"Dəmir Yumruq" əməliyyatı və Prezident İlham Əliyevin bərpa etdiyi tarixi ədalət Siyasət

"Dəmir Yumruq" əməliyyatı və Prezident İlham Əliyevin bərpa etdiyi tarixi ədalət

Ötən 30 il ərzində Birləşmiş Millətlər Təşkilatının (BMT), ATƏT-in, Avropa Şurasının, Avropa Birliyinin və digər bu kimi təşkilatların keçmiş Qarabağ münaqişəsinin həlli ilə bağlı qəbul etdiyi qətnamələrin icra olunmaması, təcavüzkarla təcavüzə məruz qalan tərəf arasında heç bir fərqin qoyulmaması, İrəvan üçün yaradılan cəzasızlıq mühiti Ermənistanı daha genişmiqyaslı təxribatlara sövq edirdi. Ermənistanın 2018-ci ilin mayında inqilab yolu ilə hakimiyyətə gələn baş naziri Nikol Paşinyan və komandası da beynəlxalq təşkilatların İrəvan üçün yaratdığı cəzasızlıq mühitindən ruhlanaraq Azərbaycana qarşı yeni hərbi-siyasi iddialar səsləndirməyə başlamışdı.

Nikol Paşinyan hakimiyyətinin Azərbaycana qarşı səsləndirdiyi sərsəm iddialar və addımlar:

- Ermənistanın baş naziri Nikol Paşinyan "Qarabağ Ermənistandır" ifadəsini işlətdi;

- Qondarma rejimin parlamentinin Şuşaya köçürülməsinə cəhd göstərildi;

- Keçmiş müdafiə naziri David Tonoyanın ABŞ-dan “Yeni ərazilərin işğalı üçün yeni müharibə" şüarı ilə çıxış etdi.

Ermənistan hakimiyyətinin hərbi-siyasi təhdidlərinin praktik mərhələdə icrası

Rəsmi İrəvan 2019-cu ilin sonlarından Bakıya qarşı istifadə etdiyi hərbi təhdid ritorikasının praktik icrasına start verdi və Azərbaycanın cəbhə bölgəsində yerləşən kəndlərini ağır silahlarla atəşə tutmağa başladı. 2020-ci ilin 12 iyulunda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində qarşı tərəfin törətdiyi təxribat İrəvanla Bakı arasında hərbi gərginliyi pik həddə çatdırdı. Azərbaycan ordusu sərt cavab tədbirləri ilə Ermənistanın tərxibatçı planlarını iflasa uğratsa da, İrəvan işğalçılıq niyyətlərindən əl çəkmirdi.

Erməni təxribatlarının şiddətlənməsi və Vətən Müharibəsinə gedən yol

"Tovuz döyüşləri" kimi zehinlərə həkk olunan hərbi gərginlik və sonrasında baş verən siyasi-diplomatik hadisələr Azərbaycan xalqının tarixi zəfərinin yaxınlaşdığına bir işarə idi. Çünki Tovuz döyüşlərində yüksək rütbəli hərbçilərin şəhid olması, Ermənistan ordusunun Qarabağda deyil, artıq dövlət sərhədində genişmiqyaslı təxribatlara cəhd göstərməsi, beynəlxalq təşkilatların baş verən hadisələrə laqeyd yanaşması cəmiyyətdə düşmənə qarşı daha böyük nifrət hissi yaratmağa başlamışdı. Xalq sanki böyük qisas gününün yaxınlaşdığını hiss edirdi. Gərginlik fonunda qarşı tərəfdə hərbi aktivlik ciddi şəkildə artmışdı və Ermənistan ordusuna yeni hərbçilər cəhd edilir, mülki əhali silahlandırılırdı. Bundan başqa, Ermənistan 2020-ci ilin avqust-sentyabr ayları ərzində cəbhə xəttinə yaxın ərazilərdə mülki əhalini, kəndləri ağır silahlarla daha intensiv şəkildə atəşə tutmağa başlamışdı, diversiya əməliyyatlatının şiddətini artırmışdı. Təbii ki, Azərbaycan ordusu Ermənistanın təxribatının qarşısında cavabsız qala bilməzdi.

