Kralın ölümü, neftin ucuzlaşması... İqtisadiyyat

Kralın ölümü, neftin ucuzlaşması...

Xalid al-falih: "İstehlakçılar uzunmüddətli perspektivdə qiymətlərin aşağı olmasından əziyyət çəkməyə başlayacaqlar"
Cavid
Neftin qiyməti ucuzlaşmaqdadır. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,78 dollar azalaraq 45,45 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,65 dollar enərək 48,95 dollar olub. BVF neft qiymətlərinin düşməsi fonunda region ölkələrindəki iqtisadi porseslərin proqnozunu yeniləyib. Bəzi ekspertlərin fikrincə, dünya bazarında neftin qiyməti Səudiyyə Ərəbistanı Kralının ölüm xəbərinin yayılmasından sonra artıb. Birjada bu artımın 2 % olduğu göstərilir.
O da bildirilir ki, dünya bazarında neftin aşağı qimətləri Səudiyə Ərəbistanını da narahat etməyə başlayıb. Qeyd edək ki, bəzi ölkələr neftin məhz Səudiyyə Ərəbistanı tərəfindən süni surətdə ucuzlaşdırıldığın bildirirlər. İndi isə qiymətlərin ucuzluğundan bu ölkənin rəsmiləri də şikayətlənir: "Neftin dünya qiymətləri həddən artıq azalıb". Rusiya mətbuatı xəbər verir ki, Səudiyyə Ərəbistanının "Saudi Aramco" dövlət enerji şirkətinin prezidenti Xalid al-falih belə deyib. O həmçinin vurğulayıb ki, OPEK-in iradəsinə baxmayaraq qiymətlər bazarın təsiri altında arta bilər: "Bizim hamınız üçün hazırki qiymətlər çox aşağıdır. Düşünürəm ki, hətta istehlakçılar uzunmüddətli perspektivdə qiymətlərin aşağı olmasından əziyyət çəkməyə başlayacaqlar".
"Saudi Aramco" neft hasilatının və ixracının həcminə görə dünyada ən böyük neft şirkəti sayılır. Dünyada aparıcı neft ixracatçısı olan Səudiyyə Ərəbistanı isə OPEK üzrə ən iri yanacaq istehsalçısıdır.
Onu da bildirək ki, ABŞ Prezidenti Barak Obama Səudiyyə Ərəbistanına səfəri çərçivəsində kral Salman bin Əbdüləziz ilə görüşüb və Yəməndəki böhranlı vəziyyəti, terrorizmlə mübarizə və neft bazarındakı prosesləri müzakirə ediblər.
Neftin hazırki qiyməti mövzusuna toxunulmadığını vurğulayan Ağ Ev rəsmilərinin sözlərinə görə, fikir mübadiləsi ancaq "qara qızıl" bazarında "sabitlik" məsələləri ətrafında aparılıb.
Kral Salman bin Əbdüləziz bildirib ki, Səudiyyə Ərəbistanı bundan sonra da qlobal neft bazarındaki lider dövlət mövqeyini qoruyub saxlamaq niyyətindədir.
Qeyd edək ki, ABŞ-ın keçmiş dövlət katibləri Ceyms Beyker və Kondoliza Rays, eləcə də milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşavirlər Brent Skoukroft və Stiven Hedli də Birləşmiş Ştatların nümayəndə heyətinə daxil edilib.
Doğrudur, yeni kral dərhal elan etdi ki, Səudiyyə Ərəbistanı neftə dair siyasətini dəyişməyəcək, yəni qiymətlərin ucuzlaşmasına baxmayaraq hasilatı azaltmayacaq və nəticədə neftin qiymətindəki nisbi yüksəliş müvəqqəti xarakter daşıdı.
Bununla belə, Səudiyyə Ərəbistanında verilən qərarlar və baş verən mühüm hadisələr həmişə neftin qiymətlərinə təsir edən ən ciddi amillərdən biridir.
Bunu nəzərə alan lenta.ru portalı Səudiyyə Ərəbistanı dövlətinin bütün tarixi boyu neftin qiymətlərində baş verən dəyişikliklərin maraqlı təhlilini hazırlayıb.
Bəs Səudiyyə sülaləsinin müxtəlif krallarının hakimiyyətləri dövründə neftin qiyməti necə dəyişib?
İndiki Səudiyyə Ərəbistanı krallığı isə 1932-ci ildə yaranıb. Onu Səudiyyə sülaləsinin o vaxtkı rəhbəri Əbdül Əziz əl-Səud yaradıb. O, uzun çəkən müharibədən sonra Nec və Hicaz dövlətlərini birləşdirərək özünü Səudiyyə Ərəbistanı krallığının monarxı elan etdi.
