Azərbaycan regionun siyasi balansını dəyişdi Siyasət

Azərbaycan regionun siyasi balansını dəyişdi

Azər Qasımov: “Rəsmi Bakı regionda öz maraqlarını ardıcıl olaraq həyata keçirir”

Regional məsələlərə geosiyasi və geoiqtisadi nəzərdən baxış etsək, görərik ki, ilk olaraq 200 ildən sonra Azərbaycanın torpaqlarını geri qazanması regionun siyasi balansını dəyişdi və yeni reallıqlar yaratdı. Bu reallıqlar yeni dünya düzəninin regional halqası olmaqla yanaşı, eyni zamanda, yeni güc mərkəzinin formalaşmaqda olan siyasi və iqtisadi konfiqurasiyasının hərbi tərəfdaşlıqlarının da yaranmasının hərəkətverici qüvvəsi oldu. Şərq-Qərb, Şimal-Cənub, Orta dəhliz kimi anlayışlar yerini real addımlara və layihələrə verincə, əvvəl siyasi-iqtisadi layihələr olan böyük transmilli meqalayihələrin sona çatması, fəaliyyətə başlaması onların müdafiəsini və təhlükəsizliyinin təmin edilməsini labüd etdi.

Politoloq Azər Qasımov “Xalq Cəbhəsi”nə bildirib ki, bu, başlanğıcını Cənubi Qafqaz regionundan, yəni Azərbaycandan götürən proyektlərin güc mərkəzlərinin qoruması altına alınması demək idi və bu qoruma daimi xarakter daşımalı idi. Azərbaycan ətrafına güclü müttəfiq ölkələr cəm etməklə regional güc balansını geosiyasi anlamda beynəlxalq güc mərkəzinə çevirməyi bacarıb. İrəli sürülən hər hansı bir beynəlxalq transmilli layihə istər enerji, istərsə də tranzit olsun, əgər layihədə iştirak edən ölkələrdən biri siyasi və ya iqtisadi istiqrarsızlığa düçar olarsa, o layihə başlamamış sona çatar: “Azərbaycanın regional ölkə kimi əhəmiyyəti beynəlxalq güclərin əsas diqqət mərkəzindədir və Azərbaycana həlledici ölkə kimi baxılması onun dəyərini artırır. Regionumuz özünün mürəkkəbliyi ilə fərqlənir. Regionun özü və Azərbaycanın coğrafi vəziyyəti beynəlxalq geosiyasi durum yaradır. Maraqlar tək bir amillə deyil, müxtəlif amillərlə xarakterizə olunur. Bura tarixi olaraq maraqların kəsişdiyi coğrafiyadır. Sivilizasiyalar bu coğrafiyada qarşı-qarşıya gəlir. Regiondan kənar güclərin regiona müdaxiləsi isə daha mürəkkəb durum yaradır”.

Politoloq onu da qüyd edib ki, geosiyasi mübarizənin strateji katalizatoru rolunda isə bütün ölkələr çıxış etməyə çalışır. Region ölkələrinin dövlət maraqları geosiyasi anlamda mürəkkəb oyunların oynanılmasına rəvac verir. Regionun geosiyasi mənzərəsini iqtisadi amillər və demoqrafik quruluşu şərtləndirir. Lakin bunlar məsələnin görünən tərəfidir. Regionun əsas problemi burdakı imperiya maraqları olan ölkələrin yürütdüyü təhlükəsizlik adı altında şovinist siyasətidir. Bu siyasi durum imperiya tarixi olan region ölkələri üçün elə bir geosiyasi durum yaradır ki, buradakı ittifaqlar, birliklər sadəcə gələcək planlara çatmaq üçün vasitə rolu oynayır, məcburi xarakter alır: “Regionun kiçik ölkələri bu ittifaqların, birliklərin məcburi üzvü olur, öz təhlükəsizliklərini burda axtarırlar. Zamanla regiondan kənar birliklərdə ümid axtaran bu ölkələr region ölkələrinin gücləri ilə beynəlxalq güclərin qarşıdurması meydanına çevrilib, daha da bu güclərdən asılı vəziyyətə düşürlər. Azərbaycan beynəlxalq Qoşulmama Hərəkatına daxil olmaqla və ordakı aktiv fəaliyyəti ilə yürütdüyü siyasətlə böyük ölçüdə regional geosiyasi təzyiqləri neytrallaşdıra və onun dağıdıcı təsirindən özünü qoruya bilib. Bununla da region ölkələri ilə bərabərhüquqlu münasibətlər qura bilmiş, qarşılıqlı münasibətlərdə öz maraqlarını qorumağı bacarmışdır. Yeni dünya düzəni adlandırılan beynəlxalq geosiyasi şərait fonunda regionda baş verən proseslər özünün həlledici anına daxil olur. Region ölkələri istər siyasi, istərsə də iqtisadi təhlükəsizliklə bağlı planlarını dövlət təhlükəsizliyi səviyyəsinə qaldırır və bu yolda həlledici mübarizəyə başlayırlar. Bura nüvə silahı əldə etməyə çalışan İran və Türkiyədən tutmuş, ərazisinin təhlükəsizliyi naminə qonşu ölkələrə hücum etməyi gözə alan Rusiyaya kimi hər bir ölkənin öz doğruları vardır”.

