“Onlar bu işdən özləri yorulacaqlar” Müsahibə

“Onlar bu işdən özləri yorulacaqlar”

Bahar Muradova: "Bu gün bir sıra Avropa ölkələrində mövcud olan anti-türk, anti-islam meylləri açıq şəkildə özünü göstərir"

Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradovanın "Azadinform"a müsahibəsi:

- Bahar xanım, hazırda dünyanın gözü Azərbaycandadır. I Avropa Oyunlarının əks-sədası bütün dünyaya yayılır. Lakin etiraf etmək lazımdır ki, bu Oyunların keçirilməsini həzm edə bilməyən qüvvələr də mövcuddur. Sizcə, onlar I Avropa Oyunlarının imicinə xələl gətirə bilərlərmi?

- I Avropa Oyunları Avropa ölkələrini və xalqlarını bir araya gətirəcək hörmətə, əməkdaşlığa, idman ruhu əsasında həmrəyliyə çağıracaq bir platformaya əsaslanır. Bunu qəbul etməyənlər isə hesab edirəm ki, çox səmərəsiz bir işlə məşğul olurlar. Bu tip fəaliyyətlər heç zaman onların gözlədiyi nəticəni vermir. Elə I Avropa Oyunlarının keçirilməsi, buna olan güclü marağın ortada olması sübut edir ki, qaralama kampaniyasına qoşulanlar məqsədlərinə nail ola bilmirlər. Çünki, insanlar yalnız müsbət emosiyalar əsasında sülhə, əmin-amalığa xidmət edən hədəflər uğrunda birləşməyə daha çox meyllidirlər. Bu cür birliklərin də nəticəsində perspektivli işlərə imza atmaq olur. Amma, mənfi ruhda köklənmiş, bütün hər şeyi qaralamaq niyyəti ilə öz hədəflərinə çatmaq istəyənlər isə hər zaman bu cür auradan hər zaman özlərini kənarda saxlayırlar. Təbii ki, nəticədə özlərinə ziyan vururlar. Kim onlara mane olurdu ki, I Avropa Oyunlarını izləsinlər? Öz nümayəndələrinə dəstək olsunlar, sevdikləri idman yarışlarına baxsınlar və ondan da müsbət emosiya alsınlar... Onlar əgər özləri bunu istəmirlərsə, bu onların öz seçimidir. Hesab edirəm ki, hər kəsin seçiminə hörmətlə yanaşmaq lazımdır.

- Avropa parlamenti Azərbaycanda insan hüquqlarının pozulması barədə "dinləmələr" keçirir. Necə düşünürsünüz onları bu fikirlərindən yayındırmaq üçün hansı təşəbbüslərə ehtiyac varmı?

- Hesab edirəm ki, onları bu fikirlərindən daşındırmaq bizim işimiz deyil. Bizim işimiz, düz, ədalətli, haqq bildiyimiz işin ardınca getməkdir. Biz də bununla məşğuluq. Biz ölkəmizin demokratiyasını inkişaf etdiririk, iqtisadi, hərbi gücünü artırırıq, qonşu, uzaq, yaxın dövlətlərlə, beynəlxalq təşkilatlarla iki tərəfli qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq fəaliyyəti ilə məşğuluq. Dinləri, etnik qrupları qovuşdurmaq üçün mədəni layihələrə imza atırıq. Bizim işimiz budur. Onlar isə bizi bundan daşındırmağa çalışırlar. Ancaq, təbii ki, biz bu yolumuzdan dönən deyilik. Hesab edirəm ki, əvvəl-axır onların özləri də bu qənaətə gələcəklər. Çünki, yaxşı işdən yorulmaq mümkün deyil. Ancaq mənfi, neqativ səylərə yönəlmiş iş insanları daha tez yorur. Mən hesab edirəm ki, onlar bu işdən özləri yorulacaqlar. Ancaq, o da doğrudur ki, yorulanların yerinə yeniləri də gəlir. Nə qədər ki, insanlıq mövcuddur, xeyirlə şər, yaxşı ilə pis, ağ ilə qara yanaşı yaşayıb və ikincilər hər dəfə birincilərə mane olmağa çalışırlar. Bu ümumilikdə, insanlığın istəyi, hədəfi olaraq qalır. Ona görə də, biz yaxşı işimizdən bizi yayındırmağa çalışanları hər zaman peşman edəcəyik. Biz haqq bildiyimiz yoldan heç zaman dönən deyilik.
Müxtəlif dinləmələrin təşkilinə gəlincə isə deyə bilərəm ki, demokratik bir durum mövcuddur və onun da müxtəlif çalarları var. Bu, həqiqi mənada desək yaxşı işlərə də xidmət edir. Lakin, eyni zamanda öz qara niyyətlərini həyata keçirmək istəyənlərə də, şərait yaradır. Odur ki, bəziləri bu şəraitdən istifadə edərək bu mövqelərini ortaya qoyurlar, qoysunlar... Azərbaycan müstəqilliyini əldə edəndə, həmçinin, bir çox böyük layihələri həyata keçirəndə də bizə qarşı belə səylər olub. Bunun isə səbəbləri var və bunlar da bizə bəllidir. Bu gün bir sıra Avropa ölkələrində mövcud olan anti-türk, anti-islam meylləri açıq şəkildə özünü göstərir. Bu həmçinin, həmin ölkələrdə yaşayan insanlara münasibətdə, işçi miqrantlara və digər münasibətdə də özünün açıq şəkildə göstərir. Bu həmçinin, Azərbaycanın müstəqil siyasət yürütməsi ilə bağlıdır. Bir tərəfdən türk soyuna mənsubluq, digər tərəfdən əhalinin əksəriyyəti İslam dininə sitayiş edən ölkə olaraq, eyni zamanda onların heç zaman türk və islam cəmiyyəti üçün cızdıqları çərçivədən kənara çıxaraq, müstəqil siyasət yeritməsini qəbul edə bilmirlər. Azərbaycan dövləti öz iradəsinin, resurslarının sahibidir və bütün qərarlarını müstəqil verir. Beynəlxalq təşkilatlar, dövlətlərə münasibətlərini özü müəyyənləşdirir və heç kimin diqtəsini, təzyiqini qəbul etmir. Bizə qarşı olan bu tip münasibətlərin əsas səbəbi kimi də, məhz bu amil çıxış edir... Başqa yolla onlar bu təzyiqləri bizə qarşı davam etdirmək istəyirlər. Biz də təbii ki, lazım olan cavabı onlara veririk.

