“Həmsədrlərin hesabat verməsi gözlənilir” Müsahibə

“Həmsədrlərin hesabat verməsi gözlənilir”

Səfir: "ATƏT-də üstüörtülü qəbul edirlər ki, işğal nəticəsində yaranmış "status kvo" atəşkəsin pozulmasının əsas səbəbidir"

Azərbaycanın Avstriyadakı səfiri,ATƏT yanında Daimi Nümayəndəliyinin rəhbəri Qalib İsrailovun APA-ya müsahibəsini oxucularımıza təqdim edirik

- Dağlıq Qarabağda, qoşunların təmas xəttində baş verən son hadisələrə ATƏT-in reaksiyasının necə qiymətləndirirsiniz?

- Cəbhədə son hadisələrlə bağlı aprelin 2-də ATƏT-in fəaliyyətdə olan sədri və Minsk Qrupunun həmsədrləri bəyanatlarla çıxış edərək, münaqişə zonasında atəşkəs rejiminin pozulmasını pislədilər, baş vermiş çoxsaylı insan tələfatları ilə bağlı dərin təəssüflərini bildirdilər və tərəfləri dərhal sülh danışıqlarını bərpa etməyə çağırdılar. Münaqişə zonasındakı vəziyyəti vəATƏT Minsk Qrupunun vasitəçilik səylərini müzakirə etmək üçün Vyanada Almaniya sədrliyinin təşəbbüsü ilə aprelin 5-də ATƏT-in Daimi Şurasının xüsusi iclası keçirildi. Almaniya Xarici İşlər Nazirliyi münaqişənin siyasi yol ilə həllini sürətləndirmək üçün ATƏT-də mövcud olan bütün vasitə və mexanizmlərindən istifadə etmək niyyətini açıqladı. Nəhayət, Almaniyanın xarici işlər naziri Ştaynmayer Berlində rəsmi səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyana bildirdi ki, "status kvo"nu saxlamaqda maraqlı olan tərəf atəşkəsin mütəmadi pozulması riski ilə üzləşəcək. Bununla əlaqədar, 2 apreldən bəri keçən müddət ərzində ATƏT rəsmiləri tərəfindən verilmiş bəyanatları cəbhədə və danışıqlar prosesində yaranmış vəziyyətə adekvat və ciddi siyasi mesajlar hesab etmək olar. ATƏT rəsmiləri üstüörtülü qəbul edirlər ki, Azərbaycan ərazilərinin hərbi işğalı nəticəsində yaranmış "status kvo" atəşkəsin pozulmasının əsas səbəbidir. Azərbaycanın ən yüksək səviyyədə dəfələrlə bəyan etdiyi mövqeyi - Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğu münaqişənin sülh yolu ilə həlli üçün əsas maneədir – özünü doğruldub. Bununla əlaqədar hal-hazırda ATƏT qarşısında duran əsas vəzifəni effektiv danışıqların sürətləndirilməsi ilə yanaşı, münaqişənin mərhələli və davamlı həlli üçün Ermənistan hərbi qoşunlarının Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılmasında görürük. Belə bir vəzifə Minsk Qrupu həmsədrlərinin 1994-cü ildə ATƏT-in Budapeşt sammitinin qərarı ilə təsdiq edilmiş mandatına və BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinin tələblərinə uyğundur.

- Həmin hadisələrlə bağlı real həqiqətləri çatdırmaq üçün səfirlik işini hansı formada qurmuşdu?

- Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, Ermənistanın işğalçı siyasətinin ifşa edilməsi və münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və digər beynəlxalq təşkilatların qəbul etdikləri çoxsaylı qərar və sənədlər əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həlli ölkəmizin xarici siyasətinin əsas prioritetidir. Səfirlik bundan irəli gələrək müntəzəm şəkildə həm Vyanada yerləşən beynəlxalq təşkilatlarda rəsmi qaydada, həm də akkreditə olunduğu ölkələrin ictimai dairələrində münaqişənin əsil mahiyyəti barəsində məlumatlılığın artırılması üçün ardıcıl addımlar atır.
Cəbhə xəttində baş verən son hadisələrlə bağlı olaraq da səfirlik tərəfindən təcili və təxirəsalınmaz tədbirlər görülüb, Azərbaycan Respublikasının münaqişənin həlli ilə bağlı mövqeyi, Ermənistanın cəbhə xəttində təxribatları və bu kontekstdə mülki əhali və obyektləri hədəf alması, beynəlxalq humanitar hüququn normalarını kobud şəkildə pozması ilə bağlı faktlarATƏT və onun iştirakçı dövlətlərinin diqqətinə çatdırılıb. Eyni zamanda, baş verən hadisələrlə bağlı ictimaiyyətin məlumatlandırılması məqsədilə akkreditə olunduğumuz ölkələrin kütləvi informasiya vasitələrinə müsahibələr verilib, nüfuzlu beyin mərkəzlərində tədbirlər keçirilib, əsil həqiqətlər geniş ictimaiyyətin diqqətinə çatdırılıb. Bu kontekstdə bir faktı xüsusilə vurğulamaq istərdim ki, Azərbaycan tərəfi münaqişə ilə bağlı Vyanada təşkil edilmiş açıq ictimai müzakirələrdə və birgə brifinqlərdə iştirak barədə dəvətləri qəbul edib və son hadisələrlə bağlı dialoq və müzakirələrin aparılmasından çəkinməyib. Təəssüf ki, Ermənistanın Vyanadakı səfiri tutarlı arqumentlərin olmadığı səbəbindən ictimai müzakirələrdən boyun qaçırır. Bu isə Ermənistanın danışıqlarda qeyri-konstruktiv mövqe tutmasının və münaqişənin həllində deyil, onun uzadılmasında maraqlı olmasının daha bir təzahürüdür.

- ATƏT-də son hadisələrlə bağlı Minsk Qrupunun geniş formatda, daha sonra Daimi Şurada görüşlər təşkil edildi. Bu görüşlərdə aparılan müzakirələr, qrupa daxil olan ölkələrin mövqeyi Sizi qane etdimi? Yaxın gələcəkdə hansısa formatda görüşün olması gözlənilirmi?

- Cəbhə xəttində vəziyyətin kəskinləşməsi ATƏT-in diqqət mərkəzində olmuş və məsələ ilə bağlı qeyd etdiyiniz kimi, bir sıra görüşlər keçirilmişdi. 5 aprelATƏT Minsk Qrupunun Vyanadakı iclası isə münaqişə tərəflərinin, yəni Azərbaycanın və Ermənistanın iştirakı olmadan keçirilmişdi.
Bununla bağlı vurğulamaq istərdim ki, ATƏT-in Minsk Qrupu Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı mandatı olan yeganə vasitəçi qurumdur və bu mandat BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsaslanır. Təəssüf ki, münaqişənin 20 ildən artıq müddətdə həll edilməmiş qalması Ermənistanın təcavüzkar siyasəti ilə yanaşı, həm dəATƏT-in Minsk Qrupu həmsədrlərin fəaliyyətinin qənaətbəxş olmadığının göstəricisidir. Azərbaycan tərəfinin prinsipial mövqeyi bundan ibarətdir ki,ATƏT-in Minsk Qrupu münaqişənin sülh yolu həllinə nail olmağa imkan verən bir formatdır. Minsk Qrupunda münaqişənin həllinə müsbət töhfə verə biləcək nüfuz və təsirə malik dövlətlər təmsil olunur. Bu baxımdan, Azərbaycan Minsk Qrupunun tam tərkibdə fəaliyyətini yenidən bərpa etməsini və münaqişənin həllinə töhfə vermək iqtidarında və niyyətində olan üzv dövlətləri öz səylərini intensivləşdirməsini vacib hesab edir. Bu xüsusda, Azərbaycan münaqişənin həllində ATƏT və onun Minsk Qrupunun daha fəal olmasını tələb edir.
Cəbhə xəttində baş verən son hadisələrlə bağlı Minsk Qrupunun üzvləri tərəfindən 5 aprel tarixində verilmiş bəyanatı bu baxımdan ümidverici qiymətləndirmək olar. Bəyanatda münaqişənin tezliklə hərtərəfli həlli üçün danışıqların intensivləşməsinin vacibliyi vurğulanıb. Azərbaycan tərəfi Minsk Qrupunun üzvlərinin bu çağırışına qoşulur və münaqişənin siyasi yollarla həlli məqsədinə sadiq qaldığını bəyan edir. Eyni zamanda, gözləyirik ki,ATƏT Minsk Qrupu Ermənistana cəbhə xəttində və işğal edilmiş ərazilərimizdə təxribatçı və qeyri-qanuni əməllərinə son qoyaraq, münaqişənin tezliklə həlli üçün danışıqlar masasında konstruktiv davranış nümayiş etdirməsi istiqamətində effektiv addımlar atacaq.
Bildiyiniz kimi, ATƏT-in Minsk Qrupunun həmsədrləri cəbhə xəttində gərginliyin artmasından sonra regiona səfər edib və həm Azərbaycanda, həm də Ermənistanda danışıqlar aparıblar. Hazırkı mərhələdə aparılmış müzakirələrin nəticələri barəsində həmsədrlər ATƏT-in fəaliyyətdə olan sədrini məlumatlandırıb. Həmçinin, həmsədrlərin yenidən Vyanaya qayıdaraq fəaliyyətləri barəsində hesabat verməsi gözlənilir.

