Erməni gənclərinin Rusiya qorxusu Müsahibə

Erməni gənclərinin Rusiya qorxusu

Nərmin Əzizova: "Ermənistandan gələn nümayəndələr Ukrayna ilə bağlı məsələnin müzakirəsində iştirak etmədilər"

Aprelin 26-27-də Gürcüstan parlamentində Cənubi Qafqazın Gənc Siyasətçilərinin forumu keçirilib. Forum Niderlandın "Çoxpartiyalı Demokratiya İnstitutu"nun təşkilatçılığı ilə
baş tutub. Forumda Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) qadın məsələləri üzrə şöbə müdiri Nərmin Əzizova və beynəlxalq məsələlər üzrə şöbə müdiri Teymur Quliyev təmsil edib. Nərmin Əzizovanın BAXCP-nin mətbuat xidmətinə verdiyi müsahibəni təqdim edirik.
- Artıq ikinci dəfədir ki, Gürcüstan parlamentində keçirilən forumda iştirak edirsiniz. Ölkəmizi hansı partiyalar təmsil edirdi? Bu dəfə hansı mövzu ətrafında müzakirələr aparılırdı?
- Bəli, ikinci dəfədir ki, biz bu tədbirdə iştirak edirik.
Azərbaycanı bu dəfə yalniz müxalifət partiyaları təmsil edirdi. Bunlar isə BAXCP, AXCP, VHP, Ümid, Müsavat, Ədalət, Demokratik İstiqlal, Böyük Quruluş partiyaları idi. Gürcüstan və Ermənistandan isə foruma həm iqtidar, həm də müxalifət partiyaları qatılmışdı. Bundan başqa forumda spiker kimi Niderland Krallığının partiyalarından olan gənc siyasətçilər də 3 nəfər heyətlə təmsil olunurdu. Eyni zamanda, qonaq qismində Niderland Krallığının Gürcüstandakı səfiri Hans Horbach da iştirak edirdi. Keçən dəfədən fərqli olaraq 2 əsas sessiya və alt qruplarda sessiya oldu. İki günlük forum çərçivəsində birinci gün əsas sessiya və müzakirələr, nahar fasiləsindən sonra isə, qrup sessiyası oldu. Burada hər ölkədən 5 nəfər olmaqla 3 qrupda iş aparılırdı. Mövzular isə bunlar idi - "Cənubi Qafqazın Birliyi Perespektivi", "İnsanlararası əməkdaşlıq diplomatiyası", "Cənubi Qafqazda olan siyasi sistemlər", "Cənubi Qafqazda iqtisadiyyatın və biznesin inkişafı", "Cənubi Qafqazda azlıqlar:tolerantlıq (dözümlülük) məsələsi"," Cənubi Qafqaz dövlətlərinin xarici siyasət prioritetləri", "Cənubi Qafqazda insan hüquqlarının durumu", "Təhlil və İnovasiya", "Gənclərin siyasətdə rolu".
Əsas sessiyadan başqa mən həm də "Cənubi Qafqazda olan siyasi sistemlərdə" və "Cənubi Qafqazda insan hüquqlarının durumu" mövzusunda olan ssessiyada iştirak etdim. Teymur Quliyev isə "Cənubi Qafqazda azlıqlar: tolerantlıq (dözümlülük) məsələsi" və "Təhlil və İnovasiya" mövzularının müzakirəsinə qatıldı.
- Cənubi Qafqaz gənclərinin bölgədə baş verən proseslərə yanaşmaları necədir?
- Bölgədə baş verən proseslərə münasibət bəzi məsələlərdə fərqli, bəzilərində isə oxşar olurdu. Əsasən Ukraynada yaşanan proseslər müzakirə edildi və bu ölkənin ərazi bütövlüyünün tanınması məsələsində Gürcüstan və Azərbaycan gənc siyasətçiləri həmrəylik göstərdilər. Ermənistandan gələn nümayəndələr isə bu məsələnin müzakirəsində iştirak etmədilər. Mən bunu təbii qarşılayıram. Çünki təcavüzkar bir ölkənin gənc siyasətçiləri başqa təcavüzkar ölkənin-Rusiyanın - hərəkətlərinə mənfi münasibət bildirməzlər.
Bundan başqa Avrointeqrasiyaya da münasibət birmənalı olmadı. Burada Ermənistanın Rusiya ilə əməkdaşlığa üstünlük verməsi, bizlərinsə Avroatlantik məkana inteqrasiyanı dəstəkləməyimiz həmişəki kimi fikir ayrılığına gətirib çıxartdı.
- Hər zaman bu cür tədbirlərdə ermənilər aqressiyaları və yalan məlumatları ilə fərqləniblər. Bu dəfə hansı mövqedən çıxış edirdilər?
- Söylədiyiniz kimi, onlar hər zaman aqressivdirlər. Yenə də öz əməllərindən qalmırdılar və istənilən vəziyyətdə özlərini biruzə verirdilər. Ancaq bu dəfə sakitcə işlərini həll etmək istəyirdilər. Məsələn, bizim nümayəndə heyətinin üzvləri işğal, suverenlik, ərazi bütövlüyü dedikdə, bu sözlər onları qıcıqlandırırdı və bunun əvəzinə xalqların öz müqəddəratını həll etmələrini qabardırdılar. Biz də onlara başa salırdıq ki, bir xalq müqəddaratını yalnız bircə dəfə həll edə bilər. Hecə ki, vaxtilə siz öz müqəddaratınızı həll edib Ermənistan dövlətini yaratmısınız.