Tezliklə II dünya müharibəsi başladı. Mexanikləşdirilmiş hərbi texnikadan kütləvi istifadə böyük həcmdə yanacaq tələb edirdi. Neftə olan tələbat daim artırdı. O vaxtlar Ərəbistan yarımadası ərazisində sənaye üsulu ilə neft hasil edilmirdi. 1933-cü ildə kral İbn Səud Amerikanın neft şirkətlərinə ölkə ərazisində neft yataqlarının kəşfiyyatı və hasilatı üçün icazə verdi.
Artıq 1938-ci ilin martında Səudiyyə Ərəbistanında nəhəng həcmdə neft ehtiyatları kəşf olunmuşdu. Ancaq bu ehtiyatların hasilatına müharibənin başa çatmasından sonra - 1946-cı ildə başlamaq mümkün oldu. Hasilatı Britaniya və Hollandiya kapitalına malik şirkətlər həyata keçirirdi. 1949-cu ildə isə krallıqda neft sənayesi formalaşdı.
O vaxta əsas gəlir mənbəyi müsəlmanların Həcc ziyarəti olan gənc dövlət əsl qızıl balıq əldə etmişdi. Kral əsas neft yataqlarının hasilatı hüququnu Amerikanın "Standard Oil of California" şirkəti ilə birgə təsis edilmiş "Aramko" şirkətinə verdi. Hasil olunan neftin böyük hissəsi ABŞ-a gedirdi, gəlirin demək olar ki, hamısı birbaşa kral ailəsinin cibinə axırdı.
Səudilər sülaləsi dünyada ən varlı sülaləyə çevrildi. Kral Əbdül Əziz öləndə onun sərvəti 200 milyon dollara yaxın idi. O vaxt neftin bir barreli cəmi 2 dollara satılırdı. Kral 1953-cü ildə, Stalinlə eyni ildə öldü.
Ehtimal var ki, Fəhdin qərarı daha çox OPEC-dəki yoldaşları, o cümlədən neftin maya dəyərinin daha yüksək olduğu digər rəqibləri cəzalandırmağa yönəlmişdi. Bu plan işlədi. Hər şeydən əvvəl ABŞ-da neft sənayesi güclü zərbə aldı. İstər bu, istərsə də digər səbəbdən olsun, ancaq 1986-cı ildə dünya birjalarında neftin qiyməti iki dəfədən çox ucuzlaşdı və bir barrel üçün təxminən 11 dollar səviyyəsinə endi. 12 ildən çox idi ki, neft belə ucuz satılmırdı.
Reallıqda isə ucuzlaşma daha güclü idi. Çünki indinin pulu ilə 100 dollar 1981-ci ilin 30 dollarına bərabər sayılır.
Kral Fəhdin hakimiyyətinin çox hissəsi beləcə ucuz neft dövründə keçdi. Yalnız bir dəfə - 1991-ci ildə İraqdakı müharibə zamanı neft yenidən bahalaşaraq 45 dollar oldu (indiki qiymətlərlə 60 dollar). Tezliklə qiymətlər yenə endi və 1990-cı illərin sonlarına qədər nisbətən aşağı səviyyədə qaldı. 1998-ci ilin Asiya iqtisadi böhranı dövründə isə lap dibə endi.
Buna baxmayaraq səudiyyəlilər ucuz neftlə də varlanırdılar. Onlarda neftin maya dəyəri o qədər cüzi idi ki, aşağı qiymətlərə baxmayaraq yaxşı gəlir götürmək olurdu.
Bundan əlavə, məhz kral Fəhdin hakimiyyəti dövründə Səudiyyə Ərəbistanı misli görünməmiş iqtisadi sıçrayış əldə etdi. 80-90-cı illərdə bu dövlət bədəvilər ölkəsindən ərəb dünyasının qlamur vitrininə çevrildi. İnfrastruktura yüz milyardlarla dollar yatırıldı. Fəhdin dövründə hətta iqtisadiyyatı diversifikasiya etmək cəhdləri göstərildi. Yeri gəlmişkən, bu cəhdlər o qədər də uğur gətirmədi.
Kral Fəhd 2005-ci ildə 85 yaşında vəfat etdi. Faktiki olaraq həmin vaxta qədər ölkəni bir neçə il ərzində onun kiçik qardaşı Abdulla idarə edirdi. Elə tacı da o miras aldı. Həmin vaxtlar neft bazarında qiymətlər kardinal şəkildə dəyişmişdi. 1990-cı ilin sonlarına doğru meydana yeni iri istehlakçılar - Çin başda olmaqla inkişaf etməkdə olan ölkələr çıxdı.
Və 1999-cu ildən başlayaraq qiymətlər irəli tərpəndi. O vaxt tələbatın artması ilə yanaşı təklif də azalırdı. Meksika, Böyük Britaniya, Norveç kimi ölkələrin ehtiyatları tükənirdi. Rusiya hasilatı artırdı, ancaq hasil etdiyi neft yeni sənaye nəhənglərinin tələbatını ödəyə bilmirdi.
