“Erməniləri müdafiə edənlərin sayı nə qədər çox olsa da...” Siyasət

“Erməniləri müdafiə edənlərin sayı nə qədər çox olsa da...”

Mübariz Əhmədoğlu: "Mövqeləri bir o qədər ədalətsizdir"

"ABŞ Konqresində ermənipərəst konqresmenlər çoxdur. Onlar sonuncu dəfə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qoşunların təmas xəttində Azərbaycanın ağır texnikalardan istifadə etməsini özündə ehtiva edən sənədi ABŞ Dövlət Departamentinə göndərərkən 80 konqresmen bunu dəstəkləyib. Bu isə ümumi sayın 20%-i deməkdir. Erməniləri müdafiə edənlərin sayı nə qədər çox olsa da, mövqeləri bir o qədər ədalətsizdir". Bu fikirləri Siyasi İnnovasiya və Texnologiyalar mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyib.
Onun sözlərinə görə, ABŞ Azərbaycan dövlətinin demokratikləşmə istiqamətində apardığı işləri görməzdən gəlir: "Dövlətimizin bu istiqamətdə gördüyü işlər artıq keyfiyyət mərhələsinə daxil olub. Yəni, ABŞ-ın siyahısında "siyasi məhbus" kimi göstərilən insanları günahkar olmalarına baxmayaraq azadlığa buraxılması bunu sübut edir. Qarşıdan əfv fərmanının imzalanması gözlənilir və həmin şəxslərdən bir neçəsinin də azadlığa çıxacağı ehtimal olunur.
Konqresdə Azərbaycan və Türkiyənin mövqeyini müdafiə edən konqresmənlər üçün Azərbaycanın atdığı bu addımlar stimul olmalıdır və Smitə qarşı daha sərt mövqe ortaya qoymalıdırlar. Kris Smit açıq-aşkar ermənipərəst mövqe sərgiləyir. Hər il "qondarma erməni soyqırımı abidəsi"ni ziyarət edən, rəsmi və qeyri-rəsmi formada türklər, azərbaycanlılar əleyhinə bəyənatlar verən, bank hesabını ermənilər hesabına zənginləşdirən də məhz odur.
Helsinki Komissiyasının hazırlayıb Konqresə təqdim etdiyi qanun layihəsinin keçməyəcəyindən əmin ola bilmərik. Çünki, orada majoritar üsulla, səsvermə ilə qanun qəbul olunur. Ola bilər ki, həmin iclasda ermənipərəst konqresmenlər çoxluq təşkil etsin və layihə qəbul olunsun. Azərbaycanın da mövqeyi kifayət qədər güclüdür və biz bunun qarşısını ala bilərik".
Politoloq bildirib ki, Kris Smitin bu aktivliyi Ermənistandan gələn siqnal əsasındadır: "Onun hazırladığı məruzə demokratiyanı yox, Ermənistanın Azərbaycana qarşı işğalçılıq mövqeyini müdafiə etməyə hesablanıb. Azərbaycan yanvarın 3-ü ya 4-ü tarixində parlamentarilərdən ibarət nümayəndə heyətini ABŞ Konqresinə göndərməli, orada iş aparmalıdır. Bu işi apararkən əsasən ABŞ Konqresinin 1989-1991-ci illərdə qəbul etdiyi qətnamələrə diqqəti cəlb etmək lazımdır. Xüsusən də 1989-cü ilin iyulunda və noyabrında Konqresin Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamələrin əsl mahiyyəti oradakı konqresmənlərə təqdim olunmalıdır. Orada göstərilirdi ki, guya Azərbaycan Gürcüstanı və Dağlıq Qarabağı blokadaya alıb. Məlumdur ki, Gürcüstanda xeyli sayda azərbaycanlılar yaşayır və belə olan halda biz necə oranı blokadaya ala bilərdik. Eyni zamanda Dağlıq Qarabağ Azərbaycan torpağı ola-ola Azərbaycan öz ayrılmaz hissəsini necə blokadaya ala bilər?! Bunun absurdluğunu indi də sübut edə bilərik. Həmin vaxt qəbul edilən o qətnamə əslində 1986-cı ildən ABŞ-ın Azərbaycan neftinə olan marağının artması ilə əsaslandırıla bilər. Digər bir uydurma qətnamədə isə göstərilirdi ki, Azərbaycan Dağlıq Qarabağda yəhudiləri qırır. Onlar indinin özündə də, əvvəl də Dağlıq Qarabağda bircə nəfər də yəhudinin yaşadığını göstərə bilməzlər.
Bütün bunları deməkdə məqsədim odur ki, bizim parlamentarilər oradakı konqresmenlərə həmin qətnamələri oxutdursalar ermənilərin onlara açıq yalan danışdığını sübut edə bilərlər. Həmin ermənilər bu gün də yalan danışır. Biz bunu sübut edə bilsək Kris Smitin həmin məruzəsinin qəbul olunma ehtimalı sıfıra enə bilər. Ona görə də bizim parlamentarilərdən ibarət nümayəndə heyətimiz yanvarın 3-4-də mütləq ABŞ-a getməlidir. Çünki ayın 4-də Smitin bu layihəsi müzakirə olunacaq, bir müddət sonra isə konqresdə Dağlıq Qarabağla bağlı qapalı dinləmələr keçiriləcək. Mən əminəm ki, parlamentimiz bu istiqamətdə təcili addımlar atacaq".