“Təhsildə keyfiyyət istəyiriksə...” Müsahibə

“Təhsildə keyfiyyət istəyiriksə...”

Vaqif Abışov:"Müəllim elə bir səviyyədə əmək haqqı almalıdır ki, sinifə girəndə yalnız və yalnız beyni tədrislə məşğul olsun"
"Daha problemlərini fikirləşib, çarəsini tapmayınca, biliyini şagirdlərə əsirgəmək yolunu seçməsin"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının elm və təhsil məsələləri üzrə katibi, tarix üzrə fəlsəfə doktoru Vaqif Abışovun partiyanın mətbuat xidmətinə müsahibəsini təqdim edirik.

-Vaqif bəy, BAXCP İdarə Heyətində Təhsil Nazirliyinin dərs ilinin vaxtının azaldılması qərarı müsbət qiymətləndirilib və qeyd olunub ki, üç aydan çox davam edən yay tətili təhsil prosesinin davamlılığına və effektivliyinə ciddi maneə yaradır. Bu məsələyə aydınlıq gətirməyinizi istərdik.

-Bəli, tamamilə doğrudur. BAXCP hər zaman yaxşı işləri təqdir edir və dövlətin, xalqın maraqlarını təmin edən, inkişafa aparan təkliflər verir. Bu illər ərzində bunun dönə-dönə şahidi olmuşuq. Olub ki, həmin təkliflər bu və digər formada həyata keçirilib. Dediyiniz kimi, təşkilatımızın İdarə Heyətində sözügedən nazirliyin qərarı təqdir olundu və hökumətə çağırış edildi. Azərbaycanda orta məktəblərdə dərslərin tədrisi başa çatdıqdan sonra yay tətilinin böyük olması şagirdlərdə qavradıqları biliklərin aşağı düşməsinə, məktəbdən, təhsildən və məktəb vərdişlərindən uzaqlaşmasına səbəb olur. Bununla bağlı bir çox mütəxəssislər öz fikirlərini deyiblər, eyni zamanda, müxtəlif dövlətlərin təhsilindən nümunələr gətiriblər. Aparılan təhlillər sübut edir ki, bunun qarşısının alınmasının yeganə yolu şagirdlərin yay tətilinə çıxmasının müddətini qısaltmaqdadır. Məlumdur ki, mayın 31-i Azərbaycan üzrə bütün tam orta təhsildə bağlanış elan edilir. Sentyabrın 15-i isə şagirdlər məktəbə qayıdırlar. Üç ay 15 gün şagirdlər məktəbdən, təhsildən və təhsil vərdişlərindən uzaqlaşırlar. Bu da təbii ki, onların biliyinə, təhsilinə mənfi təsir göstərir. Hətta müəllimlərin özü şagirdlərin təkrar məktəbə qayıdarkən keçdiyi biliklərdən uzaqlaşdığını, yaddan çıxardıqlarını, vurma cədvəlini belə unutduqlarını deyirlər. Artıq Təhsil Nazirliyi yay tətilinin qısaldılması haqqında qərar verib. Gələn ildən şagirdlər iyunun 15-dən olmaqla tətilə çıxacaqlar. Bu da bir təcrübə, bir yoxlamadır.

-Sizcə, bu qərar təhsilin keyfiyyətinə təsir edəcəkmi?