Artıq vaxt yetişmişdi... Azərbaycanın müasir tarixində çox vacib mərhələ başlayırdı.

Azərbaycan xalqı 2020-ci ilin 27 sentyabr tarixində, səhər saatlarında tam fərqli bir günə oyandı. Televiziyalar, radiolar, saytlar və sosial şəbəkələr ard-arda bu xəbəri tirajlayırdı: "Səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdi".

Ali Baş Komandan, Prezident İlham Əliyevin əmri ilə 27 senytabrda ordumuzun erməni təxribatına verdiyi cavab Ermənistan cəmiyyətində və hakimiyyətində şok effekti yaratmışdı. İrəvan tələsik hərbi vəziyyət və ümumi səfərbərlik elan etməklə qarşıdurmanın qısa müddətdə alovlanmasına, genişmiqayaslı hərbi əməliyyatların başlamasına rəvac verdi. Rəsmi İrəvanın genişmiqyaslı hərbi gərginlik yaratmaqla bağlı planlarını praktik mərhələdə icra etməyə başlaması, Bakını da hərəkətə keçirdi. Nəticədə, Azərbaycanda hərbi vəziyyət və komendant saatı, həmçinin 28 sentyabrda qismən səfərbərlik elan olundu.

"Dəmir Yumruq" əməliyyatı və bərpa olunan tarixi ədalət

Azərbaycan 30 ilə yaxın müddətdə hərbi, siyasi və iqtisadi baxımdan İrəvandan güclü olsa da, münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq çərçivəsində, Birləşmiş Millətlər Təşkilatının (BMT) 4 qətnaməsinə uyğun olaraq həll olunmasına sadiqlik nümayiş etdirdi, ciddi səylər göstərdi. Münaqişənin başladığı ilkin dövrdə BMT-nin Təhlükəsizlik Şurası Qarabağla bağlı 4 qətnamə qəbul etmişdi. Həmin qətnamələrə görə, Ermənistan ordusu qeyri-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmalı idi.

Həmçinin münaqişənin sülh yolu ilə həll edilməsi üçün tərəflər arasında vasitəçilik rolunu üzərinə götürən ATƏT-in Minsk Qrupunun üzvləri - ABŞ, Fransa və Rusiya missiyalarına uyğun davranmadılar, öhtəliklərini yerinə yetirmədilər. Azərbaycan 30 ilə yaxın müddətdə qəbul olunmuş 4 qətnamənin icrası üçün təkid etsə də, BMT heç bir müsbət atmadı, təcavüzkara təzyiq göstərmədi. Azərbaycan haqlı olduğu təqdirdə təhrikedici addımların, Ermənistanın hərbi-siyasi rəhbərliyinin daha da azğınlaşmasının və mülki əhalimizə qarşı hücumlarına cavab olaraq, BMT-nin Qarabağla bağlı qəbul etdiyi bəyanatlarının nə vaxt icra edəcəyini gözləməli idimi? Əlbəttə ki, xeyr.

Gözləmədik də...

Azərbaycan Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyilə, BMT- Nizamnaməsinin 51-ci maddəsini əsas tutaraq, (BMT Nizamnaməsinin 51-ci maddəsi ilə dövlətlərə verilən özünümüdafiə hüququ verilib) 30 ilə yaxın işğal altında qalan Qarabağ torpaqlarının azad edilməsi üçün "Dəmir Yumruq" əməliyyatına start verildi. Sözün həqiqi mənasında Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan Silahlı Qüvvələrinin hərbi manevrləri qarşısında diz çökməyə, kaputiliyasiya aktı imzalamağa məcbur oldu.

Uğurlu "Dəmir Yumruq" əməliyyatı nəticəsində azad olunan ərazilər:

- Cəbrayıl rayonu - 4 oktyabr 2020-ci il;

- Füzuli rayonu - 17 oktyabr 2020-ci il;

- Zəngilan rayonu - 20 oktyabr 2020-ci il;

- Qubadlı rayonu - 25 oktyabr 2020-ci il;

- Şuşa şəhəri - 8 noyabr 2020-ci il.

Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanan üçtərəfli bəyanata əsasən İrəvan Laçın, Kəlbəcər və Ağdam rayonlarını döyüşsüz qaytarmağa məcbur oldu.

