Smitin layihəsinin heç bir şansı yoxdur Siyasət

Smitin layihəsinin heç bir şansı yoxdur

The Washington Post Azərbaycandan yazdı

"Konqresmen Kristofer Smitin rəhbərlik etdiyi Amerika Helsinki Komissiyasının Azərbaycana qarşı sanksiyaların tətbiq olunmasını nəzərdə tutan qanun layihəsinin heç bir şansı yoxdur. Səbəb ABŞ və Azərbaycan arasındakı əlaqələrin Vaşinqton üçün xüsusi, çox ciddi önəm kəsb etməsidir". ABŞ-ın nüfuzlu The Washington Post qəzetində dərc olunmuş "ABŞ-ın Azərbaycanla əlaqələri zəiflətməyəcəyinin 3 səbəbi" adlı məqalədə belə deyilir.
Müəllif Semüel Ramani yazır: "Birləşmiş Ştatlar və Azərbaycan arasındakı sıx əməkdaşlığın, məhsuldar tərəfdaşlığın üç strateji amili var. Həmin amillər Azərbaycanın Mərkəzi Asiya və Avropa arasında energetik qovşaq olması, Azərbaycan prezidenti İlham Əliyevin müstəqil siyasət yürütməsi, habelə terrorizm və dini radikalizmə qarşı ABŞ-ın apardığı mübarizədə Azərbaycanın bizə həmrəy, müttəfiq olmasıdır. Böyük neft-qaz ehtiyatlarına malik Azərbaycan Mərkəzi Asiya və Avropa arasında çox önəmli nəqliyyat-tranzit qovşağı olduğundan Avropa Birliyinin təbii qaz təminatında Rusiyadan asılılıqdan qurtulması məsələsində çox mühüm rol oynayır".
Yazıda bildirilir ki, ABŞ-ın sabiq prezidenti Corc Buş komandası təki, indiki prezident Barak Obamanın administrasiyası bu bölgədən enerjidaşıyıcılarının stabil və daim artan axınını ABŞ-ın geosiyasi maraqlarının təminatında həddən ziyadə mühüm amil sayıblar, indi də belədir.
Beynəlxalq terrorizmlə mübarizədə də ABŞ və Azərbaycan arasındakı sıx tərəfdaşlıq olduqca vacib amildir.
The Washington Post vurğulayır: "Azərbaycana qarşı qərəzli mövqe tutanlar unutmasınlar ki, bu ölkə ABŞ-ın İŞİD-ə qarşı apardığı mübarizəsində Xəzər dənizi hövzəsində bizim yeganə fəal və etibarlı tərəfdaşımızdır. Və ən nəhayət, onu da unutmayaq ki, Rusiyanın Gürcüstan və Ukraynaya qarşı tətbiq etdiyi ağır pressinq siyasətini dəstəkləməyən Azərbaycan Tbilisi və Kiyevlə münasibətləri daha da fəallaşdırır. 2008-ci ildə respublikaçı senator, o vaxtlar Senatın xarici əlaqələr komissiyasının sədri olmuş Riçard Luqar Azərbaycanı "ABŞ-ın Xəzər hövzəsindəki yeganə etibarlı və səmimi dostu" adlandırmışdı. Luqar onu da demişdi ki, Birləşmiş Ştatların Xəzər hövzəsindəki uzunmüddətli maraqlarının təminatı üçün xüsusi təmsilçi təyin olunmalıdır".
Məqalədə o da vurğulanır ki, Türkmənistanın Transxəzər qaz-boru kəməri marşrutuna qoşulmaq istəyini nəzərə alsaq, Azərbaycanın Qərb üçün önəmi daha da artır. Təbii qaz ehtiyatlarına görə dünyada 4-cü yeri tutan Türkmənistanın və habelə qazla çox zəngin Azərbaycanın "mavi yanacağı" sayəsində Avropa Birliyi qaz təminatı məsələsində Rusiyadan asılılığı unuda bilər. Belədə Bakı enerjidaşıyıcılarının tranziti marşrutlarının mərkəzinə çevrilir.
