Avropa Şurası belə bir addım atmaqla əsl mahiyyətini bir daha göstərmiş oldu Siyasət

Avropa Şurası belə bir addım atmaqla əsl mahiyyətini bir daha göstərmiş oldu

Azay Quliyev: "O ki qaldı bunun səbəblərinə, bu gün təəssüflər olsun ki, anti-Azərbaycan qüvvələri fəallaşıblar, öz fəaliyyətlərini koordinasiya ediblər"

Avropa Şurası (AŞ) Azərbaycanda insan haqlarına dair birgə işçi qrupundan çıxdığını bəyan edib. Bu bəyanatla AŞ baş katibinin mətbuat katibi çıxış edib. Bəyanatda deyilir: "Avropa Şurasının baş katibi Torbörn Yaqland oktyabrın 7-də AŞ Nazirlər Kabinetini Azərbaycanda insan haqlarına dair birgə işçi qrupundakı iştirakına son qoyması barədə məlumatlandırıb. AŞ-nin nümayəndəsi 2014-cü ilin oktyabrından bəri qarşısına Azərbaycan vətəndaş cəmiyyəti ilə hökumət arasında dialoqun bərpa olunmasını məqsəd qoyan Bakı görüşlərində iştirak edib. Lakin bu təşəbbüslərə baxmayaraq ölkədə hüquq müdafiəçiləri ilə bağlı ümumi vəziyyət dramatik şəkildə pisləşib. Həbs edilən hüquq müdafiəçilərinin sayı artıb. Avropa Şurası isə onların saxlanma şəraitinin qeyri-məqbul olmasına dair narahatlıq doğuran məlumatlar alır. AŞ baş katibi bütün bunlarla əlaqədar Azərbaycan prezidenti İlham Əliyevi də öz qərarı barədə məlumatlandırıb".
Avropa Şurasının baş katibi Torborn Yaqland öz tvitter səhifəsində isə "təəssüflər olsun ki, mən Azərbaycanda insan haqları üzrə birgə işçi qrupunda Avropa Şurasının iştirakını ləğv etmişəm",- deyə bildirib. Yaqland qeyd edib ki, Avropa Şurası Azərbaycanda insan haqları üzrə birgə işçi qrupunun tərkibindən çıxıb.
Onun sözçüsünün BBC –yə bildirdiyinə görə, bu, Azərbaycanla dialoqun sonu demək deyil. "Amma ölkədə insan haqlarının vəziyyəti pisləşəndə aydın olur ki, bu görüşlərin mənası yoxdur".
Avropa Şurasının kommunikasiyalar üzrə direktoru və baş katibin mətbuat katibi Daniel Holqten isə deyib ki, AŞ Azərbaycanla insan haqları üzrə birgə işçi qrupundan çıxmaq qərarı AŞ-nin Parlament Assambleyasının noyabrın 1-də keçiriləcək Azərbaycan parlamenti seçkiləri üzrə müşahidə missiyası ilə bağlı deyil.
Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədov isə bildirib ki, Azərbaycan istənilən tərəfin seçkiləri müşahidə etməsinə həmişə açıqdır: Onun sözlərinə görə, hər məsələni seçkiyə aid etmək də düzgün deyil. Artıq seçkilərə az qalıb, tərəfimizdən bu istiqamətdə fəaliyyət daim olub və indi də davam edir. Əsas məqsədimiz seçkiləri hansısa qurumların maraqlarına görə deyil, xalqımızın maraqlarına görə keçirmək, seçicilərin hüquqlarının təmin edilməsini yüksəltməkdir. Ona görə də seçki prosesinin daim təkmilləşdirilməsinin şahidi oluruq. Biz həmişə seçkilərin müşahidə edilməsi üçün şərait yaratmışıq...".

