Donbasda Dağlıq Qarabağ ssenarisi... Siyasət

Donbasda Dağlıq Qarabağ ssenarisi...

Politoloq: "Bunun nə ilə nəticələnəcəyi də çox qaranlıqdır"

Regional və qlobal hadisələrin fonunda erməni lobbisi də öz məkrli planlarını davam etdirməkdədir. Tarixən Azərbaycan və Türkiyəyə, ümumilikdə Türk dünyasına qarşı düşmən mövqedə dayanan erməni lobbisi hazırkı situasiyada Türkiyənin üzləşdiyi çətinliklər fonunda ona psixoloji zərbə vurmağı hədəfləyib. Təbii ki, ermənilər bu dəfə də planlarını kənar qüvvələr, dövlətlərin əli ilə həyata keçirməyi düşünür. Bu günlərdə Ukrayna və Fələstində erməni maraqlarına xidmət edən təşəbbüslərin irəli sürülməsi belə deməyə əsas verir. Kütləvi informasiya vasitələrinin yaydığı xəbərlərdən də aydın olur ki, Dnepropetrovskda qondarma erməni soyqırımı ilə bağlı sənədi müzakirə etməyə hazırlaşır. Hətta prezident Poroşenkonun da buna dəstək verdiyi bildirilir. Əslində Ukraynanın mövqeyini, daha dəqiq desək mövqesizliyini başa düşmək olar. Heç kimə sirr deyil ki, bu ölkədə erməni lobbisi kifayətqədər güclüdür. Hətta sonuncu parlament seçkiləri zamanı da ermənilər Ukrayna Ali Radasında müəyyən sayda mandat əldə edə bildilər. Heç şübhəsiz ki, ötən müddət ərzində erməni deputatlar Ukraynanın rəsmi dairələri, sözügedən vilayətin qanunverici orqan rəhbərliyi ilə məqsədyönlü iş apararaq onları ələ ala biliblər. Hazırda da istəklərinə nail olmaq ərəfəsindədirlər. Ancaq Fələstin lideri Mahmud Abbasın "Böyük Ermənistan" arzusunu dilə gətirməsi heç də başadüşülən deyil. Baxmayaraq ki, Türkiyə, eyni zamanda Azərbaycan hər zaman beynəlxalq səviyyədə Fələstinin maraqlarından çıxış edib. Hətta rəsmi Ankara Qəzzaya humanitar yardım çatdırmaq məsələsində Türkiyə ilə İsrail arasında əlaqələr hətta düşmənçilik münasibətlərinə qədər gəlib çatıb. Bəs görəsən bütün bunların mqabilində Fələstin liderini "Böyük Ermənistan" arzusunu dilə gətirməyə nə vadar edir? Bu və ya digər məsələlərlə bağlı siyasi ekspert Arzu Nağıyevlə söhbətləşdik.
Arzu Nağıyev Fələstin liderinin "Böyük Ermənistan" ideyasını dilə gətirməsinin səbəblərinə toxunub. Bildirib ki, bunun üçün yaxın tarixdə baş verəın prosesləri analiz etmək lazımdır: "ASALA terror təşkilstı 1975-ci ildə, Livanda vətəndaş müharibəsi getdiyi bir vaxtda Beyrut şəhərində, separat Fələstin dəstələrinin yardımı ilə yaradılıb: "Bu bir tarixi faktdır. Bundan başqa Ermənistan Fələstinin dövlət kimi qəbul edilməsinin daima əleyhinə olub, bütün təkidlərə baxmayaraq razılıq vermirdi. Hətta Fələstin rəsmləri ermənilərin təkidinə baxmayaraq Dağlıq Qarabağla bağlı paralellər aparmayıblar. Bütün təkidlərə baxmayaraq sonradan Ermənistan razılığa gəldi və Fələstini tanıdı. Yəni ola bilsin bu razılıqda müəyyən bir gizli danışıq da var ki, Fələstin lideri Mahmud Abbas bu ideyadan danışır". Siyasi ekspert deyir ki, bu məsələdə Azərbaycan-İsrail münasibətlərini də nəzərə almaq lazımdır: "Ortada Azərbaycan – İsrail münasibətləri də mühüm rol oynayır. Çünki İsrail ilə Azərbaycanın münasibətləri Dağlıq Qarabağ münaqişəsində demək olar ki, tam üst-üstə düşür və hətta İsrail Xocalı soyqırımını tanımağa çağırır. Bunu Xolokost hadisələri ilə əlaqədar BMT –də öz çıxışında İsrailin dövlət başçısı səsləndirirb. Bunu isə Fələstin düşmən mövqe kimi qəbul edir və ola bilsin bu baxımdan bəzi bəyanatlar verilir".
Arzu Nağıyev bu arada Ukraynada qondarma erməni soyqırımı ilə bağlı məsələnin gündəmə gəlməsi və prezident Poroşenkonun da belə bir sənədin qəbul edilməsinə maraqlı görünməsinə də toxunub. Ekspertin sözlərinə görə, Donbasda baş verən separat hərəkətlər demək olar ki, Dağlıq Qarabağ ssenarisi üzrə davam etdirilir: "Və bunun nə ilə nəticələnəcəyi də çox qaranlıqdır. Məhz belə bir məqamda, Ukraynanın ağır və həssas vəziyyətində Dnepropetrovskda qondarma soyqırımla bağlı məsələnin ortaya atılmasını ancaq və ancaq ermənilərin göstərişi və ya birbaşa müdaxiləsi ilə təxribat kimi qiymətləndirmək olar. Bu Ukraynanın milli maraqlarına zərbə vuran addımdır. Ola bisin psevdodemokratlar bir sıra Avropa dövlətlərindən dərs alaraq bu addımı atmağa çalışırlar". Arzu Nağıyev deyir ki, ancaq Ukrayna prezidenti Poroşenkonun belə bir sənədə imza atması və ya qəbuluna razı olması inadırıcı deyil: "Çünki hətta qondarma soyqırımla bağlı İrəvanda keçirilən tədbirlərdə də iştirak etmədi. Bu addım sadəcə olaraq təxribat kimi və xalqlarımız arasında ədavət salmaq səyindən başqa bir şey deyil. Təbii ki, bizim Azərbaycan diasporasının da üzərinə böyük məsuliyyət düşür və gələcəkdə bu kimi halların təkrar olunmamaslı üçün səylərini artırmalıdırlar".