“Planlar Rusiyanı zəiflətmək olsa da...” Siyasət

“Planlar Rusiyanı zəiflətmək olsa da...”

Xəzri Abdullayev: "Neft ölkəsi olaraq Azərbaycan və keçmiş iqtisadi, siyasi tərəfdaşı olan Ukarayna da bundan zərər görür"
Dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə düşməsi neft ixrac edən ölkələrin iqtisadiyyatına təsirsiz ötüşmədi. Milli valyutanın dəyərdən düşməsi, iqtisadi sahədə yaranan çətinliklər Azərbaycanda da hiss edildi. Ancaq Azərbaycan hökumətinin həyata keçirdiyi antiböhran tədbirləri yaranmış arzuedilməz vəziyyəti nizama sala bildi. Adətən bu cür situasiyalarda vətəndaş cəmiyyəti, ictimaiyyət hökumətə dəstək nümayiş etdirdiyi halda, Azərbaycanda bəzi işbazlar, ölkədə qarşıdurma yaratmaq istəyən müəyyən qruplaşmalar ajiotaj yaratmaqla məşğul oldular, cəmiyyətin müəyyən bir qismini etiraz aksiyalarına cəlb etməyə çalışdılar. Başlıca məqsəd isə cəmiyyət arasında hökumət, mövcud iqtidar barədə mənfi rəy formalaşdırmaq, təbii yolla baş vermiş prosesləri hakimiyyətin ayağına yazmaq idi. Halbuki bütün bu proseslərin arxasında məhz təbii amillər dayanırdı. Elə yaxın tarixdə qonşu ölkələrdə, Azərbaycanla yaxından əməkdaşlıq edən dövlətlərdə baş verən anoloji hadisələrin fonunda bunu grmək mümkündür. Məlumat üçün qeyd edək ki, hazırda şimal qonşumuz Rusiya eyni problemi yaşayır. Eyni zamanda Ukrayna Krım məsələsi gündəmə gələndən iqtisadi geriləmə dövrünə qədəm qoyub. Özü də bu ölkələrdə milli valyuta Azərbaycandan fərqli olaraq daha az rəqbətə davamlı oldu. Ancaq istər Rusiya, istərsə də Ukraynada müşahidə edilən müsbət tendensiya ondan ibarət idi ki, həm ukraynalılar, həm də ruslar problemin təbii yolla meydana çıxdığını dərk edir, ondan çıxış yollarını küçələrdə, meydanlarda aksiya keçirməkdə deyil, hökumətə dəstək nümayiş etdirməkdə gördülər. Elə Ukraynada yaşayan söydaşlarımız da bu qənaətdədir. Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) bu ölkə üzrə nümayəndəliyinin rəhbəri Xəzri Abdullayevlə böhran dövründən sonrakı dönəmdə bu ölkədəki vəziyyət, ukraynalıların həmin proseslərə münasibəti, eləcə də digər məsələlər barədə söhbətləşdik.
-Xəzri bəy, Azərbaycan kimi Ukraynada da kəskin iqtisadi böhran yaşandı. Lakin Ukraynada xalq baş verənlərə kəskin etiraz bildirmədi və aksiyalar keçirmədi. Problem ciddi şəkildə ictimailəşmədi. Halbuki Ukrayna daha ciddi problemlə qarşılaşdı. Amma Azərbaycanda hətta kütləvi akaiyalara cəhd edildi. Sizcə belə bir zamanda kəskin reaksiyanın bildirilməsi, aksiyaların keçirilməsi normal idimi?
- Bu gün dünyanın hər yerində iqtisadi böhran yaşanır. Ən əsası da dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi nəticəsində neft ixrac edən ölkələrin iqtisadiyyatında müəyyən çətinliklərin olması normaldır. O ki, qaldı Ukraynadakı vəziyyətlə Azərbaycanı müqayisə etməyə, onu qeyd edim ki, Ukraynada hakimiyyət çevrilişi baş verməmişdən əvvəl hər şey iqtisadi baxımdan normal idi. Ancaq Ukraynada siyasi, iqtisadi və s. sahələr ümumi şəkildə indi Ermənistanda olduğu kimi Rusiyadan aslı idi. Yanukoviçin hakimiyyəti dövründə siyasi rejim dövləti Rusiyadan asılı vəziyyətə salmışdı. Çevrilişdən sonra da Ukraynada iqtisadi və hərbi tənəzzülün, çöküşün yaşanmasının əsas səbəbi də dövlətin xarici siyasətində balanslaşdırmanın aparılmaması olub. Burada siyasi rejm dəyişdi və Poraşenko dövrü başladı. Amma dövlətdə milli pul dəyərdən düşdü, hətta üç dəfə devalvasiya prosesi getdi. Buna baxmayaraq ərzaq, benzin, gediş haqları, geyim mallarında qiymət artımı o qədər də olmadı. Bir şeyi qeyd edim ki, indi də ukraynalılar arasında yenə də təşviş və dövlətə qarşı inamsızlıq var. Yəni dövlətdə də korrupsiya, rüşvət təbii ki, var. Yenə də hərdən xalq kütlə halında məşhur Maydana toplaşır və dövlətin müəyyən məmurlarına xəbərdarlıq edirlər. Ən əsası isə odur ki, artıq Ukrayna xalqı ixtişaş və ya yeni bir çevriliş, xalq üsyanı etmək istəmir. Çünki onlar anlayır ki, baş verən çevrilişlər və xalq ayaqlanmaları ya Ukraynaya, ya da sadə xalqa heç bir xeyir verə bilməz. Yalnız hər şeyi sakit şəkildə dövlətdə islahatlar keçirtmək, inkişafa xidmət edəcək yeni qanunlar qəbul