Ermənilər Azərbaycanın çağırışlarına konstruktiv cavab vermirlər - Ceyhun Məmmədov Siyasət

Ermənilər Azərbaycanın çağırışlarına konstruktiv cavab vermirlər - Ceyhun Məmmədov

Azərbaycan tərəfi növbəti dəfə konstruktiv mövqe nümayiş etdirərək Qarabağda yaşayan ermənilərin nümayəndələrini reinteqrasiya və infrastruktur məsələləri ətrafında müzakirə aparmaq üçün ikinci dəfə Bakıya dəvət etdi. Lakin erməni tərəfi öz ənənəsinə sadiq qalaraq bu təklifi də cavabsız qoydu.

Bunu Trend-ə Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O bildirib ki, Məlum olduğu kimi, martın 1-də Qarabağdakı erməni ictimaiyyətinin nümayəndələri ilə ilk görüş keçirildi.

“Sonrakı dövrdə martın 13-də yenə çağırış edildi, Prezident Administrasiyası Qarabağda yaşayan ermənilərin nümayəndələrini reinteqrasiya və infrastruktur məsələlərinin müzakirə etmək üçün Bakıya dəvət etdi. Növbəti çağırış da martın 27-də edildi, Azərbaycan tərəfi növbəti dəfə konstruktiv mövqe nümayiş etdirərək Qarabağda yaşayan ermənilərin nümayəndələrini reinteqrasiya və infrastruktur məsələləri ətrafında müzakirə aparmaq üçün ikinci dəfə Bakıya dəvət etdi.

Ancaq bu dəvətə də hələki cavab verilməyib. Qarabağ separatçıları ötən dəfəki görüşdə humanitar aksiyanın dayandırılması və Qarabağın tərəf kimi qəbul edilməsi kimi absurd tələblər irəli sürdülər. Əlbəttə, bu, Azərbaycan üçün birmənalı olaraq qəbuledilməzdir. Azərbaycan belə bir şərti qəbul edə bilməz”, - deyə deputat bildirib.

O qeyd edib ki, eyni zamanda, Azərbaycanın bu çağırışları onu göstərir ki, Azərbaycan öz mövqeyinə sadiq olaraq Ermənistanla münasibətlərin normallaşdırılmasına, eləcə də Qarabağda yaşayan ermənilərlə təmasların qurulmasına çalışır.

“Yəni Azərbaycan normal münasibətin qurulması üçün üzərinə düşən işləri görür və addımları atır. Amma çox böyük təəssüflə qeyd etmək lazımdır ki, Ermənistan tərəfi, eləcə də Qarabağdakı separatçılar bu çağırışlara reaksiya vermirlər və konstruktiv mövqe nümayiş etdirmirlər. Bu, özünü artıq bir neçə dəfədir açıq göstərir.

Heç bir reaksiyanın verilməməsi, təxribatların törədilməsi də onu göstərir ki, Ermənistan tərəfi, eləcə də Qarabağ erməniləri münasibətlərin normallaşmasında maraqlı deyillər. Eyni zamanda bu, onların 44 günlük müharibədən ciddi nəticə çıxarmadığını açıq göstərir. Bu prosesdən ən çox əziyyət çəkən ermənilər olacaqlar. Onlar bu çağırışlara ciddi reaksiya verməlidirlər.

Ermənistan eləcə də, Qarabağda yaşayan ermənilər birmənalı olaraq anlamalıdırlar ki, onların iki yolu var. Ya onlar Azərbaycanın idarəetməsini qəbul edib, reintqrasiya olmalı, ya da bu ərazini tərk etməlidirlər. Burada başqa üçüncü yol yoxdur. Prezident İlham Əliyev bununla bağlı qəti mövqeyini artıq bir neçə dəfədir ki, açıqlayıb. Bu mövqe dəyişməzdir. Azərbaycan tez zamanda bölgəyə sülhün gəlməsində maraqlıdır. Bizim çox böyük planlarımız var bölgənin gələcəyi ilə bağlı. Təxribatlara son qoyulmalıdır. Proses uzun müddət belə davam edə bilməz” – deyə deputat əlavə edib.