İsa Qəmbərlə “Yeni Müsavat” arasında qarşıdurma... Siyasət

İsa Qəmbərlə “Yeni Müsavat” arasında qarşıdurma...

Azər Ayxan: "Yaxşı, indi neynəyək, dövlətlə düşmənçilik edək?"

Rauf Arifoğlu: "Təsbit və qənaətlərindəki narahatlıqları anlayıram"

Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun partiyadan istefa verməsinə və "Əməkdar jurnalist" fəxri adı almasına münasibət bildirib. Sabiq başqan prosesin kifayət qədər şəffaf getdiyini deyib: "Rauf Arifoğlu öz mövqeyini, qərarlarını dəfələrlə aydın şəkildə ifadə edib, xüsusən də partiyadan çıxmasını ətraflı izah edib". İ. Qəmbər daha sonra R. Arifoğlunun mükafat almasını Prezident İlham Əliyevlə barışmaq kimi qiymətləndirib və bunun hakimiyyətlə barışığa getmək olduğunu deyib.
Sabiq başqan barışıq adlandırdığı bu prosesi sərt tənqid də edib.
Rauf Arifoğlunun qardaşı, "Yeni Müsavat" qəzetinin redaktoru Azər Ayxan isə sosial şəbəkə üzərində İsa Qəmbərə sərt cavab verib.
"Bir öz barışdıqlarınıza baxın bu günə kimi, bir bizim barışdığımıza. Rəsul Quliyevdən, Lalə Şövkətə, Əli İnsanovdan Gültəkin Hacıbəyliyə, Rəhim Qazıyevdən Etibar Məmmədova, Rüstəm İbrahimbəyovdan Əli Ömərova kimi onlarca hakimiyyət tərəfdarına qucaq açmısınız. Bu adamları Heydər Əliyev və İlham Əliyevlər dövlətə sözün birbaşa və dolayı mənasında güllə sıxdıqlarına görə, siyasi dönüklük etdikləri üçün vəzifədən, təmsil olunduqları postlardan qovub. Onlar qovduqca siz həmin adamların reabilitasiyasını icra edib yenidən siyasi həyata döndərmisiniz. Siz bu korrupsionerlərlə barışanda biz bunu milli xilas kimi təqdim edib sizi tarixi qınaqdan qorumağa çalışmışıq. Siz isə bizim dövlətin 1-ci şəxsi ilə normal, şəffaf münasibətimizə kölgə salmaq istəyirsiniz. "Bu, hakimiyyətlə barışmaqdır" deyib Dədə Qorqudluq iddiasına düşürsünüz", - deyə A. Ayxan vurğulayıb.
O, ad çəkmədən "Yaxşı, indi neynəyək, dövlətlə düşmənçilik edək?" deyə İsa Qəmbərə sual ünvanlayıb: "Təbii, bu ssenari sizə sərf edir. Çünki biz hakimiyyətlə sizin də yerinizə vuruşaq, həbsxanaya düşək, siz də bəyanat verəsiniz ki, hakimiyyət daha bir jurnalisti həbs etdi. Arada siz də girin də həbsxanaya, qorxmayın, o qədər də qorxulu yer deyil. Həm də zatən əlinizdən bir iş gəlmir, heç olmaya, məhbəs xatirəniz olsun. Gələcəkdə nəvələrinizə danışmağa nəsə tapasınız".
"Yeni Müsavat" qəzetinin baş redaktoru, Müsavat Partiyasından istefa verən Rauf Arifoğlu Müsavatın keçmiş başqanı İsa Qəmbərin onun "Əməkdar jurnalist" fəxri adı alması haqda fikirlərinə münasibət bildirib. R. Arifoğlu "facebook" səhifəsində İsa Qəmbərə qarşı heç bir mənfi fikir səsləndirməyəcəyini yazıb: "Müsavat Partiyasının 5-ci başqanı hörmətli İsa bəy Prezident İlham Əliyevin mənə "Əməkdar jurnalist" adı verməsini və bu mükafatı şəxsən təqdim etməsini yorumlayıb. Onun bu yorumunu ölkə mediası içərisində ilk olaraq musavat.com saytı yayımlayıb. Yəni orada bizə problem ola biləcək hər hansı məqam görməmişik. Görsəydik belə, yenə də yayımlayardıq.
