Türkün beli qırılmaz Siyasət

Türkün beli qırılmaz

Əli Zülfüqaroğlu

Fevralın 6-sında səhəri acı xəbərlə açdıq. İkinci vətənimizdə baş verən dəhşətli zəlzələ xəbəri gəldi. Qardaşlarımız növbəti çətin sınaqla üz-üzə qalmışdı.

Doğrusu ilk öncə detallı xəbərlər olmadığından dağıntı və itkilərin miqyasını təsəvvür etmirdik. Amma az sonra 13, 5 milyon insanın yaşadığı 10 şəhərin zəlzələnin təsirinə məruz qaldığı və dağıntıların, insan təlafatının , yaralıların və uçqunların altında qalan və xilas edilməsaini gözləyən insanların çoxluğu ilə bağlı xəbərlər bizi dərindən sarsıtdı.

Qardaş ölkə daim çətin sınmaqlarla üz-üzə qalıb. Böyük güclər, dövlətlər, müxtəlif beynəlxalq maliyyə təsisatları, eyni zamanda terror qruplaşmaları tərəfindən təhdidlərlə üz-üzə qalsa da biz heç bir zaman bundan əndişə duymamışıq. Çünki eyni millətin nümayəndələri olaraq qardaşlarımızın bu təhdidlərin öhdəsindən lazımınca gələcəyini yaxşı bilirik.

Amma indi bizi əndişələndirən təbiət faktorudur. Bu dəfə Türkiyə hər hansı bir dövlət, hansısa qlobal maliyyə təsiatlları, yaxud terror təşkilatları tərəfindən deyil, təbii fəlakələtlə sınağa çəkilirdi.

Təbii ki, ilk öncə yardıma qaçan Azərbaycan dövləti və xalqı oldu. Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinə qardaş ölkəyə dərhal xilasetmə qruplarının göndərilməsi ilə bağlı göstəriş verdi. İlkin olaraq 400 nəfərli qrup təcili zəlzələ bölgəsinə yollandı. Dövlət başçısı həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng vuraraq basağılığı verdi, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını və kədərləndirdiyini dedi.

Prezident həmçinin ölkəmizin Türkiyənin bu dərdinə şərik çıxdığını, Azərbaycan və Türkiyənin hər zaman bir-birinin yanında olduğunu, qardaş ölkəyə hər cür yardım göstərilməsinə hazır olduğunu bildirdi...

Bu protokol xatirinə verilən başsağlığı deyildi. Bu Dövlət Başçısının özünün və xalqının üzüntülərinin səmimi ifadəsi idi...

Hazırda Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) hazırda 725 əməkdaşı zəlzələnin fəsadlarının aradan qaldırılması işinə cəlb edilib.

Həmin şəxslərdən 41 nəfəri tibbi heyətdir. Hazırda həmin şəxslərin bir qrupu Türkiyənin Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarında iştirak edir.

Fevralın 6-dan indiyədək Azərbaycandan qardaş ölkəyə 7 təyyarə və 1 avtomobil karvanı göndərilib.

Təbii ki, Türkiyə güclü dövlətdir. Türkiyə dövləti bütün gücü ilə vətəndaşlarının xilası üçün çalışır. Amma biz də dövlət və xalq olaraq qardaşlarımıza hər cür dəstəyi göstərəcəyik. Bu gün həm Həm Türkiyə daxilində, həm də qardaş xalqlar olaraq birlik və bərabərliyə daha çox ehtiyacımız var.

Qardaş ölkədəki fəlakətlə bağlı Azərbaycan dövləti ilə yanaşı, sadə insanlarımız tərəfindən də yardıma başlandı.

Qohumlar, dostlar, ümumiyyətlə hər sadə insanın üzüntüsü sifətindən oxunur və “necə yardım edə bilərik. Bu dar gündə qardaşlarımızın yanında olmayacağıqsa, nə zaman olacağıq ”,- deyə soruşur, yardıma tələsirlər.

Sadə insanlarımızın səmimiyyət dolu bu çırpınışları özünü praktiki olaraq da göstərir. Hazırda imkanı olan daha çox, olmayan isə evinin əşyasını belə Türkiyəyə yardım üçün toplanış məntəqəsinə gətirir. Heç bir Azərbaycan türkü dar gündə qardaşının köməyinə çata bilməməsinin ona ömür boyu verəcəyi vicdan əzabı ilə yaşamaq istəmir. Hər kəs gücü çatdığı qədər yardım etməyə çalışır.

Bütün bunlar türk millətinin böyüklüyünü göstərir. Bir daha əmin oluruq ki, bir millət olaraq altından qalxa bilməyəcəyimiz yük, öhdəsindən gələ bilməyəcəyimiz problem yoxdur.Türkiyəli qardaşlarımızın dərdini paylaşırıq və qardaş ölkənin bu sınaqdan da Azərbaycan başda olmaqla dost və qardaş ölkələrin də yardımı ilə alnıaçıq, üzüağ çıxacağına əminik!

Böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin 1999-cu il avqustun 17-də Türkiyədə baş verən zəlzələdə həlak olanların xatirəsinə

yazdığı şeir bu gün Azərbaycan xalqının çəkdiyi iztirabı və hansı hisslər keçirdiyini özündə tam ehtiva edir:

Eşidincə ata yurdda depremi,

Axdı yaşım, döndü başım, Türkiyə.

Hər dərdimin, hər qəmimin ortağı

Can qardaşım, qan qardaşım, Türkiyə.

Varmı qəza, varmı bəla, de, bunca?

Səninləyik biz ki ömür boyunca.

Faciəni biz uzaqdan duyunca,

Gözlərimdən axdı yaşım, Türkiyə.

Öz hökmü var hər zamanın, hər anın,

Yaman gündə yanındayıq biz sənin.

Ana yurdda Vətənimsən, Vətənim,

Vətənimdə vətəndaşım, Türkiyə.

Tarix boyu bu əhdimiz pozulmaz,

Türk milləti xar olmamış, xar olmaz.

Hər bəladan türkün beli qırılmaz,

Sən ey mənim can sirdaşım, Türkiyə.

Sən çıxmısan tarixdə çox sınaqdan,

Dönməmisən nə gerçəkdən, nə haqdan.

Ey zamanın yollarında hər zaman

Mənim arxam, yol yoldaşım, Türkiyə.

Bu taleyi nə yamanla, nə qına,

Dönəcəksən sən dünənki çağına.

Qurban olum sinəndəki dağına,

Uca başım, əməldaşım, Türkiyə.

Bir daha uca Allahdan Türkiyədə zəlzələ nəticəsində həlak olan qardaşlarımıza Allahdan rəhmər diləyir, dağıntılar altında qalanların tez bir zamanda xilas edilməsini, yaralıların öz sağlamlıqlarına qovuşmasını arzu edirəm! Başımız sağ olsun!