-Məncə yay tətilinin qısaldılmasının tam olmasa da, müsbət mənada təsiri olar. Hamımız valideyinik, özümüz də orta məktəbdə oxumuşuq, bu gün isə uşaqlarımız, qohumlarımızın uşaqları təhsil alır. Biz görürük ki, uşaq yay tətilindən sanki yorulur. Yəni oynamaqdan, istirahət etməkdən yorulur, əvəzində kitablardan uzaqlaşır. Əgər tələb olunmasa uşaqlar dərs vəsaitlərini öyrənmirlər. Məktəb başaqa bir şeydi. Məktəbdə proqram üzrə dərs keçirilir, bilik verilir, şagirdlərdən keçirilən dərslər tələb olunur, valideyinlə ünsiyyət qurulur və şagird də məsuliyyətini başa düşür. Bir sözlə, 3 ay yarım tətilin qısaldılması şagirdlərin biliyinə, təlim və tərbiyəsinə müsbət təsir göstərə bilər. Mən 13 il orta məktəbdə dərs demişəm, sinif rəhbəri olmuşam və şagird pisxologiyasını yaxşı bilirəm. Tədris-təlimi yaxşı bildiyim üçün deyirəm ki, bu, hardasa bir təcrübədir. Bunun da tətbiq olunması təlim-tədrisə, uşaqlara pis təsir göstərməz. Biz konkret deyə bilmərik ki, bu 100 faiz müsbət təsir edəcək. İşin gedişində özünü göstərəcək. Təcrübələr bunu deməyə imkan verir ki, bunun müsbət təsiri daha çoxdur. Mənə elə gəlir ki, bu tətbiq edilərsə təhsildə müəyyən qədər irəlləyişlər olar. Digər tərəfdən, kütləvi informasiya vasitələrində də bu və ya digər formada qeyd olunmuşdu ki, sentyabrın 15-dən mayın 31-nə kimi təlim-tədris prosesi dövründə bayram günləri həddindən artıq çoxdur. Bu bayram günləri müəllimlər məcbur olurdu ki, dərsləri sıxlaşdırsın, evdə şagirdlərin hazırlaşması üçün həddindən artıq dərslə yükləsin. Məlumdur ki, şagirdlər bunun öhdəsindən gələ bilmirlər. Onlar əziyyət çəkir, beyin yüklənir, bu da onun pisxologiyasına, tərbiyəsinə mənfi təsir göstərir. Əgər biz bayramları azalda bilmiriksə, çərçivədən çıxa bilmiriksə, bu baxımdan mayın 31-i yox, iyun ayında da tədris-təlimlə məşğul olmaq müsbət təsir göstərir ki, itirilmiş günlərin yerini burada doldurmaq olar. Uşaqları yükləmək yox, onlardan normal qaydada dərs tələb edilə bilər.

-Bu illər ərzində tədrisin, təlimin keyfiyyətini yaxşılaşdırmaq üçün təhsil sistemində bir sıra yeniliklər həyata keçirildi. Ancaq tətbiq olunan yeniliklər təhsilin keyfiyyətinə gözlənilən mənada təsir göstərməyib. Bir çoxlarının fikrincə, təhsilin keyfiyyəti o zaman yüksək olar ki, orta və ali məktələrdə dərs deyən müəllimlərin əmək haqqı kifayət qədər qaldırılsın...

