İran PKK-çıları Qarabağa göndərib Siyasət

İran PKK-çıları Qarabağa göndərib

Kərim Əsgəri: “Ərazisində terrorçular üçün xəstəxana da açıb”

3 aya yaxındır İranda üsyan başlayıb, xalq hüquqlarının qorunması ilə bağlı aksiyalar keçirir. Fars-molla rejimi iusə hər vəchlə bu aksiyaları yatırmağa çalışır. İran İnsan Haqları Təşkilatının son bəyanatında bildirilir ki, İranda davam edən etiraz nümayişlərində 64-ü uşaq olmaqla 473 nəfər hökumət məmurları tərəfindən öldürülüb. Məlumatda 586-ı tələbə olmaqla 18215 nəfərin saxlanıldığı, onlardan cəmi 3580 nəfərin kimliyi və harada saxlanıldığının dəqiqləşdirildiyi qeyd edilir. Bu rəsmi məlumatdır, amma qeyri rəsmi məlumatlar bundan daha artıqdır.
Dünəndən İranın onlarla şəhərində mağazalar, bazarlar, istehsal müəssisələri və əhəmiyyətli iqtisadi mərkəzlər işi dayandıraraq tətilə başlayıblar.
Etiraz aksiyalarının keçirilməsi ilə eyni vaxtda dekabrın 5-dən başlayan 3 günlük tətil aksiyasına iri sənaye və neft-kimiya təsisatlarının işçiləri də qoşulub.
Tehran, İslamşəhr, Ərak, Kirman, İsfahan, Sənəndəc, Urmiya və onlarla başqa şəhərdə baş tutan tətil aksiyaları İslam Respublikasının etirazçılara qarşı repressiyalarına cavab olaraq keçirilir.
Edilən çağırışlardan sonra İranın bir çox bölgələri ilə yanaşı Güney Azərbaycan şəhərlərində də tətil başlayıb. Bu barədə güneyli sosial media fəalları məlumat yayıb.
Bildirilir ki, Təbriz, Urmu, Ərdəbil, Mahabad (Soyuqbulaq), Həmədan, Qəzvin və başqa bir neçə şəhərdə bazar, mağaza və istehsal müəssisələrinin əksəriyyəti bağlanıb.
Onu da qeyd edək ki, İranın 70-dən çox şəhərində bazarların bağlanması ilə müşayiət olunan ümumölkə tətillərinin ilk günündə İnqilab Keşikçiləri Korpusu bəyanat yayaraq, tətillərə qoşulan etirazçıları təhdid edib. Bəyanatda etirazçılara qarşı təhlükəsizlik qüvvələri tərəfindən qətiyyətli addımların atılacağı bildirilib. “Ölkənin təhlükəsizlik, hüquq-mühafizə orqanları və Bəsic qüvvələri ağıllı davranaraq, ictimai təhlükəsizlik və asayişi pozan dələduz iğtişaşçıların qarşısını qətiyyətlə alacaq, silahlı quldurlar və düşmənlərin muzdlu terroçuları ilə mübarizədə sakit durmayacaq”, - bəyanatda deyilir. Qeyd edək ki, İran etirazçıları “iğtişaşçı”, “Qərb dövlətləri tərəfindən idarə olunan düşmən” və “quldur” adlandırır.
Siyasi ekspert Dr.Kərim Əsgəri (Türkiyə) İranda baş verənlərlə bağlı “Xalq Cəbhəsi”nin suallarını cavablandırıb.
- İranda son aylarda başlanan etiraz aksiyalarında insan haqlarının pozulması ən yüksək həddə çatıb, 500-ə yaxın dinc sakin öldürülüb, işgəncələr verilir... Dünyanın bu olaylara susmasının səbəbləri...
