"40 milyonluq Cənubi Azərbaycan dövləti qurulacaq" Siyasət

"40 milyonluq Cənubi Azərbaycan dövləti qurulacaq"

İranda baş verən hadisələr “molla rejimi”nin qismən geri çəkilməsi ilə müşayiət olunur. Düzdür, ilk vaxtlarda Tehran rejimi qəddar davranır, hamını asmaqla təhdid edirdi. Lakin proseslərin gedişi göstərdi ki, İran hakimiyyəti çox çətin durumdadır və özünü qorumaq üçün yumşalmalar edir. Əxlaq polisinin ləğvi də bu qəbildəndir.

Ancaq İranla bağlı məsələ heç də təkcə hicaba nəzarətin aradan qaldırılması deyil, böyük bir projedir. Böyük Britaniyanın “The Telegraph” qəzetində “İran liderləri özlərinin yaratdığı böhranla üz-üzə qalıb” başlıqlı məqaləsi də İrana bir növ mesaj xarakteri daşıyır ki, hansısa görüntü naminə atlan addımlar onu xilas edə bilməyəcək. Novator.az saytı məqaləni ingiliscədən çevirib. Məqalədə qeyd edilir ki, əxlaq polisi doğrudan ləğv olunsa belə, İranın dini liderləri niyyətlərinə çatmaya bilərlər. Sitat: “İrandakı etirazların başında qadınlar durur, onların isə çoxu baş örtüyünü yandırmaqla məşğuldur. İndi onlar təşnə olduqları azadlığın dadını duyanda güzəştlərə qane olmaya, evə dağılışmaqdansa meydanda daha sıx toplaşıb daha böyük tələblər irəli sürməyə başlaya bilərlər. Hazırkı üsyanı İranda əvvəllər baş vermiş iğtişaşlardan fərqləndirən cəhət faktiki bütün təbəqələri, bölgələri əhatə etməsindədir. Daha geniş arealda vüsət alan son etirazlar mənəvi, siyasi, iqtisadi baxımdan toplanıb qalmış saysız-hesabsız narazılığın nəticəsidir. Rejimi narahat edən odur ki, indi iranlıların çoxu ayrı bir idarəçilik sistemi altında daha firavan yaşaya biləcəyini düşünür. İllərlə İran dövlətinin terrorçuluğu himayə etməsinə, şübhəli ittifaqlara girməsinə dözmək məcburiyyətində qalmış bir çox xarici ölkə də indi eyni qənaətdədir. Məsələn, ukraynalılar öz ölkələrinin enerji infrastrukturunun İranın Rusiyaya satdığı dronlarla hədəfə alınmasından olduqca narahatdırlar. Etirazlar kəskinləşəndə diktatorlar həmişə bir dilemma qarşısında qalırlar: sərt tədbirlərə əl atmaq, yoxsa xalqın ayağına getmək? Sərt tədbirlərə əl atılsa, vəziyyət daha da kəskinləşə bilər, xalqa sarı gediləndə isə xalqın ayağı altında qalmaq təhlükəsi var. Əgər İranın teokratik rejimi indi belə bir dilemma ilə üzləşibsə, onda günahı kimsədə axtarmasın, özündən küssün”.

Gedişat göstərir ki, İranda rejim gerçəkdən ayaq altında qalacaq: Ya xalqın, ya da Qərbin ayaqları altında. Mesajlar bundan ibarətdir ki, İran rejimi çökməyənə qədər proses bitmiş sayılmayacaq. İranın parçalanacağı, Cənubi Azərbaycan dövlətinin də yaranacağı, hətta İran ərazilərindən Kürdüstan projesinə də pay veriləcəyi iddialar sırasındadır. Təbii ki, bütün hallarda molla rejimi iqtidardan salınacaq. Bəs onu hansı güc, qüvvə əvəzləyə bilər? Alternativ qüvvə kimi ekspertlər kimləri görür? Mümkündürmü İranda dünyəvi dövlət tezliklə qurulsun? Demokratiyaya yumşaq keçid də bir variant kimi görünürmü?

Paşinyan Rusiyadan xilas olmaq istəyir

Azər Hüseynov: “Hər varianta hazır olmaq lazımdır”

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov son dərəcə ehtiyatlı olmağın zəruriliyini vurğuladı: “Qərb hər vəchlə məsələni hicab kontekstindən təqdim etməyə çalışır. Etirazların sekulyar mahiyyətini gücləndirmək istəyir. Bu haqda öz sosial media hesabımda da yazmışam. İranda Azərbaycan türklərinin İraq və Suriya türkmənlərinin gününə düşməsi təhlükəsi var. Birinci ona görə ki, Qərbin burada da dəstəyi bəlli kürd qruplarınadır. Daha sonra Azərbaycan türklərinin konkret mənimsədiyi vahid ideya, təşkilatlanma maləsəf yoxdur. Xaotik etirazlar ümumi İran fonunda gedir. Arada milli şüarlar da səslənir. Qərb isə Azərbaycan türklərini görməzdən gəlir. Çünki Turan zolağının əmələ gəlməsi qorxusu vardır. Məhz ona görə Qərb məsələni daha çox milli haqlar deyil, insan haqları yönündən təqdim edir. Azərbaycan və Türkiyə fəaliyyətini koordinasiya edib qaçqın dalğası, İran daxilində Suriya ssenarisinin təkrarlanmasına hazırlamalıdır. İran məsələsində çox dövlətin öz marağı var. Məsələ diplomatik-siyasi yolla həll olunarsa, daha yaxşı olar. Amma yenə də hər varianta hazır olmaq lazımdır. Söhbət rejimin dəyişməsi deyil, kiminsə idarə edilən xaos qura bilməsi ehtimalıdır. Ona görə də güclü olmalıyıq”.

