ABŞ “Demokratiya sammiti”nin iştirakçıları ikili standartlar əsasında seçilib - Afət Həsənova Siyasət

ABŞ “Demokratiya sammiti”nin iştirakçıları ikili standartlar əsasında seçilib - Afət Həsənova

Martın 30-da ABŞ-da “Demokratiya sammiti” keçiriləcək. Bu "sammit"ə dəvət alan və almayan ölkələrin siyahısına nəzər saldıqda bəlli olur ki, bu siyahı demokratiya meyarlarına uyğun olaraq yox, məhz ABŞ-ın qlobal, geosiyasi maraqları baxımından, ikili standartlar əsasında tərtib olunub. Azərbaycan yenə də sammitə dəvət almayıb, Ermənistan isə alır, Gürcüstandan baş nazir yox, prezident dəvət edilir. Bu, Cənubi Qafqazı bölmək və ayırıcı xətlər çəkmək siyasətidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O bildirib ki, sammitə dəvət alanların hansı kriteriya ilə seçildiyi ciddi suallar doğurur və ikili standartların növbəti nümunəsi kimi ortaya çıxır.

Deputat vurğulayıb ki, insan haqlarının və demokratiyanın ən çox pozulduğu ölkələrin əksəriyyəti ABŞ tərəfindən bu “Demokratiya sammiti”nə dəvət olunub.

“Elə Ermənistanın özündə demokratiyadan, insan haqlarının qorunmasından söhbət açmaq mümkün deyil. Ermənistanda insan haqlarının kobud şəkildə pozulması və bu halların getdikcə daha da artması hər kəsə yaxşı məlumdur. Ermənistanda insan haqlarının pozulması, siyasi rəqiblərə qarşı şiddət, həbs, təqib kimi hallar getdikcə artmaqdadır. Beynəlxalq hesabatlarda da Ermənistanda insan haqları sahəsində olan vəziyyətin nə dərəcədə gərgin olduğu aydın görünür. Bir neçə fakta nəzər yetirmək Ermənistanda demokratiya və insan haqları ilə bağlı real mənzərəni ortaya qoyur.

Elə ABŞ Dövlət Departamentinin Ermənistanda 2022-сi ildə insan haqlarının vəziyyəti ilə bağlı hesabatında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zorakılıq, pis həbsxana şəraiti, əsassız həbslər və söz azadlığının məhdudlaşdırılması kimi hallar öz əksini tapıb.

Bundan əlavə 2022-ci ildə Ermənistan Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciətlərin sayına görə ilk onluqda yer alıb. Belə ki, ötən il ərzində Ermənistandan AİHM-ə edilən müraciətlərin sayı 1250 təşkil edib ki, bu da ərizələrin ümumi sayının 1,7%-ni təşkil edir. Eyni zamanda 2022-ci ildə Ermənistandan əvvəlki illə müqayisədə 111 yeni müraciət daxil olub. Müraciətlərin sayında artımın olması da ölkədə insan hüquqları sahəsində vəziyyətin gərgin olmasını bir daha sübut edir.

Belə olan halda Ermənistan hansı kriteria əsasında “Demokratiya sammiti”nə dəvət alır?!”, - deyə deputat əlavə edib.

O qeyd edib ki, “Demokratiya sammiti” bir daha ikili standartlar vasitəsilə ölkələrə təsir etmək cəhdlərini göstərir.