“Bir-birini təkrarlayan qurumlar birləşdirilməlidir” Siyasət

“Bir-birini təkrarlayan qurumlar birləşdirilməlidir”

"Cənab Prezident yanvar ayında keçirdiyi hər iki müşavirədə manatın devalvasiyası fonunda ölkədə ticari mühitdə yaranan passivlik, bir sıra hallarda qeyri-müəyyənlik, əhalinin müxtəlif təqəbələrinin bundan ziyan çəkməsi və bununla bərabər dövlət oqranlarının daha təkmil, daha çevik, daha optimal fəaliyyətini bərqərar etmək üçün tapşırıqlar verdi. Dövlət başçısının bu addımı cəmiyyət tərəfindən çox böyük ruh yüksəkliyi ilə qəbul edildi. Cənab Prezidentin qaldırdığı məsələlər vətəndaşlarımızın gözləntilərinə tamamilə uyğundur, xarakterinə görə də kifayət qədər sərtdir". Bu fikirləri millət vəkili Zahid Oruc deyib.
O, dövlət idarəçiliyi sahəsində həyata keçirilən struktur islahatlarını yüksək qiymətləndirib. Bildirib ki, ölkədə qeyri-neft erasının tələblərinə cavab verən hökumət formalaşdırılacaq: "Neft erası hökuməti bu anlama gəlir ki, müxtəlif qurumlarda şişmiş aparatlar mövcuddur. Dövlət vəsaitlərinin o sferaya yönləndirilməsi və buna müvafiq həmin personala xidmət edən avtomobil, texnika, ezamiyyə xərcləri və s. hamısı böyük bir büdcə yükü deməkdir. Belə olanda avtomatik olaraq, həm də bürokratizm yaranır. Yəni, strukturlar biri digərinin işini yerinə yetirməklə əhalinin müxtəlif kateqoriyalarına çətinliklər yaradırlar. Sahibkara nəzarət etməli olan vergi qurumu ilə yanaşı, sanitariya-epidamiloji xidmət orqanlarından tutmuş standartlaşdırma, setrologiya və patent kimi qurumlara qədər hamısı özlərinin qeyri-rəsmi dövriyyələrini vətəndaşlar üzərində qururlar. Bu isə vətəndaşlara yönəldilməli olan vəsaitlərin qarşısnı alır və çoxlu aralıq çətinlikləri yaradır".
Millət vəkili qeyd edib ki, qarşıdakı dövrdə bir neçə nazirliyin, ayrı-ayrı komitələrin, agentliklərin, dövlətin payı olan və idarəetməyə açıla biləcək strukturların yeni təşkilati modeldə, yeni idarəçilik üslubunda fəaliyyətinin şahidi olacağıq: "Bu bir tərəfdən dövlətin yükünü azaldacaq, o biri tərəfdən məmur sayı ilə bağlı optimallaşmaya nail olmağa imkan verəcək. Dünyada əhalinin 100 min nəfərinə düşən məmurun sayının da kvotası var. Əgər say kvotadan artıq olsa, cəmiyyəti mütləq qeyri-effektiv nəticələrlə üz-üzə qoyacaq".
Z.Oruc həyata keçirilməli olan struktur islahatlarına nümunələr gətirib: "Yanacaq və energetika deyərkən konkret sahələri nəzərdə tuturuq. Burada ümumi qanunvericilik bazasının müəyyənləşməsi, o normalara nəzarətin həyata keçirilməsi nəzərdə tutulur. Bizdə yanacaq yeganə olaraq neft və ondan emal olunan məhsullardır. Energetika sahəsini isə tənzimləyən başqa bir qurum mövcuddur. Külək və günəş enerjisi ilə bağlı da fəaliyyət göstərən ayrıca bir strukturumuz var. Dövlət Neft Şirkəti yanacaqla bağlı məslələri tənzimlədiyi halda, onun üzərindən hansısa bir qurum niyə fəaliyyət göstərməlidir? Nazirliyin lisenziya vermək səlahiyyəti də ASAN xidmətə yönəldilib. Belə olan halda onu niyə saxlayırıq ki? Bir-birini təkrarlayan qurumlar birləşdirilməlidir. Əgər biz iqtisadi liberallıq yaradırıqsa, cəmiyyətdə işləmə imkanlarını artırırıqsa, artıq dünənki məmurlar, bu və ya digər formada biznesə yaxın olan adamlar öz işlərini rahat şəkildə görə biləcəklər. Cənab Prezident konkret tapşırıqlar verib və hökumət bunun üzərində işləyir. Qarşıdakı dövrdə biz qeyri-neft erasına, onun tələbləri və çağırışlarına hazır olan hökumətin fəaliyyətini görəcəyik".