

Türkiyənin "Beşiktaş" klubunda 2021-2023-cü illərdə idman direktoru vəzifəsində çalışmış Ceyhun Kazancı AZƏRTAC-a eksklüziv müsahibə verib.
- “QOLAT Sport Service & Football Agency” tərəfindən Bakıda təşkil edilən “Futbol Konfransı Bakı” adlı beynəlxalq tədbirində iştirak etdiniz. Təəssüratlarınızı bilmək maraqlı olardı...
- Forumun çox faydalı olacağını düşünürəm. Azərbaycan və Türkiyə futbolu arasında ortaq cəhətlər çoxdur. Qardaş ölkədə olmaq gözəl hissdir. Bu cür tədbirlərin təşkil edilməsi iki dövlət arasında əlaqələrin daha sıx olmasına şərait yaradır. Azərbaycanda yüksək səviyyədə inşa olunan idman obyektləri var. Mənə görə, ölkəniz futbolda yaxşı potensiala sahibdir. "Qarabağ"ın 2023/2024-cü illər mövsümündə Avropa Liqasında uğurlu çıxışı bunun əyani sübutudur.
- Sizcə, Azərbaycan futbolunu Türkiyə səviyyəsinə gətirmək üçün nələr etmək lazımdır?
- Ən önəmlisi, yaxşı maliyyənin olmasıdır. Azərbaycan coğrafi baxımdan Şərqə daha çox yaxındır. Buna görə də Avropadan oyunçu gətirmək bir az çətin olur. Sizə yaxın Gürcüstanı misal göstərmək olar. Son Avropa çempionatında yaxşı çıxış etdilər. Onlar aşağı yaş qruplarına vəsait ayırdılar, müəyyən strategiya qurdular. Azərbaycan da bunu etməlidir. Akademiyalara ciddi fikir verilməlidir. Türkiyədə isə bu proses bir yerə qədər olur. Məsələn, Almaniya, İsveçrə və Niderland futbol akademiyalarında yetişən türk oyunçular milli komandamıza dəvət olunurlar. Biz də boşluğu bu şəkildə doldura bilirik. Gələn mövsüm üçün Azərbaycan Premyer Liqasında legioner limiti ləğv olunub. Bunun yanlış qərar olduğunu düşünmürəm. Çünki məcbur yerli futbolçu oynatmaq ayrı bir sual yaradır. Həmin oyunçu inkişaf edəcəkmi? Uşaqlarla daha kiçik yaşdan məşğul olmaq lazımdır. Türkiyə millisinin və "İnter"in üzvü Hakan Çalhanoğlunun övladı 4 yaşında Almaniyada futbol akademiyasına yazılıb. Bu, çox düzgün qərardır. Erkən başlamaq inkişaf üçün uğurlu yoldur. Ölkənizin 10 milyon əhalisi var. Dövlət tərəfindən idmana yüksək səviyyədə qayğı göstərilir. Sadəcə, klublar və federasiya bir olub, akademiyalara diqqət ayırsa, ortaya yaxşı iş çıxar.
- Ölkəmizdə futbolla bağlı planlarınız var?
- Hazırda bununla bağlı plan yoxdur. Lakin hər zaman Azərbaycanla birgə iş görməklə və hər iki ölkənin futbolunu inkişaf etdirməklə bağlı planlar qurmuşuq.
- Türkiyənin adlı-sanlı klublarından biri olan "Beşiktaş"da idman direktoru vəzifəsində işləmisiniz...
- "Beşiktaş"ın bundan əvvəlki prezidenti Ahmed Nur Çebi ilə çox yaxşı münasibətim var. Əslində, 20 ildir futbolun içindəyəm. Daha əvvəl menecerlik etmişəm. Klub rəhbəri mənə dedi ki, gələcəkdə məşqçi olmaq fikri olan şəxs deyil, idarəçi axtarıram. Mənim də əvvəlki uğurlu işlərim nəzərə alınaraq, kluba gəlişim baş tutdu. Üç il "Beşiktaş"ın idman direktoru vəzifəsində çalışdım. Ümid edirəm ki, yenidən "qara qartallar"a geri dönərəm.
- Bir çox idman direktorları transfer məsələsində son qərarı verən şəxs olur. Bəs, sizdə bu proses necə idi?
- Hər zaman mənim qərarım olmurdu. Məsələn, Valeryen İsmael baş məşqçi işlədiyi dönəmdə transferlərdə son söz mənə aid olurdu. Lakin Şenol Günəşin rəhbərliyi dövründə vəziyyət fərqli idi. Bütün qərarları məşqçi verəcək deyə bir qayda da yox idi. Hər kəsin fikri dinlənilirdi.