İnsan hüquqları məsələləri üzrə birgə işçi qrup bəyanat qəbul edib: Bəyanatda deyilir: ""2005-ci ildə insan hüquqlarının müdafiəsi təşkilatlarının və Azərbaycan hakimiyyətinin nümayəndələrindən ibarət tərkibdə Azərbaycanda insan hüquqları məsələləri üzrə birgə işçi qrupu yaradılıb. Ölkəmizdə insan hüquqlarının müdafiəsi ilə bağlı bir sıra məsələlərin ortaya çıxarılması ilə əlaqədar olaraq işçi qrupu bu məsələlərin insan hüquqlarının müdafiəsi təşkilatlarının nümayəndələrinin dövlət hakimiyyəti ilə əməkdaşlığı çərçivəsində ölkə daxilində həll edilə biləcəyini vurğulayıb.
Lakin anti-Azərbaycan qüvvələri, o cümlədən Avropa Şurasındakı bəzi dairələr ölkəmizdə vətəndaş cəmiyyəti ilə hökumət arasında dialoqun qarşısını almağa səy göstəriblər. İşçi qrupunun üzvləri Avropa Şurasını bu dialoqa maneələr törətməməyə çağırıb, lakin Avropa Şurasının Parlament Assambleyası öz qərəzli yanaşması nəticəsində 2008-ci ildə işçi qrupunun fəaliyyətinin dayandırılmasına nail olub. Baxmayaraq ki, işçi qrupunun fəaliyyəti dövründə məsələləri hüquq-müdafiə təşkilatları tərəfindən qaldırılmış 150-yə yaxın məhkum azad edilib.
2014-cü ildə Avropa Şurasının baş katibi Turbyorn Yaqland Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edərək birgə işçi qrupunun fəaliyyətinin bərpa olunmasını xahiş edib və Azərbaycan Prezidenti xoş niyyətini nümayiş etdirərək buna razılıq verib.
Azərbaycan vətəndaş cəmiyyətinin və hakimiyyətinin nümayəndələrindən ibarət birgə işçi qrupu 2008-ci ildən sonra birinci iclasını 2014-cü il oktyabrın 22-də keçirib. Birgə işçi qrupunun Avropa Şurası baş katibinin nümayəndəsinin iştirakı ilə keçirilmiş iclaslarında qrupun üzvləri hüquqlarının pozulduğu ehtimal edilən şəxslərlə bağlı məsələləri müzakirə etmiş və bu məsələlərin həlli üçün müvafiq dövlət orqanlarına, o cümlədən məhkəmələrə təkliflər hazırlayıblar. Bundan əlavə, birgə işçi qrupunun iclaslarında insan hüquqları və vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı aktual məsələlər müzakirə edilib, bəzi problemlərin həll edilməsi üçün konkret tədbirlər həyata keçirilib.
Qısa müddətdə işçi qrupunun fəaliyyəti nəticəsində insan hüquqlarının müdafiəsi təşkilatlarının siyahılarında qeyd olunmuş 16 nəfər azad edilmiş, 1 nəfərin cəza müddəti azaldılıb.
Bu nəticələr göstərir ki, işçi qrupunun fəaliyyəti insan hüquqları ilə bağlı məsələlərin səmərəli şəkildə həll olunmasına, Azərbaycanda vətəndaş cəmiyyəti ilə hakimiyyət nümayəndələri arasında konstruktiv və açıq dialoqun inkişafına xidmət edib.
Bu şəraitdə Avropa Şurası baş katibinin bəyanatı yalnız təəccüb və təəssüf hissləri doğura bilər.
Biz, birgə işçi qrupunun üzvləri əminik ki, beynəlxalq hökumətlərarası təşkilatlar müəyyən dairələrin göstərişlərini yerinə yetirmək əvəzinə, hər bir üzv dövlətdəki vəziyyətə obyektiv yanaşmalı, əməkdaşlıq sayəsində əldə edilən müsbət nəticələri düzgün qiymətləndirməli, vətəndaş cəmiyyəti ilə hakimiyyət arasında dialoqu dəstəkləməlidir.
Hesab edirik ki, anti-Azərbaycan qüvvələrinin təkidi və təsiri nəticəsində Avropa Şurası baş katibinin qəbul etdiyi bu əsassız qərar yalnız Avropa Şurasının nüfuzuna xələl gətirir.
İşçi qrupu anti-Azərbaycan qüvvələri öz çirkin oyunlarına son qoymağa çağırır və bəyan edir ki, bu oyunlar Azərbaycanda insan hüquqlarının inkişaf etdirilməsinə və vətəndaş cəmiyyəti ilə dövlət orqanları arasındakı dialoqun davam etdirilməsinə maneə törədə bilməyəcək!"

