“Ermənistanda saxtalaşdırma maşını işlək vəziyyətdədir” Siyasət

“Ermənistanda saxtalaşdırma maşını işlək vəziyyətdədir”

Ermənistanda konstitusiya dəyişiklikləri ilə bağlı referendumun keçirilməsi dekabrın 6-na təyin edildi. Cəmiyyət "hə" və "yox" üzrə qruplaşdı. "Hə" qruplaşmasının qərargahına gözlənildiyi kimi baş nazir Ovik Abramyan rəhbərlik edir. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. M.Əhmədoğlu bildirib ki, "Yox" hərəkatı isə bir neçə qrupdan ibarətdir: "Əsas mübarizə vasitələri mitinqlərdir. Azsaylı bir neçə mitinq keçirdilər. Səsvermə gününə az qalmış mitinqlərin sayını artıracaqlarını düşünürlər. Ermənistanda hakimiyyətin bu referendumu udması çox asan olacaq. Belə ki, Ermənistanda ekspertlərin fikrincə, saxtalaşdırma maşını işlək vəziyyətdədir. Ermənistanda müşahidə olunan hal odur ki, səsvermə zamanı Ermənistanda əhalinin sayı birdən-birə artır; seçici siyahıları isə saxtalaşdırılır. Bəzi yerlərdə seçicilərin sayı hətta əhalinin ümumi sayını üstələyir. Bu sahədə Ermənistan dünyada yeganə dövlətdir. Eləcə də Ermənistanda əhalinin ümumi sayı ilə seçicilərin sayı arasında nisbət təxminən 80%-dir. Bu hətta qoca Avropa üçün anormallıqdır. Bunlarsız Ermənistanda hakimiyyətin seçkini udması mümkün deyil". Politoloq qeyd edib ki, MSK-nın sədri T.Mukuçyan seçici siyahılarının toplu halda elan edilməməsini yenə təhlükəsizlik məsələləri ilə əlaqələndirdi: "Bu ildən seçkiləri saxtalaşdırmaq üçün yeni mexanizm yaradılıb: ID kartlar. Biometrik pasport olan ID kart şəxsiyyət vəsiqəsi statusunda olsa da, bu kartlarda vətəndaşın qeydiyyat ərazisi göstərilməyib. Beləliklə də, ID kartı olan Ermənistan vətəndaşı istədiyi qədər səs verə bilər. Bu tutula bilməyən "karusel"dir. Ermənistanda hazırda 182 min vətəndaş ID daşıyıcısıdır. Nəzərə alınmalıdır ki, ID kartın Ermənistanda tətbiqi ilə bağlı qanun hələ yalnız birinci oxunuşdan keçib. Yəni, bu özü hakimiyyətin seçkini saxtalaşdırmağa ciddi hazırlaşdığının əlamətidir". Mərkəz rəhbəri sonra vurğulayıb ki, konstitusiya islahatlarında Serj Sərkisyan hakimiyyətinin ən ciddi uğuru Avropa strukturlarının mövqeyinin dəyişməsində oldu: "Aİ-nin bəzi strukturları, AŞPA-nın Venesiya Komissiyası konstitusiya islahatlarını dəstəkləmirdilər. Çoxsaylı dəyişikliklər təklif etmişdilər. Son anda onlar mövqelərini dəyişdilər, islahatların keçirilməsini dəstəklədilər". M.Əhmədoğlu hesab edir ki, müxalifətin konstitusiya islahatlarına qarşı ən əsas arqumenti Ermənistanın baş tutmuş dövlət olmamasıdır: "Onların fikrincə, baş tutmuş dövlət siyasi sistemini dəyişmir. Orijinal yanaşmalar da var. Ermənistanın keçmiş baş naziri, Ermənistanın Mərkəzi Bankının keçmiş direktoru, parlamentin deputatı, kifayət qədər savadlı Qrant Baqratyan referendumu Qarabağ tənzimlənməsilə əlaqələndirdi. Regional təhlükəsizlik məsələləri 4-5 rayonun Azərbaycana qaytarılmasını tələb edir. Sərkisyan bu rayonların qaytarılmasının məsuliyyətini təkbaşına daşıya bilməz. Ona görə rayonların qaytarılmasının məsuliyyətini parlamentin üzərinə qoymaq istəyir". Politoloq bildirib ki, eks-prezident Robert Koçaryan da konstitusiya dəyişikliklərinin əleyhinədir: "Konstitusiya islahatlarından ən çox zərər çəkən isə "Çiçəklənən Ermənistan" Partiyasıdır. Qaqik Çarukyan konstitusiya islahatlarının əleyhinə olduğu üçün partiyası əlindən alındı. Sonradan bu partiya islahatları dəstəklədi. İki deputat konstitusiya islahatlarını dəstəkləməyəcəklərini bildirən kimi onları partiyadan çıxardılar".