- ATƏT-dəki Almaniya sədrliyi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 7 maddəlik təkliflər planı irəli sürdüyünü açıqlayıb. Belə bir plan səfirliyə daxil olubmu və detallar nədən ibarətdir?

- Təşkilata sədrlik edən dövlət kimi Almaniyanın ATƏT məkanının təhlükəsizliyi üçün ən ciddi təhdidlərdən biri olan Ermənistan-Azərbaycan münaqişəsinə xüsusi diqqət ayırması gözlənilən və arzuolunandır. ATƏTqərarlarının effektiv şəkildə icra edilməsi, habelə təşkilatın nəzdində fəaliyyət göstərən, münaqişənin həlli ilə məşğul olan Minsk Qrupunun və onun həmsədrlərinin fəaliyyətinin istiqamətləndirilməsi prosesinə sədrlik xüsusi məsuliyyət daşıyır.
Bu baxımdan, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı Almaniyanın fəaliyyət planının olması təbii bir haldır. Bu xüsusda, Azərbaycan tərəfi fəaliyyətdə olan sədr Frank Uolter Ştaynmayerin münaqişə zonasında "status kvo"nun dayanıqlı olmaması və mövcud vəziyyətin saxlanmasına çalışmağın riskli olması ilə bağlı birmənalı çağırışını müsbət qiymətləndirir, bunu danışıqların tezliklə müsbət nəticələnməsi istiqamətində Almaniya sədrliyinin iradəsinin göstəricisi kimi nəzərdən keçirir.

- ATƏT-dəki Daimi Nümayəndəlik ATƏT-in Minsk Qrupu ilə işi hansı formada qurur?

- Yenə də bildirmək istəyirəm, Azərbaycan ATƏT Minsk Qrupunun üzvüdür. Ölkəmiz Minsk Qrupunu Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı mühüm format kimi qəbul edir və onun fəaliyyətinin canlandırılmasının tərəfdarıdır. Bundan irəli gələrək tərəfimizdən Minsk Qrupunun aktivləşməsi, münaqişənin həllinə dair hərtərəfli müzakirələrin aparılması ilə bağlı davamlı olaraq təşəbbüslər irəli sürülür, qrupun üzvləri, o cümlədən həmsədrlik edən dövlətlər ilə müntəzəm məsləhətləşmələr aparılır.
Ümid edirik ki, Minsk Qrupunun üzvləri beynəlxalq ictimaiyyət tərəfindən onlara həvalə edilmiş münaqişənin həllinin tapılması vəzifəsini icra etmək istiqamətində daha fəal olacaq və ciddi səy göstərəcəklər.