“Moskva niyə onu 20 ildən çox saxlayıb?” Müsahibə

“Moskva niyə onu 20 ildən çox saxlayıb?”

Mirmahmud Mirəlioğlu: "Məncə, Mütəllibov indiyə qədər nə siyasətdən, nə müstəqillikdən, nə dövlətçilikdən, nə də diplomatiyadan bir şey anlayıb"

KXCP sədri Mirmahmud Mirəlioğlunun "Gündəlik Teleqraf"a müsahibəsini oxucularımıza təqdim edirik:

- Mirmahmud bəy, Azərbaycanın birinci Prezidenti Ayaz Mütəllibov bildirib ki, hazırda siyasətlə məşğul deyil. Siz, 1990-cı illərdə Mütəllibov siyasətinə müxalifətdə olmuşunuz. Necə düşünürsünüz, Ayaz müəllim siyasətlə məşğul olurmu?
- Ayaz Mütəllibov zamanında hakimiyyətdə olan şəxsdir. Bütün nöqsanları, səhvləri ilə Azərbaycan tarixindədir. Onu müzakirə etməyi doğru saymıram. Ancaq deyəsən, Mütəllibov hətta Azərbaycanda hakimiyyətdə olanda belə siyasətlə məşğul ola bilməyib.
- Ayaz müəllim, qeyd edir ki, hakimiyyətdə olduğu zaman onu nə özünün komandası, nə də müxalifəti anlaya bilməyib...
- Əgər Ayaz Mütəllibovu öz komandası da anlamayıbsa və bunu etiraf edirsə, deməli özü mürəkkəb insan olub, onu anlamaq mümkünsüz olub. Mütəllibov yaşının bu çağında belə məsələləri doğrudan-doğruya bilmədiyini deyir. Və ya özü anlamır ki, nələr baş verib, özü harada olub. Müstəqil adam olmayıb, birbaşa Moskvaya bağlı olub, üstəlik bəxti də gətirməyib. Mütəllibov birinci dəfə parlamentdə prezident seçilib. İkinci dəfə prezident seçilmək istəyəndə Azərbaycan seçicilərinin böyük bir hissəsi onun seçkisində iştirak etməyib. Məsələn, mərhum Heydər Əliyev ona bir münasibət göstərib, Naxçıvan bütövlükdə bu seçkini boykot edib. Təəssüf ki, keçmiş dövr olsa belə, özü-özünə qiymət verməyi bacarmayan şəxsdir. Ataların bir məsəli var: uşaqdır ağlı kəsmir, cavandır beyni qandır, qocalıb sayəsi gedib. Daha ağıllı olan vaxtı nə zaman olacaqdı?
- Mütəllibov maraqlı bir fikir də deyib. Bildirib ki, 1991-ci ilin mayın 8-də prezident seçkiləri keçirib, ancaq istəsəydi, bu seçkilərə getməzdi, çünki 1995-ci ilə qədər prezidentlik müddətini başa vura bilərdi. Doğurdanmı, o zaman Ayaz müəllim demokratik proseslərə təkan vermək məqsədilə yenidən seçkilər keçirib?
- Ayaz Mütəllibov məcburən seçkilərə gedib. O, QKÇP-dən danışmayıb? Əslində bundan danışmalı idi. Hakimiyyətin birinci şəxsi, böyük bir ölkənin lideri 3 gün sonra nə baş verəcəyinin fərqinə varmır və QKÇP-yə dəstək verir, Milli Azadlıq Hərəkatına, Xalq Cəbhəsinə qarşı ayrı cür mövqe tutur. Və ya bir günlük hakimiyyətə gəlir, sonra hakimiyyətdən gedir. Bütün bunlardan danışsaydı, daha doğru olardı. Qalan məsələləri zamana buraxaq.
- Ancaq Ayaz Mütəllibov arqumentlərlə sübut etməyə çalışır ki, zərrə qədər də olsun Moskvaya güzəştə getməyib. Bu, doğurdanmı belə olub?
- Bəs onda Moskva niyə onu 20 ildən çox saxlayıb? Eks-prezidentlərin statusu haqqında qanun qəbul olunana qədər o, Moskvada yaşayıb. Vaxtında atası rəhmətə getdi, amma bura gəlmədi. O vaxt biz çox istəyirdik ki, gəlsin, atasının dəfnində iştirak etsin. Ancaq canının qorxusundan gəlmədi. Adını da qoydu ki, ASDP bəyanat verərək, onun gəlişini məqsədəuyğun saymayıb.
- 1990-1992-ci illərdə Bakıda "Qardaşlıq" Cəmiyyətinin fəaliyyəti ilə Mütəllibovun əlaqəsi var idimi?
