“Ermənilər Türkiyə üçün böyük bir təhlükəyə çevriliblər” Müsahibə

“Ermənilər Türkiyə üçün böyük bir təhlükəyə çevriliblər”

Göksəl Gülbəy: "Terror təşkilatı PKK-nın cənub şərqdə həyata keçirdiyi aksiyalar və terraktlardan da bunu aydın gömrək olur"

Son vaxtlar Azərbaycanla Türkiyə arasında müxtəlif sahələrdə əməkdaşlığın yeni konturları, istiqamətləri müəyyənləşməkdədir. Dövlət başçıları səviyyəsində ortaya qoyulan siyasi iradə və məqsədyönlü fəaliyyət vətəndaş cəmiyyəti institutları tərəfindən də davam etdirilir. Elə bir müddət əvvəl hər iki ölkənin qeyri-hökumət təşkilatlarının təşəbbüsü ilə təsis edilən Terrora, İşğala və Soyqırıma qarşı Beynəlxalq Forumu da bina örnək göstərmək olar. Əvvəlcə bir neçə ölkə QHT-nin təşəbbüsü ilə yaradılan forum artıq öz ətrafında 12 ölkədən 100-dən artıq vətəndaş cəmiyyəti təsisatını birləşdirir. Terrora, İşğala və Soyqırıma qarşı Beynəlxalq Forumun qarşıdakı fəaliyyət istiqamətləri, məqsəd və vəzifələri və digər məsələlərlə bağlı məlumat almaq üçün qurumun Türkiyədən olan təmsilçisi, Əsassız Erməni İddialarına qarşı Mücadilə Dərnəyinin (ASİMDER) sədri Göksəl Gülbəylə söhbətləşdik. "Olaylar"-a verdiyi müsahibədə Göksəl Gülbəy Terrora, İşğala və Soyqırıma qarşı Beynəlxalq Forumunun 31 mart-Azərbaycanlıların Soyqırım Günü, eləcə də 24 aprel qondarma erməni soyqırımının ildönümü ərəfəsində görəcəyi işlər və keçirəcəyi tədbirlər barədə də məlumat verib.
-Göksəl bəy, bir müddət əvvəl yaradılan Terrora, İşğala və Soyqırıma qarşı Beynəlxalq Forumda fəaliyyətlər hansı mərhələdədir və qarşıdakı hədəflər nələrdi?
-Yeni qurduğumuz Forumun Bakıdakı ilk toplantısını keçirərkən təşkilatın adının İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forum olması barədə qərar qəbul edildi. Daha sonra ikinci toplantımızı İzmirdə keçirdik. İzmir toplantısından sonra qəbul etdiyimiz qərar əsasında təşkilatın adında dəyişiklik edilməsi məqsədəuyğun hesab edildi. Beləliklə təşkilatın adının Terrora, İşğala və Soyqırıma qarşı Beynəlxalq Forum (TİSKAF) olması qərarlaşdırıldı. Hazırkı mərhələdə Terrora, İşğala və Soyqırıma qarşı Beynəlxalq Forumun nizamnaməsi hazırlanır. Məlumat üçün qeyd edim ki, forumun Bakıda keçirdiyi toplantıya 3 ölkə-Türkiyə, Azərbaycan və Gürcüstandan 60 təşkilat qatılmışdı. İzmirdə keçirdiyimiz ikinci toplantıya isə qatılan ölkələrin sayı artdı və 8 ölkədən-Türkiyə, Azərbaycan, Gürcüstan, İran, Tatarıstan, Bolqarıstan, Əfqanıstan və Qazaxıstandan 80-ə yaxın təşkilat qatıldı. Terrora, İşğala və Soyqırıma qarşı Beynəlxalq Forum (TİSKAF) qarşıdakı aprel ayının sonunda Gürcüstanın paytaxtı Tbilisi və ya İranın Təbriz şəhərində bir araya gəlmə qərarı verib. Həmin toplantıda 1915-ci il, qondarma erməni soyqırımı və Qarabağ işğalı ilə bağlı yeni fəaliyyət proqramının hazırlanması məsələsi müzakirə ediləcək. Eyni zamanda foruma yeni qatılacaq ölkələrin-Ukrayna, Moldova və Rumıniyadan olan təşkilatların foruma qəbul edilməsi məsələsinə baxılacaq.
- Terrora, İşğala və Soyqırıma qarşı Beynəlxalq Forum hansı məqsədi qarşısına qoyub və bu qarşısına qoyduğu hədəflərə çata biləcəkmi?
-Forumumuz ilkin mərhələdə 1915-ci il qondarma erməni soyqırımı, Qarabağ, Abxaziya və Osetiyanın işgalları ilə bağlı məsələlər ətrafında fəaliyyətləri qarşıya mə qsəd qoyub. İlkin mərhələdə foruma qatılan ölkələrdə təşkilatın rəsmi nümayəndəliklərini quraraq həmin ölkələrdəki təşkilatları foruma üzv qəbul edəcəyik. Bundan sonra isə yuxarıda qeyd etdiyim məqsədlər üçün fəaliyyətlərə başlayacağıq.
-Belə bir forumun yaradılması erməni diasporasında hansısa narahatlıqlara yol açıbmı?
-Erməni lobbisi bu günə qədər təşkilatların təklikdə və yalnız şəkildəki fəaliyyətlərindən o qədər də narahatçılıq keçirmirdi. Sadəcə həmin fəaliyyətlərə qarşı bəlli ölkələrdən müntəzəm olaraq təpki göstərilirdi. Bizim yaratdığımız forum isə 12 ölkəyədən 100-ə yaxın təşkilatı özündə birləşdirən bir qurumdur. Bu təşkilatların eyni tarix və zamanda olduqları ölkə və ya şəhərdə ortaya qoyduqları eyni fəaliyyət və mətbuat açıqlaması 100 səsin ortaya çıxması deməkdir. Heç şübhəsiz ki, bu da erməni lobbisini ciddi narahat edir.
-Forum 31-Azərbaycanlıların Soyqırım Günü və 24 aprel qondarma erməni soyqırımının ildönümü ilə bağlı hansısa toplantılar keçirmək, tədbirlər təşkil etməyi düşünürmü?
- 31 Mart-Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar olaraq Forumumuzun üzv təşkilatların hamısının mənsub olduqları ölkə və şəhərlərdə müəyyən fəaliyyətlərdə olmaq, yaxud mətbuat üçün açıqlamalar vermək nəzərdə tutulur. 24 aprel qondarma erməni soyqırımının ildönümü ərəfəsində isə ya Gürcüstanın paytaxtı Tbilisidə, ya da İranın Təbriz şəhərində foruma üzv bütün ölkələrin qeyri-hökumət təşkilatlarının bir araya gəlib açıqlama verməsi, erməni yalanlarının qınanması nəzərdə tutulur. Həmçinin foruma üzv olan 12 ölkənin dövlət başçılarına məktublar göndəriləcək.
-Bəs foruma digər ölkələrdə olan qeyri-hökumət təşkilatlarının marağı varmı?
-Məlum olduğu kimi forumun fəaliyyətinə 3 ölkə ilə başladıq. Sonradan onun üzv ölkələrinin sayı 8-ə çatdı. Hazırda forumun üzv ölkələrinin sayı 12-ə çatıb. Hazırda da foruma qatılmaq, və ya toplantılarımızda qonaq kimi iştirak etmək istəyən ölkə və təşkilatlar var. Bu istiqamətdə çox yaxşı xəbərlər almaqdayıq. Xüsusilə, Türk dünyasında foruma qarşı çox böyük bir ümidlər var.
-Hazırda Türkiyə və Azərbaycan arasında mövcud olan münasibətləri, əlaqələri necə dəyərləndirirsiniz?
-Türkiyə- Azərbaycan əlaqələri son zamanlar bir qədər də inkişaf etdi və qüvvətləndi. Xüsusilə, Suriya sərhəddimizi pozan Rusiyaya məxsus qırıcı təyyarənin düşürülməsindən sonra Azərbaycanın Türkiyənin yanında yer alması və haqlı olduğunu ifadə etməsindən sonra iki ölkə arasında çox güclü bir bağlılığın olduğunun bir daha şahidinə çevrildik.

