"Avropada 5 milyondan çox türk yaşayır" Müsahibə

"Avropada 5 milyondan çox türk yaşayır"

“Bizim Avropa ölkələri ilə bilinəndən daha çox ortaq cəhətlərimiz var”

Semra Eren-Nijhar: “Avropada yaşayan türklərdən bəhs edərkən, müasir köç tarixindən başqa türklərin Avropada bir tarixinin mövcudluğu göz önünə gətirilərək dəyərləndirilməlidir”

Böyük Britaniyada yaşayan türklərin Avropaya köçü ilə bağlı araşdırmalar aparan, sosioloq-araşdırmaçı Semra Eren-Nijharla türklərin Avropaya köç tarixi ilə bağlı söhbət etdik. Semra Eren apardığı araşdırmaları kitab şəklində çap etdirib. O, bir sıra nüfuzlu mükafatlara layiq görülüb. Müsahibəni oxucularımıza təqdim etməmişdən öncə, onun həyat və fəaliyyəti təqdim etmək istərdik. Yazıçı, sosioloq, sənədli film istehsalçısı, miqrasiya mütəxəssisi, sosial və mədəni şərhçi Semra Eren-Nijhar 2001-ci ildə Oksford Universitetini tərk edərək, “SUNCUT” Məsləhətçi və İstehsalat Şirkətini qurub və 2001-ci ildən o şirkətə rəhbərlik edir. Lordlar Kamerasında məsləhətçi kimi fəaliyyət göstərən Eren-Nijhar otuz üç ildən çox miqrasiya, qadınlar, Avropadakı Türk miqrasiyası, kimlik, mənsubiyyət, yaddaş, irqçilik və sənət sahələrində çalışıb. Eren-Nijhar sosioloji araşdırmalarını sənət ilə eyniləşdiririb, müxtəlif üsullarla təqdim edərək, tədqiqat nəticələrinin daha geniş bir kütləyə çatmasını təmin edib. Əsasən də şəxsi portretlər və tərcümeyi-hallar ilə bağlı şəkillər çəkən Semra Eren-Nijhar, İngiltərə, Belçika və Türkiyədə foto sərgilər təşkil edib və bir çox sərginin kuratorluğunu həyata keçirib. Semra Eren-Nijhar “İngiltərədəki Türklərin Mədəni, Siyasi və İqtisadi Tarixi” ilə əlaqəli “London Türk Günü” və Turkish Heritage in Europe – Avropada yaşayan Türklərin Mədəni, Siyasi və İqtisadi Tarixi ilə bağlı çalışmalarını həyata keçirib və ilk dəfə bu sahədə tədqiqatların aparılmasına vəsilə olub. Fəaliyyəti dövründə bir çox mükafat qazanmış Eren-Nijhar bunlardan əlavə, 2004-cü ildə Millennium Awards Fellowship tərəfindən toplum içindəki şəxsi uğurlarına görə “Yetenek ve Başarı Ödülü” mükafatını, 2015-ci ildə etdiyi çalışmaların öz sahəsində maarifləndirməni, eləcə də keyfiyyəti və yeniliyi təmsil etdiyi üçün “Uluslararası Avrupa Kalite Zirvesi” mükafatını və 2018-ci ildə isə İngiltərə Türk Dərnəkləri Federasiyası tərəfindən “Başarı Mükafatı”nı alıb. Kainatın Şairi Osman Türkay, Kipr Türk Cəmiyyəti, Kipr Türk Cəmiyyəti Nəşrləri, 2011, Avropanın İlk Türk Dərnəyi-Kipr Türk Cəmiyyəti, Kipr Türk Cəmiyyəti Yayınları, 2012, Kıpırtı Yazıları-Uşaqlar üçün Yazılar, Yar Nəşrləri, 2013, Turkish Heritage in the UK, SUNCUT Nəşrləri, 2014, Artıq qürbət yoxmu? I, Ozan Nəşrləri, 2014, Londonda Multikulturalizm, Ozan Nəşrləri, 2016, Artıq qürbət yoxmu? II, Ozan Nəşrləri, 2014, Kıpırtı Yazıları- Uşaqlar üçün Yazılar, Yeni Nəşr, Ozan Nəşrləri, 2017, Turks in London – The Unheard Voices, Ozan Nəşrləri, 2017, Qadınlardan dünyanı dəyişdirən sözlər, Ozan Nəşrləri, 2018, London mu dediniz? Buyurun…, Ozan Nəşrləri, 2019 kitablarının müəllifidir.

– Uzun illərdir Avropada yaşayan türklər haqqında araşdırma aparırsınız və bu mövzuda çox kitabınız var. Avropada yaşayan Türklərlə bağlı son dövrlərdə etdiyiniz araşdırmalar haqqında qısa məlumat verərdiniz…

– Qeyd etdiyiniz kimi, otuz ildən çoxdur ki, Avropada, xüsusən də İngiltərə və Almaniyada yaşayan türklərin köç tarixi ilə əlaqəli araşdırmalar, tədqiqatlar edirəm. Bu tədqiqatlar çərçivəsində gəldiyim nöqtə budur ki, artıq Avropada yaşayan türklərdən bəhs edərkən müasir köç tarixindən başqa türklərin Avropada bir tarixinin mövcudluğu və bunun da göz önünə gətirilərək dəyərləndirilməsi.