- Ağdam rayonu - 20 noyabr 2020-ci il;

- Kəlbəcər rayonu - 20 noyabr 2020-ci il;

- Laçın rayonu - 1 dekabr 2020-ci il;

- Üçtərəfli bəyanatda əsasən Qarabağın müəyyən bölgələrinə 5 il müddətinə Rusiya sülhməramlı kontingenti yerləşdirildi.

Üçtərəfli bəyanata görə Ermənistanın üzərinə götürdüyü öhtəliklər:

- Ermənistan üzərinə Qarabağdan qanunsuz silahlı birləşmələrin qoşunların çıxarmalıdır;

- Naxçıvanı Azərbaycanın materik hissəsi ilə birləşdirən nəqliyyat infrastrukturunun açmalıdır;

- Bölgədəki nəqliyyat-kommunikası vasitələrinin (Zəngəzur dəhlizinin) hərəkətinin bərpası üçün addımlar atmalıdır.

Müharibə dövründə Azərbaycana göstərilən beynəlxalq təzyiqlər və Prezident İlham Əliyevin uğurlu diplomatik manevrləri

Müharibənin ilk günlərindən ağır cavab zərbələri alan Ermənistanın hərbi-siyasi rəhbərliyi çaşqın və çıxılmaz vəziyyətə düşmüşdü. Baş nazir Nikol Paşinyan isə çıxış yolunu daha çox Rusiya Prezidenti Vladimir Putinə və Fransa Prezidenti Emmanuel Makrona zəng vurub, Azərbaycanı dayandırmaq barədə xahişlər etməkdə, sözün həqiqi mənasında yalvarmaqda görürdü. 30 ilə yaxın müddətdə münaqişəsinin həlli ilə bağlı əməli addımlar atmayan bəzi beynəlxalq təşkilatlar və bir neçə dövlət isə Vətən Müharibəsinin başladığı ilk günlərdən Azərbaycana qarşı təzyiqlər edirdilər. Prezident İlham Əliyev 2020-ci il oktyabrın 26-da xalqa etdiyi müraciət zamanı Azərbaycana göstərilən təzyiqlərlə bağlı danışdı və həmin qüvvələrin əsassız iddialarına sərt cavab verdi.

Prezident İlham Əliyevdən sitat: "Mən son bir neçə il ərzində demişdim ki, dünya artıq əvvəlki dünya deyil. Güc amili ön plana çıxır və bunu biz etməmişik. Baxın, görün indi böyük dövlətlər beynəlxalq hüquqa məhəl qoyurlarmı? Xeyr. BMT Təhlükəsizlik Şurasına məhəl qoyurlarmı? Xeyr. İstədiklərini edirlər, hərə öz yerində, öz tərəfində, biri ora girib, biri bura girib, biri hansısa ərazini bölür. Beynəlxalq hüquqdan əsər-əlamət yoxdur. Biz onda bunu niyə müdafiə etməliyik? Halbuki, biz müdafiə edirik, beynəlxalq hüququn kənarında heç bir addım atmırıq. Ermənistan torpağına girmirik, beynəlxalq birlik tərəfindən tanınmış torpaqlarımızı bərpa edirik. Əgər BMT Təhlükəsizlik Şurasının daimi üzvlər, Minsk qrupunun həmsədrləri bunu edə bilməyiblərsə, çəkilsinlər kənara, mane olmasınlar. Ermənistandan fərqli olaraq biz heç kimdən kömək istəmirik. Mane olmasınlar və Azərbaycan xalqının səbri ilə oynamasınlar".

Təbii ki, bəzi ermənipərəst təşkilatlar və dövlətlər Prezident İlham Əliyevin tarixi faktlara əsaslanan çıxışları qarşısında susmaq məcburiyyətində qalırdı. Həmçinin Vətən Müharibəsi dövründə Türkiyə, İsrail və Pakistanın Azərbaycanı siyasi cəhətdən dəstəkləməsi, Rusiyanın gərginlik fonunda neytral mövqe nümayiş etdirməsi ermənipərəst təşkilatların əl-qolunu bağlayırdı, onlar Bakıya qarşı effektiv təzyiq göstərə bilmirdilər.

