“Xarici səfərlərdən imtina etmək lazımdır” Müsahibə

“Xarici səfərlərdən imtina etmək lazımdır”

Qüdrət Həsənquliyev: “Hazırda Fövqəladə hallar və Səhiyyə nazirlikləri virusun geniş yayılmasının qarşısının alınması üçün gərəkən addımları atır”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsi

- Qüdrət bəy, hökumətin “koronavirusla” mübarizə istiqamətində atdığı addımlar yetərlidirmi?
- Hazırda Fövqəladə hallar və Səhiyyə nazirlikləri virusun geniş yayılmasının qarşısının alınması üçün gərəkən addımları atır. Virus Çində olduğu qədər bizdə yayılmayıb ki, o miqyasda tədbirlər görülsün. Bundan başqa, Çin dünyanın müasir texnologiyaya malik, güclü sənayesi olan, inkişaf etmiş super dövlətlərindən biridir. Ona görə də bəzi adamların siyasi məqsədlərlə bizi Çinlə müqayisə etməsi yalnışdır. Ən başlıcası, şayiələr yaymaqla qorxu mühiti yaradıb insanların stres keçirməsinə imkan vermək olmaz. Stres immuniteti aşağı saldığı üçün insanların xəstəliklərə yoluxma ehtimalını da kəskin artırır. Ona görə də gigienik qaydalara ciddi əməl olunmalı, kənar şəxslərlə ehtiyac olmadığı təqdirdə təmaslardan qaçmaq, xarici səfərlərdən imtina etmək lazımdır. KİV isə insanları bu istiqamətdə maarifləndirməkdə davam etməlidir.
- Qüdrət bəy, İdlibdəki vəziyyətlə bağlı martın 5-də Moskvada Ərdoğanla Putin arasında olacaq görüşdən gözləntiləriniz nədir?
- Hər iki dövlət regionun böyük dövlətləridir və hər ikisinin Suriyada, Liviyada güzəştə getməyəcəkləri maraqları var. Amma heç birinə bir-biri ilə döyüşmək sərf etmir. Ona görə də maraqlarını uzlaşdırmağa çalışacaqlar. Çünki hər iki dövlət bu və ya digər səbəblərdən Qərbin sanksiyaları ilə üzləşiblər və müəyyən iqtisadi çətinliklər yaşayırlar. Onların milli maraqları savaşı yox, əməkdaşlığı tələb edir. Bu baxımdan danışıqların uğurla yekunlaşacağına ümid edirəm. Azərbaycanın da maraqları tələb edir ki, strateji müttəfiqimiz olan Türkiyə ilə vazkeçilməsi mümkün olmayan strateji tərəfdaşımız Rusiya arasında münasibətlər yüksək səviyyədə olsun. Yalnız bu halda bölgədə sabitlik və inkişafı təmin etmək olar. Biz də böyük itkilərsiz və dağıntılarsız Qarabağı azad edə bilərik.
- Qüdrət bəy, Əli Kərimlinin Rusiyadan köhnə silahlar almağımız barədəki son ittihamlarına münasibətinizi də bilmək istərdik.
- Ermənipərəst bəzi Rusiya nümayəndələrinin bu tipli açıqlamalarına istinad edən Əli Kərimli anlamır ki, kim silah satdığı adama deyər ki, mən səni aldadıb köhnə silah satmışam. Bu fikirləri bizim daxilimizdə gərginlik yaratmaq üçün Əli Kərimlilərin ağzına atırlar. Bildiyimiz kimi Əli Kərimli 19 oktyabrda razılaşdırılmamış aksiya keçirməyə cəhd edərkən başından zərbə almışdı və dediyinə görə polisin “vanna otağında” da böyük stress yaşayıb. Bu cür fikirlər onun da nəticəsi ola bilər.
Amma bir məsələyə də diqqət çəkmək istəyirəm: Kim bizə müasir silah satmaq istədi və biz almadıq. Qardaş Türkiyə bizə özüyeriyən artilleriya quğuları satmaq istəyirdi, amma həmin qurğunun mühərriki Almaniyada istehsal olunduğundan Almaniya həmin silahın bizə satışını qadağan etdi. ABŞ heç NATO üzrə müttəfiq olan Türkiyəyə müasir “Patriot” hava hücumundan müdafiə sistemlərini satmadı. Türkiyə həmin silahın anoloqu olan S400-ləri Rusiyadan almağa məcbur oldu. Əlbəttə Rusiya özünün hərbi-siyasi müttəfiqi olan Ermənistana daha əlverişli şərtlərlə müasir silahlar satır. Amma Azərbaycan da Rusiyadan kifayət qədər böyük dağıdıcı gücə malik zenit-raket kompleksləri, müasir tanklar almağı bacarıb.Təsadüfi deyil ki, ermənilər buna görə həmişə Rusiyaya təzyiq edirlər. Bütün qadağalara baxmayaraq, Azərbaycan Ermənistanı darmadağın edəcək qədər müasir silahları İsraildən, Rusiyadan, Türkiyədən, Belarusdan və s. ölkələrdən tədarük edə bilib. Biz onların bəzilərini, tank əleyhinə raketləri, dronları hətta aprel savaşında da uğurla tətbiq də etdik.
- Qüdrət bəy, Əli Kərimlinin siyasi partiyalarla dialoq çərçivəsində PA-ya dəvət edilməməsini necə qiymətləndirisiniz?
- Bildiyimiz kimi, cəmiyyətdə həmişə 5-6% faiz radikal müxalifətçi olur. Görünür həmin qüvvələrin başında Əli Kərimlinin qalması hökumətə lazımdır. Ona bu statusu qazandırana qədər hökumət yetkililəri çox çalışıb. Əli Kərimli növbədənkənar seçkilər öncəsi 19 oktyabrda razılaşdırılmamış aksiyaya cəhd etməklə və sonradan döyülməsi barədə verdiyi açıqlamaları ilə həmin düşərgədə ona olan etimadı çoxdan itirib.