– Zəhmət olmasa, bunu bir az geniş izah edə bilərsinizmi?
– Bildiyimiz kimi, Avropada yaşayan türklərin müasir köç tarixi 1961-ci ildə hökumətlərarası imza ilə başlamışdır. Bu tarix Kiprdən gələn türklər üçün daha gerilərdə, yəni 1950-ci illərdən başlayır. Almaniya başda olmaqla, Avropa ölkələri qapılarını türk iş köçünə açaraq bu tarixdən etibarən gələnləri “Türk işciləri” adlandırıb, Almaniyaya gedənləri də “Qonaq işçi” kimi görüb və onların qalıcı olmayacaqlarını düşünüblər. Köç tarixinin necə inkişaf etdiyini bildiyimiz üçün düşünürəm ki, bunu burada geniş izah etməyə ehtiyac yoxdur. Ancaq vacib olan şey, o gündən bəri aparılan bütün köç araşdırmalarında Avropada yaşayan türklərin varlığının sadəcə bu tarixlə məhdudlaşdırılmasıdır.

– Başqa bir tarixdən danışmaq lazımdır?

– Başqa bir tarix deyil, sadəcə edilən araşdırmaların bilinən tarixdən daha kənara çıxılması lazım olduğunu söyləyirəm. “Turkish Heritage in Europe”, yəni “Avropada Yaşayan Türklərin Mədəni, Tarixi və İqtisadi Mirası” mövzusu daxilində artıq araşdırmalara başlayaraq, köç araşdırmaları çərçivəsində aparılan araşdırmalarda keçmiş tariximizi də göz önündə tutaraq dəyərləndirmək lazımdır. Hazırda Avropada 5 milyondan çox türk yaşayır. İngiltərədəki beşinci nəsil Kiprli Türk immiqrantların və Almaniyadakı üçüncü və dördüncü nəsil Türk immiqrantların uşaqları bu ölkədə doğulub, böyüyüb və bu ölkələrdə təhsil alıblar. Yəni Türkiyədən illər öncə gələn köçmənlər Avropanın sosial-iqtisadi, siyasi və mədəni həyatına müxtəlif yollarla töhfə verirlər. Avropada yaşayan türkləri bütöv bir şəkildə araşdırarkən yalnız 1950-ci ildən sonrasına deyil, 1950- ci ildən əvvələ də baxmaq lazımdır. Bunu etdikdə Avropadakı Türk köçü çərçivəsində araşdırılmaqda olan mövzuların fərqli dəyərləndirilərək başqa bir nöqtəyə gələcəyini görəcəyik. Əslində, bizim Avropa ölkələri ilə bilinəndən daha çox ortaq cəhətlərimiz var.

–Bunun necə olacağını düşünürsünüz?

– İşə türklərin Avropada yaşadıqları ölkələrin hökumətlərinə “Turkish Heritage in Europe”, yəni “Avropada yaşayan Türklərin Mədəni, Tarixi və İqtisadi Mirası” mövzusunu gündəmə gətirməli olduqlarını söyləməyərək başlamalıyıq. Təbii ki, ilk növbədə hökumət səlahiyyətliləri bu məsələni qəbul etməli və siyasətlərinə daxil etmələri lazım olduğuna inanmalıdırlar. Digər tərəfdən, konfrans, seminar və maarifləndirmə işləri apararaq şəbəkəni genişləndirmək və mövzunu müxtəlif auditoriyaya izah etmək lazımdır.

– Bu söylədiklərinizin, araşdırmaların müsbət bir təsiri olacağına inanırsınız?

– Bəli, Avropada doğulub böyüyən nəslin şəxsiyyətinin formalaşmasında müsbət bir amil olacağını düşünürəm. Uşaqlara və gənclərə valideynlərinin, nənə və babalarının dünyaya gəldikləri ölkələrin gerçək tarixini vermək onların şəxsiyyət formalaşmasında müsbət rol oynamalarını təmin edəcək. Məsələn, uşaqlara və gənclərə əsrlər əvvəl, Avropada ağsaqqallarından miras qalan mədəniyyət və biliklər izah edilərsə, zaman-zaman ortaya çıxan “başqalaşma”nı yaşamayaraq özlərini yaşadıqları ölkələrə daha çox aid hiss edərlər. Bu o deməkdir ki, keçmişimizə hörmət etməklə gələcəyə daha müsbət baxa bilərik. Deyəsən, “London Turkish Heritage in the UK”, yəni “İngiltərədə Türklərin Mədəni, Siyasi və İqtisadi” adlı bir nəşriniz var. Bəli. 2014-cü ildə bir ilki gerçəkləşdirdik və “London Tarixi Türk Mirası Tədbir Günü” nü başlatdıq. Həmin tanıtım işləri çərçivəsində bu kitabçanı da hazırladım. Bu nəşr daha sonra bu mövzuda apardığım tədqiqatların bilik bazasını yaratmaqla mənə bələdçi oldu. Yayınladığım kitaba o dövrdə London bələdiyyə başçısı olan və hazırda İngiltərənin Baş naziri olan Boris Conson tərəfindən bu sahədəki işlərim üçün göndərdiyi dəstək məktubunu da daxil etdim. 2015-ci ildə “Turkish Heritage in the UK” və 2019-cu ildə İstanbulda Türkiyə Prezident himayələrində gerçəkləşən Boğaziçi Zirvəsində “Turkish Heritage in Europe – Avropadakı Türklərin Siyasi, İqtisadi və Tarixi İrsi” araşdırmalarının tanıtımlarını edərək mövzunu daha geniş kütlələrə çatdırıb, onun əhəmiyyətini beynəlxalq miqyasda vurğulama çalışdım.

Elnur ELTÜRK