Prezident həm 44 günlük müharibədən əvvəl, həm müharibə dövründə, həm də müharibədən sonra Azərbaycanın haqq davasının dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayıb və hazırda da həmin missiyanı davam etdirir. Ölkə başçısı anti-Azərbaycan mövqe tutan, Qarabağın Azərbaycan ərazisi olmasını qəbullanmayan televiziyaların əməkdaşlarına tarix dərsi keçmişdi.

Ölkə başçısı Almaniyanın ARD televiziya kanalının jurnalistinin “Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir?” sualına verdiyi tutarlı cavab: “- Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik”.

Prezident İlham Əliyev “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi zamanı Fransa hakimiyyətinə verdiyi tutarlı cavab: “Onlar Azərbaycandan əl çəkməlidirlər, onlar regiondan əl çəkməlidirlər. Biz burada öz torpağımızdayıq. Bizim torpağımız işğal olunub. Əgər Fransa Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə istəyirsə, qoy onlar demək olar ki, sakinlərinin yarısı ermənilərdən ibarət olan Marsel şəhərini onlara versinlər və onlara Dağlıq Qarabağ respublikası elan etməyə icazə versinlər və qoy onlara müstəqillik versinlər. Qoy Korsikaya müstəqillik versinlər, qoy basklara müstəqillik versinlər. Niyə onlar bizdən Dağlıq Qarabağ üçün müstəqillik tələb edirlər? Onların bunu bizdən tələb etməyə nə haqqı var? Onlar bu ittihamları dayandırmalıdırlar. Azərbaycana hücum etməyi və nüfuzumuza xələl gətirməyi dayandırmalıdırlar”.

Prezident 44 gün ərzində 30-a yaxın televiziyaya müsahibə vermişdi. Ölkə başçısının Vətən Müharibəsi dövründə xarici mediayaya verdiyi müsahibələr, dünyaya verdiyi mesajlar nüfuzlu agentliklərin manşetlərinə çıxarılır, böyük rezonansa səbəb olurdu. Dövlət başçısı bütün suallara, hətta spekulyativ xarakterli suallara belə təmkinlə, nəzakətlə, ətraflı, məntiqli və dəqiq cavablar verdi, Azərbaycana qarşı dezinformasiya yaymaq istəyənləri isə yerindəcə tərkisilah edirdi.

Qürur günümüz 27 sentyabr

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən gərgin döyüşlərdə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə ordumuz üçün xidmət edən mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik nümayiş etdirdi, düşmənə sarsıdıcı zərbələr endirdi.

Azərbaycan xalqı işğal altında olan torpaqlarını qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad etdi.

Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2908 nəfər hərbi qulluqçusu şəhid oldu, yüzlərlə hərbçimiz isə sağlamlıq imkanını itirdi.

Müharibə dövründə düşmən təxribatı nəticəsində 100-ə yaxın mülki şəxs, onların arasında uşaqlar, qadınlar həlak olmuşdu. 400-dən çox mülki şəxs yaralanmış, 2406 fərdi ev, 92 çoxmənzilli bina və 423 mülki obyekt zərər görmüş və yararsız hala düşmüşdü. Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan, Mingəçevir və Tərtər rayonlarında şəhər və kəndlərin raket atəşinə tutulmuşdu.

Dövlətimiz hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur və onların ailəsini dövlət qayğısı ilə əhatələyir.

Ölkəmizdə Prezident İlham Əliyevin tapşırığı ilə şəhid ailələrinin və qazilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə dövlət proqramları həyata keçirilir, onları qayğılandırılan məsələlərinin həlli üçün intensiv tədbirlər görülür. Preziden İlham Əliyev də şəhidlərin ruhuna böyük ehtiram göstərir, onların xatirəsini əziz tutur.

Prezident İlham Əliyevdən sitat: "Qələbəni biz şəhidlərimizin qanı hesabına qazanmışıq. Şəhidlər bizim qəlbimizdə əbədi yaşayır, yaşayacaq. Allah sizə səbir versin. Siz analar, atalar xalqımız üçün, dövlətimiz üçün gözəl insanlar yetişdirmisiniz. O insanların ömrü uzun olmadı, amma onlar əbədiyyətə qovuşdu və onlar öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırdı".