- "Tövbə", "Qardaşlıq" cəmiyyətləri vardı. Əslində onun adı "Qardaşlıq" cəmiyyəti olsa da, daha çox düşmənçilik cəmiyyəti idi. Konkret olaraq Ayaz Mütəllibovun hakimiyyətini qorumaq məqsədilə fəaliyyət göstərirdi.
- Ancaq Ayaz müəllim deyir ki, "Qardaşlıq" cəmiyyətinin fəaliyyətindən onun ümumiyyətlə, xəbəri yoxdur...
- Niyə elə deyir? Ayaz Mütəllibov bir günlük hakimiyyətə qayıdanda bu cəmiyyətin üzvləri onu qucaqlayıb öpmürdümü, təbrik etmirdimi? Necə xəbəri yox idi ki, onun üzünü öpürdülər? Əgər indi dediyi kimdirsə, o zaman üzünü qoruyub saxlayardı, üzünü öpməyə imkan tanımazdı. Sözsüz ki, "Qardaşlıq" cəmiyyətinin fəaliyyətindən Mütəllibovun xəbəri vardı. İndi deyə bilər ki, xəbərim yoxdur. Hər halda, o cəmiyyət açıq və gizli şəkildə Mütəllibovu müdafiə edirdi. Parlamentdə də, küçədə də.
- Azərbaycanın ilk prezidentinin "Azərbaycanın müstəqilliyini təmin edən ilk şəxs mən olmuşam" fikrini necə şərh edirsiniz?
- Müstəqilliyi təmin edən, hətta imza qoyan şəxs olsa belə, məncə, bir qədər təvazökar olmalıdır. Milli Azadlıq Hərəkatı, Azərbaycan Xalq Cəbhəsi, Əbülfəz Elçibəy, bu prosesdə iştirak edən təşkilat və dərnəklər özlərində güc taparaq deyirlər ki, Milli Azadlıq Hərəkatının müəllifi Azərbaycan xalqıdır. Bu məsələyə doğru-dürüst yanaşmaqdan xəbər verir. Yoxsa, "təminatçı mən olmuşam" demək bir qədər qəribə səslənir və teatra bənzəyir.
- Demək istəyirsiniz ki, Mütəllibov o zaman müstəqilliyin tərəfdarı olmayıb?
- Sadəcə olaraq, Mütəllibov gücün qarşısında geri çəkilməli olub. Nə əcəb demir ki, məcbur etdilər ki, istefa ərizəsi yazım? Deməli, dövlət müstəqilliyinin təminatçısı Ayaz Mütəllibov olub? Aydındır!
- Yeri gəlmişkən, Ayaz müəllim rus qoşunlarının ölkəmizdən çıxarılmasını səhv addım sayıb...
- Görün, Ayaz Mütəllibov nə qədər müstəqilliyin təminatçısı olub ki, başqa bir ordunun Azərbaycanda qalmasını doğru, çıxarılmasını səhv addım hesab edib. Yalnız bu məsələdə Mütəllibov həddən artıq "böyük" siyasətçi olduğunu ortaya qoyub. "Müstəqil siyasətçisi" olduğunu beləcə göstərir. Azərbaycan Çar Rusiyası tərəfindən işğal ediləndən başlayaraq, Kürəkçay müqaviləsindən, Cavad xanın şəhid olmasından bu yana Azərbaycanı düşünənlərin bir arzusu olub ki, rus qoşunları ölkədən çıxarılsın. Buna da 1993-cü ilin 25 mayında nail olunub. Buna Əbülfəz Elçibəy hakimiyyətinin devrilməsi bahasına nail olunub. Bunu qəbul etməmək, yanlış saymaq məsələləri anlamamaqdır. Məncə, Mütəllibov indiyə qədər nə siyasətdən, nə müstəqillikdən, nə dövlətçilikdən, nə də diplomatiyadan bir şey anlayıb.
- Həmin dövrdə Ayaz Mütəllibovun ölkəmizdə olan SSRİ hərbi hissələri ilə danışaraq Dağlıq Qarabağın Azərbaycana qaytarılmasını razılaşdırması nə dərəcədə real və mümkün idi?
- Kaş ki Ayaz Mütəllibovun özü azad olardı. O, Qarabağı azad edə bilməzdi. O, Qarabağın azadlığını rus hərbçiləri vasitəsilə təsəvvür edirsə, bu indiki baxışdır. Bəzi adamlar deyirlər ki, Qarabağın açarı Rusiyadadır, özlərinə dost, arxa axtarırlar və s. Burada sətiraltı məna odur ki, Dağlıq Qarabağ problemini yaradan elə Rusiyanın özüdür. Bunu demək istəyirlər. Rus qoşunları həmin vaxt Qarabağı necə azad edə bilərdilər? Əslində həmin qoşunlar Qarabağı işğal edib ermənilərə verdilər. Bunu Azərbaycanda ağlı kəsən insanlar bilir. Bunun üçün birinci katib olmağa və ya parlamentdə prezident seçilməyə ehtiyac yoxdur.