- İranda 3 aya yaxın baş verən etiraz aksiyaları artıq inqilab xarakteri almağa başlayıb. Bunun necə nəticələnəcəyi bəlli deyil. Amma əsas məsələ budur ki, bundan sonra İran əvvəlki İran olmayacaq və çox şeylər dəyişmək zorundadır. İranda hakimiyyətin nəzarətində olan “Fars” xəbər agentliyi var ki, ölkədə baş verən hadisələrlərlə bağlı mütəmadi xəbərlər verir. Həmin agentlik belə bir xəbər yaydı ki, bəs xalqın 100-də 84 faizi bu etirazları dəstəkləyib. Bu da rejimin getməsinin istənilməsi mənası verir. Əlbəttə, rejim də bunun fərqindədir. Rəsmi olaraq bu aksiyalarda 500-ə yaxın insan öldürülüb, bilinməyən rəqəmlər isə daha çoxdur. Çünki aksiyalarda 10 minlərlə insan həbs edilib ki, onların taleyi ilə bağlı rəsmi heç bir məlumat verilmir. Məlumat almaq da olduqca çətindir. Həbs edilənlərə işgəncələr verilir, zor tətbiq edilir, hətta təcavüzə məruz qalırlar. Dünya İranda baş verənləri görür, amma gərəkən reaksiyanı vermir. Son 5-6 ildə İranda dəfələrlə etiraz aksiyaları olub, amma budəfəki aksiyalar əvvəlkilərdən çox fərqlənir. Bu aksiyalara gənc nəslin qatılması, qadınların öndə olması, etnik qrupların iştirakı çox diqqətçəkicidir. Dünyanın İranda baş verənlərə sakit yanaşmasına gəlincə, böyük güclər üçün insan haqları məsələsi sadəcə bir bəhanədir, arxa plana salınır. Əsas onların çıxar və maraqları qorunmayınca ciddi təpki olunmaz.
- Amma Əxlaq polisinin ləğv edildiyi, Konstitusiyanın dəyişiləcəyi deyilir, deyəsən aksiyaların nəticəsi görünməkdədir...
- İranda Əxlaq polisinin ləğv edilməsi ilə bağlı hər hansı rəsmi qərar yoxdur. Yalnız söhbətlər var ki, bunu da İranın baş prokuroru Məhəmməd Cəfər Montazeri ortaya atıb. Əlbəttə, bu söhbətin də ortaya atılması aksiyaların nəticəsi kimi qiymətləndirilə bilər. Konstitusiyanın dəyişdirilməsinə gəlincə isə bu Prezident İbarhim Rəisinin səlahiyyətində deyil. Rəisi bildirib ki, konstitusiyada cümhuriyyətçilik, islamçılıq, istiqlalçılıq və azadlıq kimi prinsiplər və dəyərlər var ki, bunlar dəyişməzdir. Fikrimcə, bu söhbətlər İranın daxili siyasətinə hesablanıb, daxildəki üsyanı yatırmaq, sakitləşdirmək üçün söylənilib.
- İran həm daxildən çalxalanır, həm də digər ölkələrin daxili işlərinə qarışır. Məsələn, İraq, Suriya. Molla rejiminin istəyi, məqsədi, planı nədir?
- Önəmli məqam bundan ibarətdir ki, İran başda qonşu ölkələr olmaqla, digərlərinin də daxili işlərinə qarışır. Məsələn İraq, Suriya, Yəmən, Azərbaycan... Bu, yeni bir məsələ deyil. İran keçmişdən bəri digər ölkələrin daxili işlərinə qarışıb. Ancaq burada çox diqqətçəkici məqam var, bu da Tehranın bölgəyə təsirinin azalmasıdır. Son aylar İranın başı daxilində yaranan üsyana qarışdığından bölgəyə təsiri azalıb. Bu o deməkdir ki, indiki rejim nə qədər zəifləyirsə, nə qədər içdə problemlər yaşayırsa, qonşular bir o qədər rahat olacaq.
- Fars-molla rejimi Azərbaycana da diş qıcayır. İranın Cənubi Qafqazda “mollalıq” etmək istəyi nədən qaynaqlanır, Azərbaycandan istəyi nədir?
- İranın Cənubi Qafqazda bir çox maraqları var. Ancaq o daha çox Azərbaycan və Ermənistana marağını yönəldib. İranın əsasən Ermənistana yaxınlaşması elə Azərbaycana düşmənçilik mövqeyindən qaynaqlanır. Amma İranın Azərbaycandan istəyi nədir və niyə onunla düşmənçilik edir, bunun təməli Cənubi Azərbaycan məsələsidir. Azərbaycan türklərini bir millət olaraq gördüyümüz zaman kiçik bir qism müstəqildir, yəni Müstəqil Azərbaycandadır, böyük bir qismi isə başqa dövlətin işğalı və tərkibindədir, yəni İranda. İran Cənubi Azərbaycan məsələsindən qorxduğu üçün hər zaman Azərbaycanın əleyhinə olub. 1991-ci ildən bu yana onun Bakıya qarşı yürütdüyü siyasət məhz bundan qaynaqlanır. Bir də unutmayaq ki, ermənilərin dünyada güclü lobbisi var. O üzdən İran bu lobbidən şəxsi, milli maraqları üçün istifadə etdiyindən Ermənistanı dəstəkləyir. Yəni bir daşla iki quş vurur. Bir tərəfdən Azərbaycana qarşı siyasət aparır, digər tərəfdən ABŞ-ın sanksiyalarından yaxa qurtarmaq üçün erməni lobbilərinin gücündən istifadə edir.
