftini dünya bazarlarına Bakı-Novorossiysk kəməri ilə çıxarır. Bakıdan Novorossiyskə qədər tranzit xərci və tankerlərə doldurma əməliyyat xərclərini də nəzərə almaq lazımdır. Bir faktı da qeyd edək ki, SOCAR artıq uzun müddətdir ki, portlarda neft satmır, özü istifadəçilərə tankerlərlə xammalı çatdırır. Belə olan halda təqribən bütün xərclər 1 barel üçün 25 dollara başa gəlir. Burada bir faktı nəzərdən qaçırmaq lazım deyil ki, Novorossiyskdən satılan neft (Urals) adətən Brent markalı neftdən bəzən 1 dollardan da uçuz olur".
Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu neftin qiymətinin kəskin ucuzlaşması fonunda proseslərin hansı istiqamətdə inkişaf edəcəyinə dair açıqlama verərkən qeyd edib ki, bütün dünyada neftin rolu və təsiri sürətlə azalmaqdadır: "Lakin səbəbi məlum deyil. Belə bir sual ortaya çıxır ki, səbəb neftin önəminin gündəmdən düşməsidir, yoxsa neftin ucuzlaşması? Yüksək ehtimalla bu paralel bir prosesdir. Belə olan halda əvvəlki neft və sabitlik xətrinə verilən beynəlxalq dəstək, bu dəfə olmayacaq."
ARDNŞ-nin vitse-prezidenti Süleyman Qasımov isə bildirib ki, neftin qiymətinin dünya bazarında enib-qalxması ARDNŞ-ə ciddi təsir etmir.
O bildirib ki, şirkət istehsalatın əksəriyyətini daxili bazara yönəldib: "Neftin 1 barrel üçün nəzərdə tutulan 90 dollarlıq qiymətinin 60 dollara qədər düşməsi, şirkətin gəlirlərində təxminən 400 milyon manata qədər fərq yarada bilər. Bu böyük bir fərq olsa da, qorxulu göstərici deyil. "Azəri-Çıraq-Günəşli"dən əldə olunan gəlirlər azala bilər. Ancaq xərclərimizi azaltmağa çalışırıq və bu bizə neftin qiymətinin aşağı düşməsi zamanı ola biləcək maddi itkilərdən sığortalayır".
Dövlət Neft Şirkətinin rəsmisi əlavə edib ki, ARDNŞ böyük layihələr həyata keçirir və neftin qiymətindəki gəlirlər bu layihələrə təsir etməyəcək:
"Həmin layihələr Dövlət Neft Fondunun mövcud ehtiyatları əsasında, müvafiq illərə bölünərək maliyyələşdirilir. Buna görə də, böyük layihələrin dayandırılması nəzərdə tutulmur", - deyə ARDNŞ rəsmisi bildirib.