A.Qasımovun fikrincə, region dövlətlərini görüntüdə bu kimi addımlara sövq edən regiondan kənar güclər olsa da, əslində, bu, onların çoxdankı istəkləridir. Regionun tükənən xammal ehtiyatları tükənməyən münaqişələr yaradır. Təbii ehtiyatların digər regionlara nəqli ölkələr üçün həyatı vəzifəyə çevrilir. Bununla yanaşı Çin və Hindistandan Avropaya uzanan nəqliyyat arteriyasının yenidən canlandırılması müasir tarixin siyasi və iqtisadi prioritetlərindən biridir. Tarixən Azərbaycanın tarixində iz buraxan "İpək Yolu" marşrutu müasir dövrdə də "Bir qurşaq, bir yol", başqa adı ilə "TransXəzər nəqliyyat marşrutu" adı ilə öz həlledici rolunu oynamağa davam edir. TransXəzər marşrutu Rusiya, Əfqanıstan, İran kimi riskli ərazilərlə yanaşı, dəniz yolunun Malaq körfəzi, Süveyş kanalı kimi dar yerlərindən də yan keçməyə imkan yaradır. Çinin geoiqtisadiyyatının diversifikasiya edilməsi layihələrinə əsasən Transxəzər nəqliyyat marşrutu xüsusi yer tutur. Türkiyənin Bosfor boğazının Avropa tərəfində Edirnə bölgəsindəki Sultan Yavuz Səlim körpüsündən və Mərmərə tunelindən keçən, Bakı, Tbilisi, Qars dəmir yolu məsafəni 7 min km, daşınma vaxtını isə 2 aydan 2 həftətə qədər qısaldır, bununla yanaşı sərnişin daşınmasını 1 milyondan 3 milyona, yük daşınmasını isə 6 milyondan 15 milyon tona qalxmasını planlaşdırır. TransXəzər layihəsinin Bakı-Tbilisi-Qars hissəsi 2017ci ildə başa çatdı və Sovet İttifaqı dövründə Ermənistandan keçən yolu əvəz etdi. Bu yol əvvəl mövcud olan TransQazaxıstan yolunun davamı oldu və Şərqdən-Qərbə olan marşrutu min kilometr qısaltdı. TransXəzər layihəsi Avrasiyadan Avropaya olan ən qısa marşrut oldu və Türkiyənin yük daşımaları üçün Çin və Avropa İttifaqı arasında ticarət üçün konteyner habı olmaq planlarını gerçəkləşdirdi. Türkiyənin əhəmiyyəti Avropa İttifaqı üçün getdikcə artır. Türkiyə həm Azərbaycandan Gürcüstan, Türkiyə, Yunanıstandandan keçməklə İtaliyaya gedən cənub qaz dəhlizi üçün tranzit rolu oynayır, həm də son hadisələrdən sonra Rusiyaya tətbiq edilən sanksiyalar fonunda Rusiya qazının paylanması üçün qaz habı rolu oynayacaq. Bakı və Brüssel Azərbaycan qazının iki dəfə artırılması üçün 2022ci ildə müqavilə imzalayıblar. Bundan sonra Bakı Avropa İttifaqı ilə Gürcüstandan keçməklə Qara dənizin dibi ilə günəş və küləkdən alınan yaşıl enerji adlanan elektrik enerjisi naqilinin ötürülməsi üçün də müqavilə imzaladı: “Bu məqsədlə Türkiyə Çin üçün bir tərəfdən, Avropa İttifaqı üçün digər tərəfdən əvəzolunmaz tərəfdaş olmaq yolunda addımlayır. Bir müddət öncə TransXəzər layihəsi özündə müxtəlif növ nəqliyyat yollarının (yəni su və quru) olması səbəbindən Rusiyadan keçən Şimal-Cənub dəhlizinə nisbətən effektiv hesab edilmirdi, eyni zamanda, Qazaxıstan da bu dəhlizə Rusiyanın rolunun azalması səbəbindən verəcəyi reaksiyaya görə çəkingən yanaşırdı. Krımın anneksiyası və Ukraynaya hücum səbəbindən Rusiyaya tətbiq edilən sanksiyalar sonrası Qazaxıstan Xəzər sahilindəki infrastrukturlarını gücləndirməyə və genişləndirməyə başladı. Rusiya ilə Avropa İttifaqının ticarət əlaqələrinin demək olar ki, tamamı ilə kəsilməsi fonunda Simal-Qərb marşrutunun daşımacılıq gücü 40% azaldı. Şərq-Qərb marşrutu Şimal-Cənub marşrutunun gücünün üçdə bir hissəsini öz üzərinə götürdü. 2022ci ildə 2021ci ilə nisbətdə daşımaçılıq gücü 6 dəfə artaraq 3,2 milyon ton olub. Azərbaycan və Ermənistan arasında olan münaqişənin bu marşruta geosiyasi təsirlərinin olması faktı realdır. Region ölkələrinin maraqları göründüyü kimi burda kəsişir. Zəngəzur dəhlizinin açılmasına İran qarşı çıxır, bunu öz ərazisində separatizmin artması ilə əlaqələndirir. Azərbaycan isə regionda öz maraqlarını ardıcıl olaraq həyata keçirir. İşğaldan azad edilən ərazilərdə infrastruktur yaradır, Zəngilan, Füzuli, Laçında beynəlxalq səviyyəli aeroportlar inşa edir”.