-Tamamilə düz deyirsiniz. Təhsildə yenilik birinci olaraq müəllimlərin əmək haqlarının artırılmasından başlamalıdır. Xaricdən qəbul edilmiş hər hansı proqram tətbiq etməklə təhsildə, cəmiyyətdə yenilik etmək olmaz. Etmək olar, ancaq onun da şərtləri var. Ən vacibi korrupsiya və rüşvətxorluğu aradan qaldırmaq lazımdır. Yəni bunlar aradan qaldırılmasa, hər hansı bir inkişaf etmiş dövlətdəki təhsil sistemini tətbiq etsək belə, yenə də alınmayacaq. İkincisi, korrupsiya və rüşvətxorluğun qarşısını almaq üçün hökmən müəllimlərin əmək haqqı dəfələrlə qaldırmalıdır. Müəllim elə bir səviyyədə əmək haqqı almalıdır ki, sinifə girəndə yalnız və yalnız beyni tədrislə məşğul olsun. Daha problemlərini fikirləşib, çarəsini tapmayınca, biliyini şagirdlərə əsirgəmək yolunu seçməsin. Bu, bizi bir millət olaraq uçuruma apara bilər. Bayaq dediyiniz kimi, müəllim repetitorluqla məşğul olmamalıdır, özünə əlavə yük götürməməlidir. Öz üzərində işləməlidir ki, sinifə girdikdə daha çox bilik versin, daha çox təcrübəsindən istifadə etsin. Uzun müddətdir bütün bunlardan danışılır, ancaq cəmiyyətin təhsildə gözlədiyi islahat hələ də həyata keçirilməyib. Əvvəllər məktəblər 10 illik idi, indisə 11 illikdir. Hətta deyirlər ki, 12 illiyə də keçiriləcək. İstər yay tətilini uzalt, qısalt, istər dünyanın bütün inkişaf etmiş proqramlarını birləşdir daha sivil bir proqram tətbiq et, istər kulikulm olsun, yenə da təhsil axsayacaq. O vaxta kimi ki, müəllimlərin maddi durumu yüksək səviyyəyə qalxsın. Etiraf olunmalıdır ki, son illər yeni məktəblər tikilir, köhnələri təmir edilir, tədris üçün müasir avadanlıqlar alınır və s. Ancaq bunlar da tədrisin keyfiyyətinə təsir göstərmir. Onu da qeyd edim ki, Azərbaycanın ənənəvi təhsil sistemi, məktəbi olub, yaşayıb və gözəl alimlərimiz, mütəxəsislərimiz yetişib. Azərbaycan özü bunun öhdəsindən çox gözəl gələ bilər. Əgər müəllimə dövlət tərəfindən diqqət artırılarsa, əlbəttə o, canını da fəda edər. Az əmək haqqı alam müəllim isə sinifdə 45 dəqiqə müddətində uşaqlarla məşğul olub canını fəda etməkdənsə, repetitorluğu üstün sayır. Çünki orada 10 qat artıq əmək haqqı alır. Həm ailəsini, həm özünü, həm də şəraitini yaxşılışdırır. Repetitorluğun qarşısını almaq üçün təhsildə ciddi islahatlar olmalıdır. O zaman nə yay tətilinin uzaldıb-qısaldılması məsələsi gündəmə gəlməz, nə də müxtəlif məcburi üsullarla müəllimi təhsilə cəlb etmək lazım gələr. Müəllimə bir, iki ay kulikulm proqramını öyrətməklə təhsildə 50 faiz nəticə əldə etmək də qeyri-mümkündür. Yenə də təkrar edirəm, təhsildə köklü islahatlar təhsilə, müəllimə yanaşma sisteminin dəyişməsi və dərs vəsaitlərinin təkmilləşdirilməsi ilə bağlıdır. Vacib olan bir məsələni də qeyd etmək istərdim. Şagird o qədər yüklənir ki, məsələn, müəllim bir düsturu keçib evə ona uyğun 50-100 misal verirsə bunu uşaq necə çatdıra bilər? Bünövrə buradan başlayır. Çünki uşaq yazılmayan ağ bir vərəqdir və oradan yazılmağa başlayır. Mənə elə gəlir ki, əgər bu vərəq düzgün yazılarsa gələcək üçün daha xeyirli ola bilər.

-Vaqif bəy, BAXCP İdarə Heyətində həm də hakimiyyətə vahid dövlət imtahanına keçmək üçün çağırış olundu...

-Bu məsələ yuxarıda dediyimizin davamıdır. Məlumdur ki, sonda bir illik təlim-tədris prosesinə qiymət verilir. Onun sonu imtahandır. Məxəssislərin fikirləri onu təsdiqləyir ki, əgər şagird orta məktəbi bitirib imtahan verirsə, onun bir ay keçməmiş yenidən başqa bir məsuliyyətli imtahana girməsi qəbul olunan deyil. Buraxılış və qəbul imtahanları birləşdirilərsə daha effektli nəticə görünər. Həm vaxta qənaət olar, həm də şagirdlərdə gərginlik azalar. Bu, bir təcrübədir. Əgər mütəxəsislər deyirsə və bir sıra ölkələr bu təcrübədən keçibsə biz də bu təcrübəni tətbiq etməliyik. Uşaq buraxılış imtahanında göstərdiyi nəticəni qəbulda da göstərir. Bu baxımdan vahid dövlət imtahanı prinsipi qəbul olunmalıdır.