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınıb.

Xalqımız 27 sentyabr tarixini qürur, şərəf dolu bir tarixin Anım Gününü qeyd edir. Minilliklər ərzində Azərbaycan xalqının taleyində çoxsaylı faciələr, itkilər yaşanıb, zəngin qəhrəmanlıq səhifələri bir-birini əvəzləyib. 2020-ci ilin 27 sentyabrı isə Azərbaycanın müasir tarixində qürurla, vüqarla anılacaq bir gündür. Çünki o gün Azərbaycanın igid, cəsur oğulları qanları, canları bahasına 30 ildir xalqın sınan, tapdalanan qürurunu – Qarabağı işğaldan azad etdi. Eyni zamanda, ermənilərin xalqımıza qarşı 200 ildən bəri həyata keçirdiyi işğalçılıq əməllərinə 44 gündə son qoyaraq əzmkar, şücaətli, qalib xalq adını özünə qaytardı. Vətən Müharibəsi təkcə 20 faiz torpağımızın geri qaytarılmadı deyildi, həm də 31 Mart, Xocalı soyqırımlarının, Birinci Qarabağ Müharibəsində öldürülən 30 min nəfərə yaxın soydaşımızın qisasının alınması idi.

Azərbaycan ordusunun unikal döyüş taktikası

Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatıb, torpaqlarımız işğaldan azad olunub. Erməni tərəfi demək olar ki, hər gün biabırçı məğlubiyyətləri barədə yeni faktlar açıqlayır. Azərbaycanın 400 nəfərlik cəsur döyüşçüsü Şuşada möhkəmlənmiş üç mindən çox erməni elit hərbi hissələrini qaçmağa məcbur etmişdi. Ermənilər eyni biabırçılığı Cəbrayıl rayonu istiqamətində də törətmişdilər. Azərbaycan ordusunun hücumlarına tap gətirməyən silahlı birləşmələr çıxış yolunu qaçmağda görmüşdülər.

Azərbaycan əsgəri yaralı döyüş yoldaşlarını çiynində daşıdığı halda ermənilər yaşlı qocaları da qoyub qaçmışlar. Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar həm texniki imkanlar, həm də operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir. Bu, yeni nəsil müharibə üsuludur, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, Pilotsuz Uçuş Aparatlarından (PUA) istifadə, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir. Bir sözlə, Azərbaycan xalqı dünyaya unikal birlik nümunəsi, Ordumuz isə hərb tarixinə yeni nəsil döyüş taktikası gətirmiş oldu.

"Məğlubedilməzlik" mifi və onun 44 günə məhv edilməsi

Uzun illər hakimiyyətdə olan "Qarabağ klanı" erməni cəmiyyətinə elə bir yalançı ideologiya aşılamışdı ki, siravi Ermənistan vətəndaşı ölkəsinin ordusunu "məğlubedilməz" hesab edirdi. Azərbaycan ordusu 44 günə həm erməni cəmiyyətinə, həm də Ermənistanın havadarlarına hansı ordunun məğlubedilməz olduğunu göstərdi. Həm də dünya ona şahid oldu ki, "erməni xalqı döyüşkən xalqdır" fikiri sadəcə mifdən başqa bir şey deyil. Məlumata görə, Ermənistan ordusu Vətən Müharibəsində 10 min nəfərdən çox hərbçi itirib, minlərlə erməni isə fərari kimi axtarışa verilib. Ümumilikdə orduya 3 milyarda yaxın ziyan dəyib.

Vətən Müharibəsi dövründə məhv edilmiş Ermənistan ordusunun texnikaları:

