“Böyük Britaniya ilə Azərbaycanın münasibətləri artan xətt üzrə inkişaf edir” Siyasət

“Böyük Britaniya ilə Azərbaycanın münasibətləri artan xətt üzrə inkişaf edir”

Mübariz Əhmədoğlu: "Böyük Britaniyada bilirlər ki, Dağlıq Qarabağla istənilən əlaqə onun Azərbaycanla münasibətlərində risk yarada bilər"

"Dağlıq Qarabağın separatçı rəhbəri Bako Saakyanın Böyük Britaniya parlamentində və "Chatham House" analitik mərkəzində görüşlər keçirməsi təsadüfi deyil, müasir geosiyasi reallıqlarla tam izah olunur. Dağlıq Qarabağda erməni separatizminin yaşı 27-yə çatıb. Məhz indi Böyük Britaniya parlamentinin və "Chatham House"-ın Dağlıq Qarabağa diqqət verməsi yalnız geosiyasi parametrlərlə əlaqəlidir".
Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. Politoloq bildirib ki, Ermənistanın Böyük Britaniyadakı səfiri, eks-baş nazir Armen Sərkisyanın imkanlarından müəyyən qədər məlumatımız var: "Məhz Böyük Britaniyanın təsiri ilə A.Sərkisyan Davos Forumunda enerji forumunun rəhbəri təyin edildi. Kral ailəsi ilə əlaqəsini daha möhkəmlətmək üçün Amulsar qızıl yatağını ona bağışlamaq istədi. Böyük Britaniya A.Sərkisyanın Ermənistanda baş nazir olması ideyasını irəli sürdü. BP şirkəti Azərbaycandakı layihələrinə əngəllər törətdi. Azərbaycanda neft və qaz hasilatında yaratdığı problemlərə görə, rəsmi Bakı BP-dən narazı idi. BP-ni digər transmilli şirkətlərlə əvəzləmək kursu götürmüşdü. Yalnız rəsmi Londonun müraciətindən sonra Azərbaycan əvvəlki layihələri BP-də saxladı".
Mərkəz rəhbərinin qənaətincə, amma Amulsar qızıl yatağı ətrafında baş verənlər bu planların reallaşmasına imkan vermədi: "London Ermənistanda hadisələrin neqativ istiqamətə çevrilməsi ilə barışmağa məcbur oldu. Böyük Britaniya ilə Azərbaycanın münasibətləri artan xətt üzrə inkişaf edir. Böyük Britaniyada bilirlər ki, Dağlıq Qarabağla istənilən əlaqə onun Azərbaycanla münasibətlərində risk yarada bilər. BP ilə problemlər aradan qalxdıqdan sonra Böyük Britaniya Azərbaycanın Dağlıq Qarabağ probleminə qarşı münasibətini daha da intensivləşdirdi və daha bir pillə yuxarıya qaldırdı. Böyük Britaniyada başa düşürlər ki, Böyük Britaniyanın regiondakı maraqlarına təhlükə yarana bilər. Böyük Britaniyanın Cənubi Qafqazdakı əsas iqtisadi iştirakı da məhz Azərbaycanla bağlıdır".
M.Əhmədoğlu bildirib ki, nəzərə alınmalı məsələlərdən biri də ABŞ başda olmaqla Qərb dövlətlərinin Rusiyaya qarşı mübarizə aparmasıdır: "Bu mübarizədə əsas elementlərdən biri Rusiyanın qonşuluğundakı dövlətlərdə problem yaratmaq və bunu Rusiyanın günahları sırasına salmaqdır. ABŞ-ın bu siyasətinin reallaşmasında Avropa dövlətlərindən Böyük Britaniya və Fransa xüsusi fəallıq göstərir. İndi Ermənistanda bu proses gedir. Maraqlı analogiya: "Ermənistan elektik şəbəkəsinin" ilk sahibi Böyük Britaniyanın "Midlend Resursis" şirkəti idi. Rusiya Böyük Britaniyanın "Midlend Resursis" şirkətini Ermənistandan uzaqlaşdırdı. İndi Böyük Britaniyanın Cənubi Qafqazdakı maraqlarını risk altına ataraq Ermənistana doğru irəliləməsinin səbəbi yalnız antirusiyaçılığıdır. Böyük Britaniya Ermənistanı antirusiyaçı istiqamətində aktivləşdirməklə ABŞ qarşısında öz xidmətini nümayiş etdirmiş olur".
Politoloq sonra qeyd edib ki, Böyük Britaniyanın Müdafiə Nazirliyinin müdafiə siyasəti idarəsinin direktoru Nik Qrin Ermənistanda oldu: "Böyük Britaniyanın Müdafiə Nazirliyinin müdafiə siyasəti idarəsinin Ermənistanda olması səbəbsiz deyildi. Çünki Böyük Britaniya və ümumiyyətlə, Avropadakıların fikrincə, Ermənistanı Rusiyaya bağlayan əsas məsələ təhlükəsizlik məsələləridir. Böyük Britaniyanın müdafiə siyasəti üzrə məsul şəxslərindən biri həm Böyük Britaniya və həm də NATO adından Ermənistana təhlükəsizlik təminatı verirdi. Ermənistanda təhlükəsizlik məsələlərinin ən vacib tərkib hissəsi Dağlıq Qarabağ məsələsidir. Ona görə Nik Qrinnin Ermənistana səfərindən sonra məhz Bako Saakyan Böyük Britaniyaya dəvət olundu".
Mərkəz rəhbəri hesab edir ki, hər halda baş verənlər 1918-21 ci illərdə olanları yada salır. Ermənilərin fikrincə, o zaman Böyük Britaniya Ermənistanı müdafiə etmədiyi üçün aldatdı, Rusiya tərəfindən işğal edildi. İndi də yəqin ki, güman edirlər ki, məhz Böyük Britaniya iştirakı ilə Ermənistan yenidən müstəqil ola bilər. Ermənistan rəhbərliyi öz ətrafında yeni böyük geosiyasi oyuna başladı. Bu oyun təhlükəlidir. Bu oyunda Böyük Britaniyanın və başqa iri bir Avropa dövlətinin iştirak etməsi Ermənistanın həmin oyunda qələbə çalmasına təminat vermir. Rusiya Ermənistana qarşı münasibətini daha da sərtləşdirə bilər".

Əli