- Terror təşkilatları saxlayan, maliyyələşdirən, narkotik alveri edən bir ölkənin özünü İslam Respublikası adlandırması nə dərəcədə düzgündür?
- 1979-cu ildən bu yana İran bir islam respublikası olaraq Yaxın Şərqdə ortaya çıxdı. Bölgədəki bir çox müsəlman ölkələri onu dəstəklədi. Amma xüsusən İran-İraq savaşından sonra İranın gerçək mahiyyəti ortaya çıxdı. Bu dövlətin həm farsçılıq, həm aşırı dinçi və məzhəbçi siyasətlər aparmasının arxasında bir təxribat vardı. O üzdən istər narkotik, istər terror məsələləri, terror təşkilatlarını dəstəkləməsi sonda öz əleyhinə yönəldi. Yəni, İranın siyasəti bu faktorlara aparıb çıxardı ki, indi onlar da İslam adına bir ləkədir.
- İranın PKK ilə əlaqələrinin olduğu da söylənilir.
- Düzdür, İranla bölgədəki bəzi terror qrupları arasında əlaqələr var. Onlardan biri də PKK və onun rəhbərliyidir. Türkiyənin İraq və Suriyanın şimalında apardığı hərbi əməliyyatlardan sonra İran PKK-ya loqistik və səhiyyə xidməti dəstəyini verdi. İranla Türkiyənin sərhədində, yəni Qərbi Azərbaycan vilayərində PKK-nın bəzi düşərgələri vardı ki, onlara tibbi yardım etmək üçün xəstəxana açılıb. Türkiyənin apardığı hərbi əməliyyatlar zamanı yaralı terrorçulara həmin xəstəxanada tibbi yardımlar göstərilib. İki il əvvəl Türkiyənin daxili işlər naziri Süleymnan Soylu İranla Türkiyənin 0 nöqtəsinə gələrək İranın PKK-ya dəstək verdiyini qınadı, bəzi kəndlərdə terrorçuları saxladığını dilə gətirdi. İran PKK-nı hər zaman həm Türkiyəyə qarşı istifadə edib, həm də İkinci Qarabağ savaşında onları işğalçı Ermənistana dəstək üçün Qarabağa göndərib.
- Hərdən İran deputatları, ayətullahları, generallarının Azərbaycana qarşı hədələri səslənir. İranın buna cürəti, gücü çata bilər?
- İran özünü Azərbaycana qarşı daha güclü hiss edir. Ancaq Azərbaycan məsələsi İran siyasətinin, mövcudluğunun ən yumuşaq yeridir. Həm müstəqil Azərbaycan, həm İranın öz içində 40 milyon azərbaycanlının yaşaması İranın qarnının yumşaq yeri olduğu üçün çalışılır ki, hər zaman Azərbaycana qarşı yersiz təhdidlər, hədələr etsin. Doğrudur, İran Azərbaycandan daha güclü, daha böyük görünə bilər. Amma praktikdə məsələ dəyişir. O da bundan ibarəıtdir ki, Azərbaycanın bu gün İran dediyimiz ölkədə 40 milyona yaxın soydaşı var. İranın heç bir zaman Azərbaycana qarşı hədələrinin reallaşdırması mümkün deyil. İran nə qədər işğalçı Ermənistana dəstək durdusa, İkinci Qarabağ savaşında qazanılan qələbədə və ondan əvvəlki dönəmlərdə Cənubi azərbaycanlılar öz mövqelərini ortaya qoydular ki, bu da rəsmi Tehranı təşvişə saldı.
- İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayətinin ölkəmiz, soydaşlarımızla bağlı son "səmimi" fikirlərinə münasibətiniz.
- Onun açıqlamalarına səmimi ad qoymaq mümkün deyil. Nə Vilayəti, nə də İranın hər hansı bir rəsmisi Azərbaycana qarşı səmimi olmayıb, ola da bilməzlər. Çünki İranın Azərbaycana qarşı apardığı siyasət Bakının əleyhinədir. Bunu həm Birinci, həm İkinci Qarabağ savaşında gördük. Sadəcə İran içdən çalxalandığı, eyni zamanda Cənubi Azərbaycan faktorundan qorxduğu üçün bu məsələdən dolayı guya Azərbaycana qarşı səmimi açıqlamalar verib. Halbuki İran heç bir zaman Azərbaycana qarşı səmimi olmayıb və olmayacaqdır.
Cavid