Qədim türk dastanlarını ozanlar yaradıb Ədəbiyyat

Qədim türk dastanlarını ozanlar yaradıb

Qədim bolqarların ilkin yaranışı və türksoylu olmasından söhbət açan "Şan qızı" əsatir dastanı da zamanında geniş yayılmışdı. Əsrlər boyu ağızlarda dolaşan bu mənzum eposu IX əsrdə (882-ci ildə) Mikayıl Baştu qələmə alıb. Mikayıl Baştu tanınmış bolqar soyundan olmuş, ulu babası Abdulla Təbir, onun oğlu Şəms Baştu (Kiyevin qədim adı) qəsəbəsinə köçüb orada yaşamış və müsəlmanlığı yaymaqla məşğul olmuşdu. Şəmsin oğlu Mikayıl Baştu 882-ci ildə "Şan qızı" dastanını bitirmiş, onu bulqar taxtına çıxan Bat-Uqora ithaf etmişdir.
Mikayıl Baştu şair, alim, mütərəqqi maarifçi olmuş, "Türk ədəbi dili" dərsliyini yazmış, ərəb əlifbası əsasında bolqar əlifbasını hazırlamış, onlarca müsəlman məktəbləri və bolqar təhsil ocaqları açmışdı. Onun oğlu Abdulla ibn Baştu da böyük şair olmuş, 931-ci ildə türk dilində "Kisek baş kitabı" ("Kəsik baş kitabı") adlı dastan yazıb bulqar hökmdarı Mikayıl Yalqaya (931-943) ithaf etmişdi. Bu dastan dövrümüzə türk dilində gəlib çatıb. M.Baştunun "Şan qızı" dastanı rus dilində də nəşr olunub, əvvəlcə onda bütpərəstlik motivləri görən islam xadimləri dastanı oxumağı qadağan etmişlər. Sovet dövründə isə ərəb əlifbasında buraxıldığına görə məhv edilmişdi. Dastanın məzmunu Mahmud Kaşqarlının "Divan"ında da qorunub.
"Şan qızı" dastanının xronoloji mifik məzmununda iki əsas təbəqə dayanır: əski inanclar; xeyir dini motivlərinə bağlı olan, zaman-zaman islam kultuna əsaslanan inanışlar.
Deməli, "Şan qızı" dastanı mifik baxımdan islamın incə duvağı ilə örtülmüş əski bolqar dastanıdır. Dastanın ilk oxunuşundan bolqar mədəniyyətinin slavyanların üzərində güclü təsiri aydın görünməkdədir. Bunu hər iki xalqın dastanlarında ("Şan qızı" və "İqor polku haqqında dastan") olan mifik personajlar və süjetlər təsdiq edir. "Şan qızı" dastanındakı bəzi motivlərdən, mifik personaj və süjetlərdən "İqor polku haqqında dastan"da istifadə olunub.
Hətta hər iki dastanın bir sıra qəhrəmanlarının adları da eynidir və ya çox oxşardır. Həmçinin bəzi slavyan rəvayətləri və tarixi hadisələrdə dastanın ayrı-ayrı epizodları yaşamaqdadır. Dastanın süjetindən və bəzi personajlarından gürcü şairi Şota Rustaveli "Pələng dərisi geymiş pəhləvan" poemasında geniş istifadə edib. "Şan qızı" dastanı böyük Nizamiyə də bəlli olub, o, "İsgəndərnamə" poemasında dastandakı Alamir-İsgəndər surətindən bəhrələnib.
Adlarını çəkdiyimiz bu sənət abidələri türk dastançılığının qədim köklərə bağlı olduğunu göstərir.
Qədim türk dastanlarını yaradanlar isə ozanlardır. Onlar bu dastanları yaradarkən əski hərb sənətimizi göstərmək istəmiş, özləri də ya döyüşçü, ya da xaqanları müşayiət etmişlər. Bu dastanlar eyni zamanda türkün qəhrəmanlıq salnamələridir. Bu salnamələrə əsasən biz ozan sənətinin tarixi yaşını da müəyyən rəqəmlər əsasında təyin edə bilərik. Bir sözlə, qədim türk tarixi ozan yaradıcılığındadır, - desək səhv etmərik.