"Avropa Şurasının baş katibi Turbyorn Yaqlandın verdiyi açıqlama doğrudan da bizdə təəccüb doğurdu, çünki belə bir qurumun baş katibinin Azərbaycanda dialoqa, əməkdaşlığa və tərəfdaşlığa qarşı çıxması normal hal sayıla bilməz".
Bunu isə Milli Məclisin deputatı, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvü Azay Quliyev Avropa Şurasının baş katibi T.Yaqlandın Nazirlər Komitəsinin Azərbaycanda insan hüquqları üzrə birgə işçi qrupundan öz nümayəndəsinin geri çağrılması barədə qərarına münasibət bildirərkən deyib.
A.Quliyev vurğulayıb ki, Avropa Şurasının və ümumiyyətlə beynəlxalq təşkilatların, əməkdaşlıqla və tərəfdaşlıqla məşğul olan və bu prinsipi əsas tutan, cəmiyyətdə daim harmoniyanı, ictimai barışı təbliğ edən qurumların nümayəndələrinin belə bəyanat verməsi doğrudan da təəssüf hissi doğurur: "Bu, belə bir anlamda qəbul olunur ki, bu adamlar doğrudan da öz mandatlarını mənfi istiqamətə, dialoqa, ictimai anlaşmaya, ictimai barışa qarşı, insan haqlarının müdafiəsinə deyil, tam əksinə, insan haqlarının müdafiəsi istiqamətində atılan addımlara qarşı istifadə edirlər. Bu, təbii ki, çox üzücüdür, mən bunu çox yanlış hal kimi hesab edirəm".
A.Quliyev bildirib ki, Avropa Şurası belə bir addım atmaqla əsl mahiyyətini bir daha göstərmiş oldu: "O ki qaldı bunun səbəblərinə, bu gün təəssüflər olsun ki, antiazərbaycan qüvvələri fəallaşıblar, öz fəaliyyətlərini koordinasiya ediblər. Şübhə etmirəm ki, Turbyorn Yaqland da məhz bu təsir altında, həmin antiazərbaycan qüvvələrinin və şəbəkənin bilavasitə təlimatı ilə belə bir əsassız addım atıb. İnsan Haqları üzrə İşçi Qrupu çox məhsuldar fəaliyyətləri ilə yadda qalıb. Bu qrup çox mühüm işlər görüb. Məsələn, 2005-ci ildə yaranan işçi qrup qısa müddət ərzində özünü göstərib. İşçi qrupunun təklifi ilə 150-ə yaxın məhkum azad edilib. 2014-cü il oktyabrın 22-də fəaliyyəti bərpa olunduqdan sonra da təxminən 16 nəfər məhkumun azad olunması, bir nəfərin isə cəza müddətinin aşağı endirilməsi ilə bağlı işçi qrupunun təklifləri nəzərə alınıb. Azərbaycanda çox yaxşı dialoq mühiti formalaşıb. Buna qarşı çıxmaq anormallıqdır, qəbuledilməzdir".
A.Quliyevin sözlərinə görə, bu gün belə çıxır ki, Avropa Şurası Azərbaycanda insan haqları ilə bağlı yaradılmış milli mexanizmin efektivliyini və ümumiyyətlə, milli mexanizmin olmasını qəbul etmir: "Onlar insan haqları məsələlərinin Azərbaycanın daxilində həll edilməsinin tərəfdarı deyillər. Ona görə də onlar buradan Yaqlandın nümayəndəsini geri çəkməklə, bu məsələnin beynəlxalq müstəviyə çıxarılmasına, bundan istifadə edərək Azərbaycana təzyiqlərin davam etdirilməsinə bir növ rəvac vermiş oldular. Əminəm ki, Avropa Şurasının Parlament Assambleyası da Yaqlandın bu məntiqsiz addımına öz siyasi qiymətini verəcək".
A.Quliyev əlavə edib ki, Yaqland, Avropa Şurası oldu-olmadı, Azərbaycan insan haqları və vətəndaş cəmiyyəti institutları ilə bağlı daim həssaslıq nümayiş etdirib və bu gün ölkədə hakimiyyətlə vətəndaş cəmiyyəti institutları arasında çox yaxşı anlaşma, dialoq, əməkdaşlıq mühiti var: "Yaqlandın nümayəndəsi burada oldu-olmadı, işçi qrupu işini davam etdirəcək, dövlətlə cəmiyyət arasındakı bu anlaşma, ictimai barış daha da möhkəmlənəcək. Sadəcə olaraq, biz istəyirdik ki, Avropa Şurasının da nümayəndəsi burada olsun, bir növ Avropa Şurası ilə, beynəlxalq təşkilatlarla biz əməkdaşlığımızda nə qədər sədaqətli, səmimi olduğumuzu göstərirdik. Onların da burada olması ilə müəyyən mənada Avropa Şurası ilə Azərbaycanın işçi qrupu arasında bir koordinasiyanın, əməkdaşlığlın olmasını istəyirdik. Bir halda ki, bunlar birtərəfli qaydada bu əməkdaşlıqdan imtina edirlər, bundan yalnız Avropa Şurasının özü uduzacaq. Biz onsuz da işimizi davam etdirəcəyik".

Əli