“Demokratiyanı ölkəyə kənardan gətirmək mümkün deyil” Siyasət

“Demokratiyanı ölkəyə kənardan gətirmək mümkün deyil”

IV Qlobal Bakı Forumu çərçivəsindəSuriyadakı müharibəyə həsr olunan "Suriya naminə qlobal məsuliyyət: fəaliyyət planına doğru" mövzusunda panel keçirilib.
Panelin aparıcısı, İsveçin Suriyadakı səfiri Piter Semnebi bildirib ki, hazırda Suriyada baş verənlər dünyanın ən qəddar müharibəsidir. O qeyd edib ki, bu, artıq bəşəri böhrandır və dünya bunun qarşısını almalıdır.
İtaliyanın sabiq xarici işlər naziri Franko Frattini deyib ki, hazırda Suriyaböhranının həlli ilə faktiki olaraq iki koalisiya - Qərb və Rusiya-İran koalisiyası məşğuldur: "Suriyaya müdaxilə ilə bağlı onu deyə bilərəm ki, bu, olmalıydı. Amma elə etmək lazımdır ki, hər iki koalisiya fərqli mövqe nümayiş etdirməsin və eyni mövqedən çıxış etsinlər. Təbii ki, əgər bizSuriya böhranının tezliklə aradan qalxmasını istəyiriksə".
Sabiq nazirin sözlərinə görə, Suriya müharibəsi fonunda Avropaya axışan qaçqın ordusu onlar üçün gözlənilməz olub: "Biz bunu gözləmirdik. Hazırda Avropaya axışan qaçqın ordusu gələcək böhrandan xəbər verir. Biz ümumiyyətlə, bu böhranların öhdəsindən gəlmək üçün əvvəldən səhv addımlar atmamalıydıq. Ən böyük səhv o idi ki, biz əvvəldən Bəşər Əsədin hakimiyyətdən getməsini tələb etməməliydik".
Xorvatiyanın sabiq prezidenti İvo Yosipoviç də Suriya müharibəsinin dünya üçün ciddi problem yaratdığını vurğulayıb: "Qaçqınlar bu problemin nəticələrindən biridir". Onun fikrincə, Suriyada baş verənlər enerji uğrunda mübarizənin bir formasıdır və bunu açıq söyləmək lazımdır.
Livanın sabiq prezidenti Amine Gemayel Suriya böhranının əslində çoxtərəfli münaqişə olduğunu söyləyib: "İnsanlar Suriyada 40 ildən çox davam edən diktaturadan yorğun düşmüşdü. Hazırkı böhranın nəticələri isə iqtisadi və sosial cəhətdən çox dramatik oldu. İnsanlar ölkəni tərk edərək Avropaya və Türkiyəyə köçməyə məcbur qaldı. Münaqişənin iki tərəfi haqda danışa bilərəm. Birincisi İran və onun müttəfiqi "Hizbullah"ın timsalındadır. Digəri isə Səudiyyə Ərəbistanı və onun müttəfiqləridir. Bir mühüm məsələni də qeyd edim ki, Suriyada hazırda "neoşiəlik" baş qaldırır. Bu da İran tərəfindən diktə olunan məsələdir və sünni nasionalizminin yaranmasına səbəb olur. Bu, fanatiklərin ölkədə hərəkətini aktivləşdir".
Türkiyənin sabiq xarici işlər naziri və keçmiş TBMM sədri Hikmət Çətin çıxışında deyib ki, hazırda dünya ölkələri heç bir münaqişəni həll edə bilməyəcək durumdadırlar. O, Qarabağ münaqişəsini də buna misal çəkib. Hikmət Çətin qeyd edib ki, Suriya problemi həll edilməsə, bu, dünyada 3 qlobal prosesə səbəb ola bilər: "Birincisi, qlobal terrorizm, ikincisi isə qaçqınlar problemidir. Regionda sünni islam məzhəbinin şiələrə qarşı çıxış etməsi təhlükəsi də var. Biz süni-şiə müharibəsi istəmirik. Dünya sülh proseslərinə öz töhfəsini verməlidir".
Hikmət Çətin bildirib ki, hazırda Türkiyədə 3 milyona yaxın qaçqın var: "Rəsmi məlumatlara görə, indiyədək 271 min insan öldürülüb, bunlardan 13500-ü uşaqdır. Suriyadakı vəziyyət düzgün qiymətləndirilmədi. Bəşər Əsədin güclü ordusu var idi. Bundan başqa, Rusiya və İranın ona dəstəyi də nəzərə alınmadı. Demokratiyanı ölkəyə kənardan gətirmək mümkün deyil. Bu, İraqda baş verdi və İraqın iki yerə bölünməsinin şahidi olduq".
Hikmət Çətin Bəşər Əsədə qarşı mübarizəni gücləndirməyə çağırıb və problemin onun hakimiyyətdən getməsi ilə həll olunacağını söyləyib.