“ATƏT qərəzsizlik prinsipini pozub” Siyasət

“ATƏT qərəzsizlik prinsipini pozub”

Metyu Brayza: "Münaqişə tərəflərinin qonşu ölkələri vasitəçi qismində iştirak etməməlidirlər"

ATƏT Rusiyaya Minsk qrupuna həmsədrlik etməyə imkan verməklə qərəzsizlik prinsipini pozub.
Bu sözləri ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza deyib. "Kavkazskiy Vestnik" xəbər saytına müsahibə verən Brayza Dağlıq Qarabağ münaqişəsinin vasitəçilərinin qərəzsiz olmalarının başlıca amil olduğunu bildirib. O, bunun hər yerdə, xüsusən də Birləşmiş Millətlər Təşkilatında (BMT) belə qəbul edildiyini qeyd edib.
"Qərəzsizliyi təmin etmək üçün münaqişə tərəflərinin qonşu ölkələri vasitəçi qismində iştirak etməməlidirlər. Əlbəttə, ATƏT Rusiyanı Minsk qrupuna həmsədr kimi əlavə etməklə bu prinsipi pozub. Əgər vasitəçilər sırasına daha bir qonşu ölkə - İran qatılarsa, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair şanslar bir o qədər də yüksək olmayacaq", - deyə Metyu Brayza əlavə edib.
Onun sözlərinə görə, sanksiyalar aradan qaldırılsa da, İranın daxili siyasətindəki mürəkkəb vəziyyət əməkdaşlığı çətinləşdirə bilər: "Çünki sərt siyasi xəttin davamçıları prezident Ruhanini və nüvə razılaşmasının digər tərəfdarlarının səylərini neqativ reaksiya ilə qarşılayır. Hesab edirəm ki, məhz bu siyasət İranın Yəməndə və Suriyada olduğu kimi Azərbaycanda və digər yerlərdə islam ekstremizminin təsirini, həmçinin, dinlərarası ziddiyyətləri kəskinləşdirməyinə səbəb ola bilər".
Brayza İranın Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesinə qoşulmaq təşəbbüsünə də ehtiyatla yanaşır.
Sabiq səfir İranın hazırda ABŞ və Qərb ölkələri ilə də münasibətlər qurmağa hazır olmadığını düşünür.