Əsəb müharibəsi davam edəcək Siyasət

Əsəb müharibəsi davam edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə səfəri və həmkarı Mövlud Çavuşoğlu ilə görüşündən sonra keçirilən mətnuat konfransında səsləndirdiyi fikirlər Ankara ilə Moskva arasında, yalnız mövcud geosiyasi reallıqlar çərçivəsində mühüm əhəmiyyət kəsb etməyən məsələlərdə uzlaşmanın əldə olunduğunu söyləməyə əsas verir.

Bu, ilk növbədə Rusiya-Ukrayna dialoqunun Türkiyənin vasitəçiliyi ilə davam etdirilməsi təşəbbüsünə yanaşmada özünü büruzə verir.

Mövlud Çavuşoğlunun mətbuat konfransında “Rusiya və Ukrayna arasında dialoqa qayıtmaq üçün zəmin yarandığını” dilə gətirməsi, həm Kiyev, həm də Moskva, həm də Avropa İttifaqı tərəfindən belə bir istəyin olduğu ehtimalını yaradır.

Doğrudur, Çavuşoğlu bunu Ukrayna Prezidenti Vladimir Zelenskinin son açıqlamaları və Türkiyənin səyləri əlaqələndirib. Amma Lavrovun açıqlamaları Moskvanın da, mahiyyət etibarilə dialoqun davam etdirilməsində maraqlı olduğunu təsdiqləyir. Baxmayaraq ki, Rusiyanın xarici işlər naziri danışıqlar prosesinin pozulmasında Ukrayna tərəfinin günahkar olduğunu diqqətə çatdırmağa çalışır. Rusiya XİN rəhbərinin qənaətinə görə, Zelenski Putinlə görüş xatirinə görüş istəyir və gündə bir fikrə düşür.

Sitat: “Zelenski bəyan edib ki, danışıqları Rusiya öz hərbi kontingentini 24 fevrala qədərki xəttə geri çəkərsə, bərpa edəcək. Bu, tamamilə qeyri-ciddi yanaşmadır. Bu, həm də İstanbulda martın 29-da Ukrayna nümayəndə heyətinin irəli sürdüyü təşəbbüslərlə ziddiyyət təşkil edir. Bu cür bəyanatları biz hər gün dəfələrlə müşahidə edirik. Hesab edirik ki, danışıqlar komandasının işini bərpa etmək üçün top iki aya yaxındır ki, Ukrayna tərəfindədir. Aprel ayında biz öz təkliflərimizi Ukrayna tərəfinə təqdim etmişik. Lakin bu günə kimi onlardan cavab ala bilməmişik”. Göründüyü kimi, Rusiya dialoqun davam etdirilməsi üçün Ukraynanın Moskvanın şərtlərinə münasibət bildirməsini istəyir. Son günlər Avropa İttifaqının ərzaq böhranı ilə bağlı yaratdığı ajiotaj və transmilli medianın bu istiqamətdə apardığı təbliğat belə düşünməyə əsas verir ki, Ukrayna şərtlərin bir qismi ilə razılaşmaq məcburiyyətində qalıb və Kiyevin geri çəkilməsində həm Vaşinqtonun, həm də Brüsselin müəyyən rolu var.

Lavrovun səfərində diqqət çəkən məqamlardan biri də Ukrayna taxılının dünya bazarına çıxarılması ilə bağlıdır.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun sözlərinə görə, Ukrayna taxılının dünya bazarlarına çıxarılması üçün BMT, Rusiya, Ukrayna və Türkiyənin iştirakı ilə plan mövcuddur, bu mexanizm Türkiyəni qane edir, lakin həm Rusiya, həm də Ukrayna tərəfinin də bu plana razılıq verməsi lazımdır.

Amma Lavrovun açıqlamalarından belə anlaşılır ki, Mockva bu prosesdə BMT, Türkiyə və Ukraynanın birbaşa iştirakını arzulamır. Rusiya XİN rəhbərinin yanaşmasına görə, bu məsələdə yalnız əməkdaşlı mümkündür, təhlükəsizliyə isə Moskva təminat verəcək. Kreml bununla bütün təzyiq mexanimlərini, istənilən an işə salmaq çün öz əlində cəmləməyə çalışır və qərbi mövcud status-kvo ilə barışmağa məcbur etmək istəyir. Şübhəsiz ki, qərb liderlərinin ərzaq böhranı ilə bağlı həyacanlı bəyanatları da buna əsas verir. Moskva yaxın prespektivdə Ukrayna ilə bağlı bütün məsələlərdə tərəf kimi yalnız özünü gördüyünü diqqətə çatdırmaq istəyir ki, bu da rəsmi Ankaranı heç cür qane edə bilməz.

Məhz bu baxımdan, Mövlud Çavuşoğlunun rusiyalı həmkarının diqqətinə çatdırdığı bəzi məqamlara nəzər salmağın vacibliyini düşünürəm. Çavuşoğlu deyir:

“Biz Rusiya və ya Ukraynanı məmnun etmək üçün addımlar atmırıq. Verdiyimiz qərarlar Rusiyanı narahat edir. Digər tərəfdən isə Ukrayna bizim Rusiyaya qarşı sanksiyalara qatılmamağımıza görə narazı ola bilər, amma bu bizim obyektiv siyasətimizdir. Nəticədə isə müharibəni dayandıracaq və diplomatiya yoluna geri döndürəcək addımların atılmasını daha doğru bilirik”.

Türkiyə xarici işlər nazirinin açıqlamasından da göründüyü kimi, qardaş ölkənin nə Rusiyanın, nə də Ukraynanın və həm də Qərbin iddiaları ilə barışmaq niyyəti yoxdur. Ankara müstəqil siyasət yürütmək niyyətindən əl çəkməyəcək və indiki şəraitdə Türkiyənin istənilən addımı, Avrasiya məkanında qüvvələr nisbətini dəyişə bilər. Bu xüsusda Türkiyənin digər tərəflər Ankaranın rolunu sonunadək dərk edənə kimi manevrlərini daha geniş bir müstəvidə davam etidirəcəyini düşünürəm. Əsəb müharibəsi davam edəcək.

Elçin Mirzəbəyli