O, qeyd edib ki, Rusiyanın Ukraynaya hücumu nəticəsində nəqliyyat zincirində yaranan problemlərlə əlaqəli məhsul çatışmazlıqları fonunda qiymətlərin artımı mütləq oldu. Buna baxmayaraq geosiyasi amillər Avropa və Asiyanı bir-birinə çəkməyə davam edir. Rusiya və İran kimi siyasi arenadan qovulmuş ölkələrdən kənar keçməklə yeni marşrutlara üstünlük verilməsi Şimal-Cənub layihəsinin aktuallığını azaldır. Amma geosiyasi durum Çin-Rusiya-İran xəttində baş verən məcburi yaxınlaşma səbəbindən bu layihənin aktuallığını heçə endirməyə imkan vermir. Zbiqnev Bjezinskinin "Böyük şahmat taxtası" kitabında deyir: "Rusiya, Çin və İranın bir yerdə Qərbə qarşı antihegemonik koalisiya şəklində ideologiya üzərində deyil, qarşılıqlı bir-birini tamamlayan etirazlar üzərində qurulan birliyi Qərb üçün arzuolunmaz olardı." Görünən odur ki, Qərb region ölkələri olan Rusiya və İranı dünya birliyindən təcrid etməyə çalışsa da, bu, onların daha da yaxınlaşmasına səbəb olur. Rusiya və İran Çin və Hindistanla Şimal-Cənub nəqliyyat dəhlizinin yaranmasında artıq ciddi fəaliyyətə başlayırlar, hansıki bu, uzun zamandan bəri başlanmış layihə idi. "Volqa-Don" kanalı ilə Xəzər və Qara dənizlərini, "Belomor" kanalı ilə Baltik və Ağ dənizəri birləşdirən bu iki kanal günümüzdə də aktuallığını itirmir. Yaranmış beynəlxalq şərait tək Rusiya yox, İran qarşısında da Şimal-Cənub multimodal nəqliyyat dəhlizinin aktuallığını qoyur. Son dövrlər bu dəhlizlə daşımaçılıq artır, amma qarşılıqlı ticarətin daha da nəzərə çarpacaq artımı üçün addımlar atılır. Bunun üçün də dəhlizin imkanlarını da artırmaq ehtiyacı duyulur. Rusiya bu məqsədlə 1milyard dollar vəsait ayırır. Qışda çaylar donduğu üçün buzqıran gəmidən istifadə planlaşdırılır. Bununla yanaşı "İran çayı" adlandırılan 750km uzunluğunda olan, Xəzər dənizi ilə Fars (Kəngər) körfəzini birləşdirən kanalın tikintisindən də danışılır. Bu layihə 1910-cu ildən planlaşdırılıb. Baş verən inqilab uzun müddət bunun yaddan çıxmasına səbəb olub. 1970-ci ildə Sovet İttifaqı dövründə gündəmə gəlsə də, SSRİ-nin dağılması səbəbindən baş tutmayıb. Sonra 90-cı illərin sonunda bu bir daha gündəmə gəlir, amma bu dəfə də Amerikalılar buna mane olur. İrana bu məsələdə kömək edənlərin hamısına sərt sanksiyalar qoyacağı ilə hədələyirlər. Hal-hazırda yaranmış şəraitə görə bu baha, texniki cəhətdən mürəkkəb obyektin 25 milyard dollara başa gəlməsi planlaşdırılır. Bu kanalın tikilməsi Qərb tərəfindən blokadaya alınmış və isti sulara buraxılmayan Rusiya üçün böyük qazanc, dünya ticarət sisteminin dəyişməsi səbəbindən Qərb üçün isə geosiyasi məğlubiyyət olardı. Bu layihənin həyata keçirilməsi ehtimalı böyükdür, xüsusən də, Yaxın Şərq və Cənubi Asiyanın maraqlı ölkələrini bu layihəyə cəlb etmək mümkün olduğu bir halda. Rusiya və İranın gündəmində illik ticarət dövriyyəsinin 40milyard dollara qaldırılması planı vardır. Ona görə də proyektin zamanla öz maya dəyərini çıxarması ehtimalı böyükdür. Amma İran və Rusiyanın bu layihəni həyata keçirməyə zamanları varmı bu maraqlıdır. 100ildən çox zaman müddətində bunu etməyən iki ölkənin onların taleyinin həll edildiyi bir dövrdə planlar cızması öləcəyini bilməyən xəstənin gələcək planlarından danışmasına oxşayır”.

Cavid