etməklə həll etmək mümkündür. Ukraynada nə baş verdisə bunun onlardan daha çox xarici qüvvələrə xeyri dəydi. Əziyyət çəkən isə sadə ukraynalılar və Ukrayna oldu. O ki qaldı Azərbaycana, onu deyə bilərəm ki, dövlət sistemində prezidentimiz tərəfindən verilən və veriləcək sərəncamlarla böyük dəyişiklik ediləcək. Çünki, yuxarıda qeyd etdiyim kimi dövlətimizin xarici siyasəti o qədər düzgün qurulub ki, xaricdən mənfi şəkildə iqtisadi, siyasi və s. açıq şəkildə təhdidlərin, müdaxilələrin olacağını düşünmürəm. Ukraynadan fərqli olaraq Azərbaycan hər bir ölkə ilə balanslaşdırılmış münasibət qurub. Ancaq təbii ki, iqtisadiyyatımızın və bundan asılı olaraq da, büdcəmizin böyük hissəsi neftdən gələn gəlirlə formalaşdırılıb. Qeyri neft sektoru müəyyən səriştəsiz məmurların fəaliyyətsizliyi ilə əlaqədar olaraq zəif inkişaf edib. Azərbaycanda devalvasiyanın olması və ya qiymət artımı təbii ki, dövlətin və xalqın ziyanına işləyən amildir. Mən dəqiq deyə bilərəm ki, müəyyən regionlarda baş vermiş narazılıqları bəzi qüvvələr dövlətə və prezidentə qarşı etiraz adlandırırlar. Amma hər şey ortadadır ki, cənab prezident İlham Əliyev bir neçə dəfə məmurları yığaraq onlara açıq şəkildə öz iradını bildirib, tənqid edib. Hətta nəzarətsizlikdə günahlandırıb. Prezidenti də xalq seçib və xalqımız da prezidentin yanında olduğunu göstərir. Buna görə də aktiv şəkildə məmurlara xəbərdarlıq edir. Ona görə də baş verənləri xalqın ayağa qalxması kimi dəyərləndirmək ağılsızlıqdır.
Əgər xalqı buna təşviq etmək istəyən xarici və ya daxili qüvvələr varsa, onlar Azərbaycanın düşmənləridir. Hazırda səbr etmək və prezidentin verdiyi sərəncamların icrasını həyata keçirmək, hətta buna yardım etmək lazımdır. Mənə elə gəlir ki, etirazın ən yaxşı forması öz hüququnu bilmək və kortəbii yox, rəsmi şəkildə öz etirazını prezidentin verdiyi sərəncamlara və qəbul edilmiş qanunlara uymayan məmurlara bildirməkdir. Azərbaycanın xarici düşmənləri var. Onlara yardım edən sapı özümüzdən olan satqınlarımız, dövlət xainləri də əfsuslar olsun ki, yetərincədir. Bunlara imkan yaratmaq lazım deyil ki, istəklərini, arzularını həyata keçirtsinlər.
-Sizcə hazırkı situasiyada cəmiyyət hansı mövqeni ortaya qoymalıdır?
-Bu gün xalqımız daha səbrli olmalı və küyə getməməlidir. Mən əminəm ki, prezidentin və dövlətin müəyyən planları var. Bu planlara əməl olunacağı təqdirdə hər şey daha yaxşı olacaq. Unutmayaq dövlətə qulluq etmək üçün prezident tərəfindən təyin edilən nazir və ya digər məmurlar dövlətin özü deyil. Onlar sadəcə dövlətimizin qulluqçusu və prezidentin nəzarətində xalq üçün çalışmalı olan işçilərdir. Bunun dəfələrlə şahidi olmuşuq ki, həddini aşan istənilən dövlət məmurunu, dövlət və prezident vəzifəsindən azad edərək məsuliyyətə cəlb etmək iqtidarındadır.
- Ukraynada böhrana qarşı Azərbaycanda olduğu kimi ciddi tədbirlər həyata keçirildimi?
-Ukraynada dövlət çevrilişi oldu və ABŞ-la Avropanın nəzarətində yeni bir dövlət quruldu. Daha doğrusunu desək bu proses hələ də davam edir. Çünki sıfırdan dövlət qurmaq asan deyil. Ona görə də çevriliş etmək nə qədər asan olsada istənilən kimi dövlət formalaşdırmaq çox illər tələb edir. Təbii ki, yeni dövlət formalaşandan sonra həm iqtisadi böhrana qarşı, həm də rüşvət və korrupsiyayla mücadilə etmək üçün çoxlu sayda istər prezident, istərsə də Ali Rada tərəfindən qanunlar qəbul edilib, sərəncamlar imzalanıb. Amma bu problem bir andaca həll ediləcək problem deyil. Azərbaycanda da olduğu kimi prezidentin verdiyi muəyyən qərarlara uymayan oliqarxlar olur ki, onlarla da müəyyən şəkildə mübarizə aparılsa da, problemləri tez şəkildə çözmək mümkün deyil. Bir şeyi də qeyd edim ki, hər iki dövlətdə də iqtisadi böhrandan çıxış yolu dünyada baş verən siyasi və iqtisadi proseslərin nizama düşməsindən asılıdır. Çünki böhranın yaranmasının əsas səbəbi də dünyada böyük güclər tərəfindən müəyyən oyunların oynanılmasıdır. Bu oyun təbii ki, Azərbaycana və ya Ukraynaya qarşı oynanılmayıb. Onların istəyi Rusiyanı zəiflətmək olsa da, neft ölkəsi olaraq Azərbaycan və keçmiş iqtisadi, siyasi tərəfdaşı olan Ukarayna da bundan zərər görür.