2004-cü ildən bəri Azərbaycan Avropa Birliyi ilə sıx inteqrasiya siyasəti yürüdür. AB-nin "Şərq Tərəfdaşlığı Proqramı"nın üzvü olan Bakı Avropa Birliyinin üzvü olmasa da, bu struktura daxil olan ölkələrlə siyasi, ticari, iqtisadi, mədəni və s. əlaqələri daim gücləndirməyə, sürətlə intensivləşdirməyə can atır.
"Bütün bu səbəblərə görə ABŞ və Avropa Birliyində Azərbaycanı "hədəf"ə alaraq tənqid edənlər diqqətli, hətta çox ehtiyatlı olmalıdırlar. Belələri əsla unutmasınlar ki, Azərbaycan bir sıra postsovet ölkələrindən fərqli olaraq, ərazisində Rusiyanın hərbi bazalarının yerləşdirilməsinə qarşı çıxıb. Müstəqillik qazanandan bəri Azərbaycan Rusiya və Qərb arasında balanslaşdırılmış siyasət yürüdür. Qərblə çox sıx münasibətlərinə rəğmən, Azərbaycanın Rusiya ilə əlaqələri də inkişaf edir.
Rusiya prezidenti Vladimir Putin Azərbaycanı "dost, qardaş ölkə" adlandırıb. Rusiyanın baş naziri Dmitri Medvedyev isə ölkə prezidenti olduğu dönəmdə, 2011-ci ildə demişdi: "Rusiya və Azərbaycan xalqları arasında dostluq, mehriban qonşuluq, qarşılıqlı etimad və səmimi inam münasibətləri var".
Rusiyanın təşəbbüsü ilə yaradılan Avrasiya İqtisadi Birliyinə qoşulmaq istəməyən Azərbaycan Qərblə münasibətləri inkişaf etdirir. Azərbaycana qarşı sanksiyaların tətbiqini təklif edənlər, yəqin, "unudurlar" ki, Rusiya Gürcüstan və Ukraynaya qarşı aqressiv siyasət yürüdəndə Azərbaycan nə Tbilisiyə, nə də Kiyevə qarşı sanksiyalar tətbiq etmək istəmədi, Gürcüstan və Ukrayna ilə strateji müttəfiq olduğunu bir daha bəyan etdi".
The Washington Post hesab edir ki, Cənubi Qafqaz regionunda Ermənistan Rusiyanın əlaltısı, forpostudursa, Gürcüstanın suverenliyi Rusiyanın dəstəklədiyi separatçılar tərəfindən pozulub və Tbilisi zəifləyib. Belə şəraitdə ABŞ ilə NATO Azərbaycanla münasibətləri sərinləşdirməməli, əksinə, daha da inkişaf etdirməlidir.
"Azərbaycana qarşı qərəzli, aqressiv, düşünülməmiş mövqe Bakını alternativ yollar aramağa vadar edə bilər. Halbuki Bakı 2001-ci ilin sentyabrın 11-dən bəri beynəlxalq terrorizmlə mübarizədə ABŞ-ın ən inanılmış tərəfdaşlarından, ən sadiq və effektiv müttəfiqlərindən biridir. 2003-cü ildə İraq savaşı başlananda Birləşmiş Ştatların ən yaxın bildiyi müttəfiq ölkələr belə, Vaşinqtonu dəstəkləmədilər. Azərbaycan isə əksinə, səmasını ABŞ təyyarələrinə açıq elan etdi. Əfqanıstandakı amerikalı hərbçilərin ərzağı, yanacağı və hərbi sursatının 1/3 hissəsi indi də Azərbaycan səmasından keçən təyyarələrimizlə daşınır. Azərbaycanın hakimiyyət dairələri dini radikalizm və dinlə pərdələnən terrorizmə qarşı da sərt mübarizə aparır", - yazıda bildirilir.