2005-ci ilin əvvəllərinə doğru neftin qiyməti 50 dollar həddini keçdi, 2008-ci ilin yayında isə 148 dollara "uçdu".
Səudiyyə Ərəbistanı bu cür yüksək qiymətləri saxlamaq üçün xüsusi səy göstərmirdi. Yataqlardan nefti tam gücü ilə olmasa da buna yaxın səviyyədə hasil edirdilər. Neft hasilatı pik həddinə çatdı və Körfəz ölkələri öz büdcələrini neftin qiymətini 90-100 dollardan götürməklə tərtib etməyə başladılar. Ancaq səudiyyəlilər bazara əlavə təsir rıçaqlarını saxlamaq üçün qənaət etməyə qərar verdilər.
Onlar bu imkanlarından bizim gözlərimiz qarşısında - 2014-cü ildə də istifadə etdilər. Yarım il ərzində neftin qiymətləri düz 1986-cı ildə olduğu kimi yarıbayarı azaldı. Ən maraqlısı odur ki, səudiyyəlilərin motivləri də oxşardır: hər şeydən göründüyü kimi, onlar yenə də rəqibləri bazardan vurub çıxarmaq istəyirlər. İlk növbədə ötən 10 ildə şist nefti hasilatını artıran amerikalıları.
Ər-Riyad kompromissiz olaraq bildirdi ki, nə qədər istəsə, o qədər neft hasil edəcək, qiymətlər isə ümumiyyətlə onu maraqlandırmır.
Hesablama onadır ki, rəqib ölkələrin sənayesi bu şoka davam gətirməyəcək və Səudiyyə Ərəbistanı neft bazarında hegemonluğunu bərpa edəcək. Əlbəttə, neft gec-tez yenə bahalaşacaq, ancaq ABŞ və Kanadada neft hasilatını yenidən bərpa etmək üçün xeyli vaxt və kapital tələb olunacaq.
İqtisadçı ekspert Vüqar Bayramov Səudiyyə Ərəbistanının neftin qiymətini aşağı saxlaması fonunda güddüyü iqtisadi maraqları şərh edərkən deyib ki, neftin qiymətinin aşağı düşməsi praktik olaraq iki səbəbdən qaynaqlanır: Siyasi və iqtisadi.
İqtisadçının sözlərinə görə, bu gün Səudiyyə Ərəbistanı neftin qiymətinin azalmasına olan köməyini geosiyasi səbəblərlə deyil, sırf iqtisadi səbəblərlə bağlayır: "Bunun iqtisadi tərəfi ondan ibarətdir ki, Səudiyyə Ərəbistanı ABŞ kimi bazarını itirməkdən ciddi şəkildə ehtiyatlanır. ABŞ bu ölkə üçü ən böyük bazardır. Nəzərə alsaq ki, ABŞ ötən müddətdə birmənalı şəkildə öz idxalını şaxələndirə bilib. Bu da öz növbəsində ABŞ-a imkan verir ki, daxili bazarındakı aktyorlara (neft idxal etdiyi ölkələrə) təsir göstərə bilsin. Ölkənin aylıq istehlakı 600 milyon barreldir və bunun 300 milyonu yerli istehsal hesabına, digər 300 milyonu isə idxal hesabına ödənilir. Hazırda heç bir ölkənin məhz ABŞ-ın idxalında 20 faizə çatan payı yoxdur. Ən çox paya Kanada (17 faiz), ikinci böyük paya isə Səudiyyə Ərəbistanı (12 faiz) malikdir. Buna görə də iqtisadi baxımdan ABŞ praktik olaraq bir idxalçını çıxartmaq və digərlərindən sadəcə 1 faiz artırmaqla idxalı bütövlükdə stabil saxlamaq imkanına malikdir. Bu, ABŞ-a ixracatçı ölkələrə, o cümlədən də iqtisadi tərəfdən Səudiyyə Ərəbistanına təsir göstərməyə imkan verir".
Vüqar Bayramov bildirib ki, bu gün Səudiyyə Ərəbistanının neftin qiymətini bilərəkdən aşağı saxlamasının arxasında çox ciddi məqamlar dayanır: "Yəni əgər neftin dünya bazarındakı qiyməti yüksək olarsa, ənənəvi neftə olan tələbat azalar və praktik olaraq həmin bazarı ABŞ-ın şist neft bazarı tuta bilər. Qeyd edim ki, ABŞ hazırda şist (Slans) neftinin istehsalını artırmağı planlaşdırır. Məhz bu səbəbdən də Səudiyyə Ərəbistanı neftin qiymətinin yüksəlməsində heç maraqlı deyil. Başqa bir mühüm məqam isə sözsüz ki, tələbatın azalması ilə bağlıdır. Ancaq reallıq ondan ibarətdir ki, bu gün neftin dünya bazarındakı qiymətinin aşağı düşməsində yalnız iqtisadi deyil, siyasi səbəblər də öz rolunu oynamaqdadır".