- BAXCP-ni siz və Teymur Quliyev təmsil etmisiniz. Partiyanın təmsilçiləri kimi forumda hansı təkliflərlə çıxış etdiniz?
- Mənim çıxışım Cənubi Qafqazda siyasi sistemlərlə bağlı idi. Müzakirələrdə siyasi sistemlərdəki müsbət və mənfi cəhətlər, onların demokratiyanın inkişafındakı rolu haqqında danışdım. Təbii ki, bu mövzuda mən parlamentli respublikanın cəmiyyət üçün daha da məqsədə uyğun olduğunu forum iştirakçılarının nəzərinə çatdırdım. Siyasi sistemlərin demokratiyanın inkişafında olan rolundan, qonşuluq siyasətindən danışdım. Eyni zamanda, BAXCP-nin Azərbaycanda fəaliyyət göstərən bütün siyasi təşkilatların marağını özündə əks etdirən və 2007-ci ildə siyasi gündəmi bəzəyən Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı təkliflərini də hazırlayaraq həm Milli Məclisin, həm də siyasi təşkilatların və ictimai qurumların müzakirəsinə təqdim etdiyini bildirdim. Və söylədim ki, partiyamızın təşkil etdiyi dəyirmi masada bütün partiyaların nümayəndələrinin fikirləri dinlənildi və onların fikirlərinin bölüşməyə hazır olduğu bildirildi. BAXCP-nin təkliflərində qeyd olunurdu ki, parlamentə həm proporsional, həm də mojaritar qaydada seçkilər keçirilsin. Bu zaman cəmiyyətdə siyasi partiyaların rolu artar, demokratik mühitin yaranması sürətlənər. Bunun üçün 2010-ci ildəki parlament seçkilərinin 50 faiz proporsional və 50 faiz majoritar seçki sitemilə keçirilməsi, ancaq 2015-ci il parlament seçkiləri zamanı tamamilə proporsional seçki sisteminin tətbiq olunması təklif olunurdu.
BAXCP-nin təkliflər paketində Nazirlər Kabinetinin səlahiyyətlərinin genişləndirilməsi də başlıca məsələlərdən biri kimi göstərilirdi. Çünki ölkə Konsititusiyasına əsasən, Nazirlər Kabineti yalnız icra səlahiyyətlərinin həyata keçirilməsində təşkilati funksiyaları yerinə yetirir. Ancaq həmin sənədlərdə bildirilirdi ki, Nazirlər Kabineti Azərbaycan Respublikasının prezidentilə birlikdə icra səlahiyyətlərini həyata keçirən orqandır. Eyni zamanda, Nazirlər Kabinetinin sədri və üzvləri parlament seçkilərində qalib gəlmiş siyasi partiyalar və yaxud siyasi partiyalar bloku tərəfindən formalaşdırılır. Bu da siyasi partiyaların hökumətin formalaşdırılmasında iştirakına, ölkədə koalision hökumətlərin qurulmasına, partiyalararası əməkdaşlığın genişlənməsinə imkan verəcək. Hazırda həm nəzəri, həm də praktik baxımdan 49,99 faiz səs toplamış bir partiyanın hökumətin formalaşdırılmasında iştirakı mümkün deyil. Çünki mütləq həmin siyasi partiyanın nümayəndəsi prezident seçilməlidir. Axı ölkədə hökuməti prezident formalaşdırır. Ancaq parlament seçkilərində vəziyyət dəyişir, bir partiyanın 40 faizdən çox səs toplaması demokratik ölkələrdə çox çətin olur. Ona görə də bir neçə partiyanın birgə hökumət formalaşdırmaq imkanları yaranır və partiyaların hökumət formalaşdırmaq təcrübəsini toplamaq imkanları olur. Bu da həlledici məqamlarda partiyaların bir araya gəlməsini asanlaşdırır. Partiyamızın sədri, millət vəkili Qüdrət Həsənquliyevin Milli Məclisdə dəfələrlə bu məsələni qaldırdığını vurğuladım.
O ki, qaldı forum haqqında təəssüratıma, bu müsbətdir. Gürcüstandan olan gənc siyasətçilərlə fikir mübadiləsi aparmağımız, Azərbaycandan gedən nümayəndə heyətinin bir komanda olaraq müzakirələrdə iştirakı ürəyimcə oldu. Sonda bütün forum istirakçılarına, eyni zamanda, qrup rəhbərimiz Emin Aslanova təşəkkürümü bildirirəm.