Mənim də verdiyim mesaj elə budur - media hər hansı bir xəbəri özünə nisbətləndirib, münasibət sərgiləməz. Lakin görürəm ki, bəziləri aranı qızışdırmaq və məndən İsa bəyə qarşı neqativ cavablar almaq istəyirlər. Bəzi suallara cavab verdim, lakin aydın olur ki, müəyyən təhriflər edilir. Ona görə də düşüncələrimi burada yazıram ki, istəyən hər kəs bundan istifadə etsin. Əsas mesajım budur: İsa bəyə qarşı, hətta mənə münasibətdə haqsızlığa yol verdiyini düşünsəm belə, heç bir neqativ cavab verməyəcəm, yazı yazmayacam. Bu, mənim əxlaqıma, törəmə, prinsiplərimə ziddir. Sözüm, etirazım, cavabım olsa, özü ilə görüşüb, özünə deyəcəm. Görüşə bilməsək də, gedib çaya, dənizə danışaram.
Digər bir mesajımsa bundan ibarətdir: Hörmətli İsa bəyin bu illər ərzində mənimlə bağlı bir sıra təsbit və qənaətləri olub. Hər biri üçün ona minnətdaram. Neqativ xarakterli bir sıra qənaətlərini də zamanında bəzən dəyişmişəm, bəzənsə unudulub gedib. İndi də son təsbit və qənaətlərindəki narahatlıqları anlayıram. Görünür, bundan sonrakı fəaliyyət prioritetlərimdən biri də o narahatlıqlara əsas olmadığını sübut etmək olacaq".
Xatırladaq ki, Rauf Arifoğlu Müsavat Partiyası sıralarından istefa verib. R. Arifoğlu iyulun 15-də istefa ərizəsini partiyanın başqanı Arif Hacılıya və Divana göndərib. Baş redaktor ərizəsində Müsavat Partiyasının Bərpa Mərkəzinin üzvü olduğunu, partiyanın rəhbər strukturlarında vəzifələr tutduğunu, daha əvvəl isə 1989-cu ilin oktyabrında yaradılan AMDP Yeni Müsavat Partiyasının qurucularından və rəhbərlərindən biri olduğunu xatırladıb: "Mətbuata hərəkatdan, daha sonra isə Müsavat Partiyasının funksioneri olaraq gəlmişəm. Lakin zaman keçdikcə bəlli oldu ki, mahiyyətcə bir-birinə zidd olan bu sahələrdə eyni anda fəaliyyət göstərmək kifayət qədər mürəkkəb məsələdir. Uzun illərdir ki, media və partiya fəaliyyətinin bərabər zamanlılığının mənə yaratdığı diskomfortu, problemləri yaşamaqdayam. Qarşımda 3 dəfə seçim olub: 1992-ci və 2001-ci illərdə partiya fəaliyyətini seçərək, mətbu fəaliyyəti arxa plana atmışam. 2006-cı ildən etibarən isə partiyadakı funksiyalarımdan imtina edərək çox ağır durumda olan "Yeni Müsavat" qəzetinin yaşamasını təmin etmək üçün qəzetçilik fəaliyyətinə üstünlük verməyi seçmişəm və artıq 9 ilə yaxındır ki, Müsavat Partiyasında nəzərəçarpan fəaliyyətim olmayıb".
R. Arifoğlu bildirib ki, azad qəzetçi kimi fəaliyyəti, bir şirkət sahibi kimi bəzən biznes, korporativ maraqlardan, ya da geniş ictimaiyyətə açıqlaya bilmədiyi həyati əhəmiyyətli məsələlərdən doğan manevr və gedişləri Müsavat Partiyasının və şəxsən özünün bədxahlarında, bəzənsə hətta bir sıra dostların özündə qıcıq və suallar yaradır: "AXCP və ona bağlı olan qurumlarsa bu məqamdan Müsavata qarşı şantaj vasitəsi kimi istifadə edir. Müsavat Partiyasının 5-ci başqanı İsa Qəmbər kənardan və daxildən olan bu basqılara cavab kimi "... "Yeni Müsavat"a qarşı hücumlar mənə olan hücumlardır" düsturunu irəli sürmüşdü. Lakin hesab edirəm ki, bu cür proses uzun müddət davam edə bilməz. Tamamilə haqlı olaraq Müsavatın 6-cı başqanı Arif Hacılı Məclisdəki sonuncu çıxışında "Yeni Müsavat"ı partiyadan asılı olmayan, öz baş redaktorunun və kollektivinin yönəltdiyi müstəqil qəzet elan edib...".