“Üç dövlətin xarici işlər nazirlərinin görüşünün planlaşdırılması...” Siyasət

“Üç dövlətin xarici işlər nazirlərinin görüşünün planlaşdırılması...”

Arzu Nağıyev: "Azərbaycam-Rusiya-İran yaxınlaşmasının əlaməti hesab oluna bilər"

"Üç dövlətin xarici işlər nazirlərinin görüşünün planlaşdırılması Azərbaycam-Rusiya-İran yaxınlaşmasının əlaməti hesab oluna bilər". Bunu siyasi ekspert Arzu Nağıyev bildirb. O, deyib ki, bu görüşdə əsas məsələ kimi Azərbaycan Prezidenti İlham Əliyevin İranda İslam Respublikasının prezidenti Həsən Ruhani ilə görüşü vaxtı əldə olunan razılıqların və müqavilələrin həlli yolları ola bilər: "Bildiyiniz kimi, İrandan sanksiyalar götürüldükdən sonra Azərbaycanla əlaqələrin genişləndirilməsi hər iki dövlət üçün önəmlidir. Əsas istiqamət təbii ki, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasıdır. Bu isə Rusiyanın, İranın və eyni zamanda Azərbaycanın yükdaşımasında böyük önəm kəsb edir". Arzu Nağıyevin sözlərinə görə, ermənilər hər cəhdlə buna mane olmağa çalışsalar da, lakin sözügedən layihə reallaşır: "Bundan başqa, Rusiyadan elektrik enerjisinin Azərbaycana və buradan İrana ötürülməsi də müzakirə edilən məsələlərdəndir. Bunun üçün xüsusi bir qrup da yaradılıb". Arzu Nağıyev bildirib ki, İran qazının Azərbaycandan tranziti, qazın müvəqqəti saxlanması və təbii ki, neft sektoru ilə də bağlı bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulur: "Düşünürəm ki, bütün bunların siyasi tərəfləri də mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, Azərbaycan balanslı siyasət aparır, lakin unutmaq olmaz ki, Rusiya və İran regional məsələlərdə söz sahibi olan dövlətlərdir. Belə regional meqalayihələrdə Ermənistanın kənarda qalması da nəzərdən qaçmır və birmənalı şəkildə qarşılanmır. Yəni Dağlıq Qarabağ münaqişəsinin həllində regional təhlükəsizlik baxımından bu layihələrin önəmli rolu ola bilər. Belə ki, İran-Ermənistan və Rusiya-Ermənistan münasibətləri də unudulmamalıdır". Ekspertin sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və iranlı hımkarı Həsən Ruhaninin görüşünün Xəzərin statusu məsələsinə də təsiri qaçılmazdır: "İran tərəfi Xəzər dənizini sülh dənizi kimi görmək istəyir və bu da başadüşüləndir. Son hadisələrdə Rusiyanın Xəzərdə güc nümayişi İranı narahat etməyə bilməzdi. Bir sözlə, bu anlaşmalar hər üç dövlətin Xəzərdəki maraqlarına təsir edə bilər. Hazırda "Cənub Qaz Dəhlizi" məsələsinin gündəmdə olması belə deməyə əsas verir".