Şumer kitabələrindəki şeirlər, nəğmələr, ağılar, zərb-məsəllər, himn və ağlaşma, lətifələr, əfsanələr, təmsillər, dastanlar, məktəb və təhsil və sair nümunələr ulu və əzəmətli bir xalqın mədəniyyətindən xəbər verir. Bu qədim mədəniyyət beşiyi istər coğrafi, tarixi-etnoqrafik baxımdan, istərsə də dil və soykök baxımından türk mədəniyyətinin ilkin izlərini özündə yaşadır. Bu mədəniyyət güney Azərbaycan bölgələrində və onun cənubunda İkiçayarası - Dəclə və Fərat çayları arasında yaranıb. Gil lövhələrə köçürülən beş dastandan biri "Bilqamıs haqqında dastan" adlanır. Şumer dilində yazıya alınan bu dastan qədim dövrlərdə akkad, hurri və het dillərinə tərcümə edilib, geniş yayılıb. Dastanın qəhrəmanı şumercə Bilqamıs adlanır. Dastanda Bilqamıs belə səciyyələndirilir: "Dünyanın axırına kimi hər şeyi görmüş haqqında, dənizləri görmüş, bütün dağları aşmış haqqında, öz dostu ilə birlikdə düşmənləri fəth etmiş haqqında, müdrikliyə çatmış haqqında, hər şeyi bilən haqqında gizli nə varsa gördü, sirli nə varsa bildi, bizə daşqından əvvəlki günlər barədə xəbər gətirdi, uzaq yola çıxmışdı. Lakin yorulub qayıtmışdı".
Dastanda gerçək tarixi hadisələrlə əfsanələr qovuşur. Tarixçilərin qeyd etdiyi kimi, Bilqamıs tarixi şəxsiyyətdir. Bilqamıs Uruk ölkəsinin, eləcə də Uruk şəhərinin hakimidir. O, mürəkkəb təbiətli insandır, dastanda həm qəddar, həm xeyirxah, həm qəhrəman, həm dost, həm də insan taleyini, onun aqibətini düşünən adam kimi təsvir olunub. Dastan bir neçə hissədən ibarətdir: Bilqamıs Uruk şəhərinə hakimlik edir. Bilqamısın Enkidu ilə dostluğu. Bilqamısla Enkidunun Humbabanı və buğanı öldürmələri. Bilqamısın dünya daşqınından gəmi qayırıb xilas olan Utnapiştimlə görüşməsi.
Bilqamısın ümidsiz vətənə dönməsi və s.
Bilqamıs Uruk şəhərinin qala divarlarını tikdirdikdən sonra özünü sərbəst aparır, şəhər əhalisinə zülm edir, qız və qadınlara sataşır. Uruk sakinləri allahlara müraciət edirlər. Şikayət sədası allah Anuya çatır. O, ana ilahəsi Arurunu yer üzərinə göndərir və deyir: "Sən onu yaratmısan, indi də ona bənzər qəhrəman yarat. Arurugildən vəhşi görkəmli və təbiətli Enkidunu yaradır. Tezliklə Uruka xəbər yayılır ki, yaxınlıqda vahiməli bir əcaib insan peyda olub. Onu ancaq Bilqamıs məğlub edə bilər. Lakin Bilqamıs belə ondan çəkinir. Çünki İnkidu vəhşi təbiətə malik idi. Onun təbiətini dəyişdirmək lazım idi. Məbəd qadınlarından birini - Şamxatı onun yanına göndərirlər. Qadın ona nəvaziş göstərir. Tədricən Enkidunun vəhşi təbiəti dəyişilir, başına ağıl gəlir, gücdən düşür. Qadın məhəbbəti ona şüur gətirir. İnsana çevrilmiş Enkidu Bilqamısla döyüşə girişir. Ağıllı Bilqamıs onunla barışıb əhdi-peyman bağlayır, qardaş olurlar. Bundan sonra onlar birlikdə sidr meşəsinə gedib şər qüvvə olan Humbaba ilə döyüşürlər. Çox çətin döyüşdən sonra Humbabanı öldürürlər.
İlahə İştar Bilqamısın qəhrəmanlığını görüb ona vurulur, qəlbini ona açır. Lakin Bilqamıs İştarın məhəbbətini rədd edir. Bilqamıs yaxşı bilir ki, İştar heç bir sevgilisinə sonacan sədaqətli olmayıb. İştar bu təhqirə dözmür. Səma allahı Anudan xahiş edir ki, Bilqamısa qarşı səma öküzünü göndərsin. Vəhşi öküz Uruk da qabağına çıxanı dağıdır, məhv edir. Bilqamıs və Enkidu çətinliklə öküzü öldürürlər. Uruk camaatı qəhrəmanların şərəfinə ziyafət verir, mahnılar qoşur. Lakin allahlar Enkidunu Bilqamısa qarşı yönəltmişdilər. O isə Bilqamısla dostluq edir. Humbabanın və səma öküzünün öldürülməsində iştirak edir. Allahlar Enkiduya ölüm hökmü çıxarırlar. Enkidu xəstələnir və ölür. Bilqamıs hədsiz pərişan olur, həyatın, qəhrəmanlığın, şöhrətin sonunu gözü qabağında canlandırır. Bilqamıs əbədi həyat axtarmağa gedir...

Qara Namazov,
professor