“Təxribatçı Vardanyanın Moskvadan geri dönməsini istəmirik” Siyasət

“Təxribatçı Vardanyanın Moskvadan geri dönməsini istəmirik”

“Xəbər verilir ki, Ruben Vartanyan haradan göndərilmişdisə oradadır. Yəqin Qarabağdakı Rusiya hərbi kontingentinin yük maşınının bortunda tentin altında gizlənərək Xankəndindən çıxıb”. “Xalq Cəbhəsi”nin məlumatına görə, bunu millət vəkili Sahib Alıyev bildirib. O, “biz birmənalı şəkildə bu təxribatçı dələduzun Moskvadan geri dönməsini istəmirik”,- deyə vurğulayıb: “Onun Xankəndiyə göndərilməsini isə regionda sülhün baş tutmamasına və torpaqlarımız üzərində suverenliyimizin tam təmin olunmasının qarşısının alınmasına cəhd kimi qiymətləndiririk.

Azərbaycanın tam haqqı var ki, nə özü, nə də ata-anası Qarabağda doğulub-böyüyən bu sümsük hay yenidən ora dönmək istəsə, qanunlarımızı kobud şəkildə pozduğuna görə tutub həbsə atsın”.

Siyasi şərhçi Asif Nərimanlı isə diqqətə çatdırıb ki, Qarabağa “rus desantı” kimi atılmış Ruben Vardanyanın Moskvaya qaçdığı xəbərləri yayılıb: erməni mənbələr Rubenin Araiklə münasibətlər fonunda “Xankəndindəki siyasi vəziyyəti aydınlaşdırmaq” üçün getdiyi yazır, Azərbaycan mənbələri isə qaçdığını: “İki məqam Vardanyanın Xankəndini tərk etdiyi ehtimalını artırır:

- Rubenin qaçdığı xəbərini yayan mənbə (Caliber) etibarlı hesab edilir: məlumatda qeyd olunur ki, Vardanyan sülhməramlıların paltarını geyinərək, onların avtomobilində Qarabağdan çıxıb və Moskvaya gedib, beləliklə, “Vardanyan layihəsi”ni başa çatmış hesab etmək olar;

- Hər gün görüşlər keçirən, çıxışlar edən Ruben son iki gündə “gözə dəymir”: sonuncu dəfə bir neçə gün öncə İspaniya və İtaliya mediasına müsahibə vermişdi, həmin müsahibədə bildirirdi ki, “Avropa İttifaqı sözdə danışır, amma əməldə heç nə etmir”; müsahibədə dolayısı yolla mövcud vəziyyətdə “əlindən heç nə gəlmədiyini” deyirdi;

Rubendən fərqli olaraq Araik “yaşamaq” üçün Bakının tələbləri ilə razılaşmağın “tərəfdarı” kimi çıxış edirdi. Vardanyanın getməsi Arutyunyanın separatçı rejimdə nəzarəti yenidən ələ alması deməkdir. Lakin burada məsələ Araik və Ruben yox, Rusiyanın dəyişən mövqeyidir. Mümkündür ki, Moskva Bakı ilə anlaşmaq qərarına gəlib.

Vardanyanın Qarabağdan getməsi də (əgər doğrudursa) Bakının tələblərinin qəbul ediləcəyi gözləntisini artırır. Bu tələblər birdən çoxdur:

1. Mədənlərin qanunsuz istismarının dayandırılması və monitorinqinin aparılması;

2. Laçın yolunda “X-ray” skaner cihazlarının quraşdırılması;

3. Yolda sülhməramlıların nəzarət-buraxılış məntəqəsində Azərbaycan nümayəndəsinin də dayanması;

4. Vardanyanın bölgəni tərk etməsi;

Təxminən iki həftə öncə Lavrov danışıqların getdiyini, yaxın günlərdə Laçın yolundakı “problemin” həll ediləcəyini açıqlamışdı. Vardanyan Qarabağdan çıxarılıbsa, artıq tələblərdə birinin yerinə yetirildiyi deyə bilərik və digərlərinin yerinə yetiriləcəyi istisna deyil”.