Tank əleyhinə vasitələr - 53 dənə,

“Smerç” - dörd dənə,

“Qrad” - 97 dənə,

“Uraqan” - 2, “YARS” - 1, TOS odsaçan - 1,

“S-300” zenit-raket kompleksləri - 7 atıcı qurğusu,

7 atıcı qurğu, bir “S-300” radiolokatoru və iki “S-300” ,

“Oborona” radiolokasiya stansiyası - 1 dənə,

“TOR” zenit-raket kompleksi - 5 dənə,

“Osa” zenit-raket kompleksi - 40 dənə,

“KUB” zenit-raket kompleksi - 4 dənə,

“KRUQ” zenit-raket kompleksi - 1 dənə,

Zastava - 14 dənə,

“S-125” zenit-raket kompleksi - 2 dənə,

Pilotsuz uçuş aparatları - 22 dənə,

“Elbrus” əməliyyat-taktiki raket kompleksi - 2,

Ballistik raket - 1,

“Toçka-U” raket kompleksi - 1,

Radioelektron mübarizə vasitələri - 5 dənə,

“R-142” komanda qərargah maşını - 2 dənə,

“Nebo-M” radiolokasiya stansiyası - 1 dənə,

Müxtəlif radiolokasiya stansiyaları - 7 dənə,

“Reppelent” radio-texniki maneə vasitəsi - 4 dənə.

Düşmənin məhv edilmiş və qənimət götürülmüş texnikaları:

Özüyeriyən artilleriya qurğuları “Akasiya” və “Qvozdika” – 28-i məhv edilib, 5-i qənimət götürülüb.

Müxtəlif çaplı toplar – 315-i məhv edilib, 37-si hərbi qənimət kimi götürülüb.
Minaatanlar – 63-ü məhv edilib, 62-si qənimət götürülüb.

Xüsusi avtomobillər – 10-u məhv edilib, 93-ü qənimət götürülüb.

Qumbaraatan – 178-i qənimət götürülüb.
Traktor – 10, “Şilka” zenit qurğusu – 5 ədəd qənimət götürülüb.

Atıcı silahlar – 1380 atıcı silah qənimət götürülüb.

7 komanda məntəqəsi, 11 sursat anbarı dağıdılıb.

Tank – 287-si məhv edilib, 79-u qənimət götürülüb, toplam 366 tank.

Piyadaların döyüş maşını – 69-u məhv edilib, 47-si qənimət götürülüb.

“Su-25” təyyarəsi – 5-i məhv edilib.

Yük avtomobilləri – 252-si məhv edilib, 270-i hərbi qənimət kimi götürülüb.

Vətən Müharibəsindəki qələbəmiz - əldə olunan hərbi, siyasi və iqtisadi nəticələr

Azərbaycan güc yolu ilə 30 illik ədalətsizliyə son qoymaqla yanaşı Cənubi Qafqazın və ümumilikdə dünyanın gələcəyi ilə bağlı yeni realıqlar yaratdı.
Hansı hərbi, siyasi və iqtisadi uğurlara imza atdıq?

- Qarabağın Azərbaycan xalqı üçün nə qədər dəyərli olduğu bütün düynaya sübut olundu;

- 30 illik işğala son qoyuldu;

- Ermənistan ordusu məhv edildi, “məğlubedilməzlik” mifi dağıdıldı;

- Beynəlxalq təşkilatlara münaqişənin güc yolu ilə həlli olduğu sübut edildi;

- Qarabağdakı qondarma rejim süquta uğradı;

- Naxçıvan Muxtar Respulikası ilə birbaşa nəqliyyat əlaqəsinin təmini yolunda mühüm qərarlar qəbul edildi;

- Ermənistanla sülh müqaviləsinin imzalanması üçün münbit şərait yarandı;

- Ermənistan siyasi, hərbi və iqtisadi baxımdan çökdürüldü;

- Azərbaycan dünya hərb tarixinə yeni döyüş taktikası gətirdi;

- Zəngəzur dəhlizinin inşası gündəmə gəldi və Azərbaycanın nəqliyyat imkanları artmağa başladı;

- Ermənistanda siyasi çaxnaşmalar başladı və hələ də davam edir;

- Dünya Azərbaycanın hərbi, siyasi və iqtisadi gücünü gördü;

- Ölkəmiz dostunu və düşmənini bir daha tanıdı;

- Qarabağda geniş quruculuq işləri başladı və “Böyük Qayıdış”a start verildi;

- Tarixi Şuşa şəhərinin azad olunması xalqımızda böyük qürur və özünə əminlik hissi yaratdı;

- Və ən nəyahət Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyaya və Ermənistanın havadarlarına sübut etdi ki, “Qarabağ Azərbaycandır!”