-Bu ərəfədə erməni lobbisinin Türkiyədə aktivləşməsi mümkündurmü?
-Erməni lobbisi Türkiyədə hər zaman güclü olub. Xüsusilə media və yazarlar məsələsində ermənilər hər bir quruma sızıblar. Bundan başqa ermənilər Türkiyədə fəaliyyət göstərən terror təşkilatlarının da daxilində çox aktiv olduqları üçün əlləri hər yerə çatmaqdadır. Həmçinin siyasət sahəsinə də onlar nüfuz edə biliblər. Türkiyənin 3 əsas siyasi partiyası içərisində olmaları, Türkiyə Böyük Millət Məclisinə deputat seçə bilmələri və baş nazirin baş danışmanından birinin erməni olması deyilənlərin təsdiqidir.
-Bəs bu mənfi tendensiya Türkiyə üçün hansı problemlərə yol aça bilər?

-Ermənilər həqiqətən Türkiyə üçün böyük bir təhlükəyə çevriliblər. Terror təşkilatı PKK-nın cənub şərqdə həyata keçirdiyi aksiyalar və terraktlardan da bunu aydın gömrək olur. Orada yaşayan sadə insanlar bildirirlər ki, bu addımları atanlar müsəlman deyillər, onların boyunlarında bir qayda olaraq xaç asılır. Onlar hazırda Türkiyədə yaşayan və 1915-ci illərdə göç etməyib burada qalan gizli ermənilər və onların nəsilləridir. Onların Türkiyənin başına necə bir bəla olduqlarını hər kəs görməkdədir.