Aİ və Dövlət Komissiyasının birgə layihəsi başa çatıb Siyasət

Aİ və Dövlət Komissiyasının birgə layihəsi başa çatıb

Bu məqsədlə tədbir keçirilib

"Avropa İttifaqı (Aİ) məsələləri diqqətdə saxlanılmaqla dövlət qulluğunda təlim potensialının gücləndirilməsinə Dəstək Layihəsi"nin başa çatması ilə bağlı tədbir keçirilib. Tədbirdə bildirilib ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən birgə keçirilib, layihə Aİ və Almaniya İqtisadi Əməkdaşlıq və İnkişaf Federal Nazirliyi tərəfindən birgə maliyyələşdirilib.
Tədbirdə çıxış edən DQMK sədrinin müavini Vəfadar Misirov bildirib ki, Dövlət Komissiyası beynəlxalq əməkdaşlığa çox böyük önəm verir: "Digər ölkələrin analoji qurumlarında komissiyanın əməkdaşları təlimlər keçib. Biz dövlət qulluğu sahəsində Azərbaycana məxsus bir model qurmuşuq. Son bir neçə ildə müxtəlif ölkələr, habelə Əfqanıstan və KambocaAzərbaycanın dövlət qulluğu modelini öyrənir".
DQMK-nin əməkdaşı Fuad Mayılov qeyd edib ki, layihənin ümumi məqsədi dövlət orqanlarında dövlət qulluqçularının təlim və peşəkar inkişafı funksiyalarının icrası və əlaqələndirilməsi, o cümlədən təlim strategiyasının hazırlanması və icrası istiqamətində DQMK-nın potensialının gücləndirilməsi, kəsişən prioritet sahələrdə standart təlim modullarının hazırlanması və onların əsasında mütəmadi olaraq təlimlərin keçirilməsi olub: "Layihə 1 dekabr 2013-cü il-31 mart 2016-cı illər aralığını əhatə edib. Layihənin 3 əsas fəaliyyət istiqaməti – dövlət qulluqçuları üçün strategiyanın hazırlanması, Avropa İttifaqı ilə əlaqəli və seçilmiş prioritet sahələr üzrə standart təlim modullarının hazırlanması və prioritet sahələrdə təlim keçə bilən ixtisaslaşmış təlimçi bazasının yaradılması müəyyən edilib".
Aİ-nin Azərbaycandakı nümayəndəliyinin Əməkdaşlıq üzrə Direktoru vəzifəsini icra edən Olaf Haydelbax, Almaniyanın Azərbaycandakı səfirinin müavini Eugen Şönfeld çıxışlarında bildiriblər ki, layihə uğurla başa çatıb.
Tədbirin sonunda layihə çərçivəsində yüksək vəzifəli dövlət qulluqçuları üçün təşkil olunmuş 4 aylıq Strateji Liderlik Proqramının iştirakçılarına sertifikatlar təqdim olunub.