- Bahar xanım, I Avropa Oyunlarının açılış mərasimi öz möhtəşəmliyi ilə hər kəsi heyran qoydu. İndi isə diqqətlər bağlanış mərasiminə yönəlib. Necə düşünürsünüz, bağlanış mərasimində də Azərbaycan dünyaya sülh mesajını çatdıra biləcəkmi?

- Biz bu imkanları ilk növbədə bir dövlət, millət, xalq olaraq özümüz üçün yaradırıq. Amma, eyni zamanda da, bu imkanlardan digər xalqların, dövlətlərin, millətlərin idmançıları da istifadə edir. Nəticədə isə bu bizim nailiyyətimizdir. Açılış mərasimi də çox möhtəşəm keçdi. Orada Azərbaycanın imkanları nailiyyətləri, mədəniyyəti, tolerantlığı, ölkəmizin hansı üstün cəhətlərə malik olduğu bir daha dünya ictimaiyyətinə nümayiş etdirildi. Məqsəd isə təkcə nümayiş deyildi. Bu gün insanlığın nəyi varsa, əldə etdiyi müsbət ruhda nələr varsa, o bəşəriyyətin nailiyyətidir. Biz bunu təkcə Azərbaycanın imkanları kimi yox, həm də, bəşəriyyətin imkanları kimi dünyaya təqdim etdik. Bu həm də bəhrələnmək, qarşılıqlı anlaşma üçündür. Əmin ola bilərik ki, bağlanış mərasimi də çox yüksək səviyyədə keçəcək. İlk növbədə Azərbaycanın qarşısına qoyduğu idman ruhunu göstərmək istiqamətində möhtəşəm bir nümayiş olacaq. Üstəlik də, yüksək səviyyədə təşkil olunmuş bu tədbirin çox gözəl bir yekunu kimi çıxış edəcək. Əminəm ki, I Avropa Oyunlarının bağlanış mərasimi də açılış mərasimi kimi bir sıra mesajları özündə əks etdirəcək. Bu mesajlar dünya ictimaiyyəti, dünya xalqları, dövlətlərinə bir-birimizdən bəhrələnmək, yararlanmaq, bir-birimizin nailiyyətlərinə istinad edilmək üçün yaradılan bir şərait olduğunu bəyan edəcək. Kim bunu insanları sülhə səsləyən bir tədbir ruhunda qəbul edərək, sevincə izləyəcəksə, o bundan bəhrələnəcək. Kim ki, buna qısqanclıqla yanaşacaq o məyus olacaq. Biz istəməzdik ki, kimlərsə məyus olsun. Onlar da digərləri kimi bu tip tədbirlərdən yaxşı mənada istifadə edə bilərlər. Yenə də, seçim onlarındır. Bu seçimi də onlara buraxırıq. Əminəm ki, bağlanış mərasimi də bir daha Azərbaycanın nə qədər böyük və möhtəşəm layihələrə ev sahibliyi etmək iqtidarında olduğunu sübut edəcək. Eyni zamanda, hər bir Azərbaycan vətəndaşının azərbaycanlı olması ilə çox böyük qürur hissi yaşamasına səbəb olacaq.