Niyaməddin Orduxanlı: “40 milyonluq Cənubi Azərbaycan elan oluna bilər”

BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı molla rejiminin süquta doğru getdiyindən əminliklə söz açdı: “İranın molla rejimi mütləq dağılacaq. Özü də ki, çox qısa zaman ərzində biz buna şahid olacağıq. Müasir dünyanın demokratik cəmiyyətlərinin mövcudluğu zamanında amansız, qəddar molla rejimi qala bilməz. İran molla rejimi dünyanın ən qəddar rejimidir. Tarix də sübut edib ki, bu cür qəddar rejimlər uzun müddət yaşaya bilmir. Misal üçün, SSRİ, avqust Pinaçet Milaşoviç və s. İran molla rejimi 1979-cu ildə qurulub və bu 50 il ərzində milyonlarla insanın hüquqlarının pozulmasını, qətlə yetirməsini, həbsə atmasını və o cümlədən İranda yaşayan xalqların azadlıqlarını, xüsusən 40 milyonluq Azərbaycan türkünün hüququnu əlindən alır. İndi İranda baş vermiş etiraz aksiyaları səngimir, xalq sakitləşmir, yüzlərlə insan qətlə yetirilib, yüzlərlə insan həbs edilib. Rejim ən qəddar üsullara əl atır, yenə də xalq sakitləşmir. Çünki milyonlarla insan molla rejiminin getməsini istəyir. İndi molla rejimi kosmetik dəyişikliklər və ya demokratiya imitasiyasına əl atsa, daha kömək etməyəcək. Molla rejimi devriləndən sonra İran bir neçə hissəyə parçalana və 40 milyonluq Cənubi Azərbaycan elan oluna bilər. Başqa xalqlar da öz müqəddəratını təyin edə bilər. İnsanlar öz azadlıqlarını əldə etdikdən sonra müasir bir cəmiyyət quruculuğunda fəaliyyətlərini quracaqlar. Böyük ehtimalla bir daha İranda molla rejimi qurulmayacaq. Dünyəvilik olacaq. Din dövlətdən ayrı tutulacaq. Dini siyasətə qatmaq olmaz. İndiki molla rejimi dindən ancaq və ancaq öz hakimiyyətlərini qorumaq üçün istifadə edir. Bu da sonda indiki faciələrə gətirib çıxarır. İslam dini çox gözəl dindir. Onu öz məqsədlərinə qatmaq olmaz...”.

İlyas Hüseynov: Milli həmrəylik və birlik Azərbaycanı bütün dünyanı bürüyən  koronavirus sınağından da uğurla çıxmasının başlıca şərtidir

İlyas Hüseynov: “İranı da Əfqanıstan və Suriya ssenarisi gözləyə bilər”

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, siyasi analitik İlyas Hüseynov cənub qonşumuzu gözləyən real təhlükələrə daha çox eyham vurdu: “Bu gün bizim regionda və qlobal miqyasda böyük geosiyasi proseslər gedir. Cənubda başlanan hərəkatın kökündə sosial, mənəvi və ideoloji narazılıqlar olsa da, getdikcə siyasi və iqtisadi tələbləri də əhatə etməyə başladı. Hətta əxlaq polisinin ləğvi də narazılıqları aradan qaldırmır. Bu da onu göstərir ki, proseslər daha böyük hədəflərə hesablanıb. Lakin İran üzərində ciddi layihənin həyata keçirilməsi planları bu gün o qədər də görünmür. Düşünürəm ki, İranı da Əfqanıstan və Suriya ssenarisi gözləyə bilər. Hərəkatın ilk başlarında SEPAH-ın hakimiyyətə qarşı dirənişi və iqtidarı ələ keçirməsi ehtimalı hiss olunurdusa, hazırda belə bir ehtimal da yoxa çıxmaqdadır. Buna görə də İranın bölünməsi, federasiya və ya konfederasiya halında birləşməsi də nəzərdən keçirilir. Lakin belə olan halda kürdlər daha çox təşkilatlanmış kimi görünür. Əslində SSRİ-nin guruldayan vaxtında da heç kim bu imperiyanın süquta uğrayacağını nəzərdən keçirmirdi. Əsas məsələ Cənubdakı soydaşlarımızın ana dilində təhsil almaq, oxumaq, yazmaq hüquqlarının tanınmasıdır. İran konstitusiyasının 15-ci maddəsi bu hüququ onlara versə də, reallıqda Azərbaycan dilinin yalnız məişət səviyyəsində işlədildiyini müşahidə edirik. Buna görə də, ilk növbədə, bu hüquqların bərpa olunmasına böyük ehtiyac vardır. Teokratik və klirikal cəmiyyətdən birbaşa demokratiyaya keçid olacağını da düşünmürəm. Lakin hakimiyyətin etirazçılarının ilk tələbini yerinə yetirməsi də göstərir ki, hələ çox tələblər həyata keçəcək”.