İlham Əliyev NATO rəsmisini qəbul edib Siyasət

İlham Əliyev NATO rəsmisini qəbul edib

Prezident İlham Əliyev NATO baş katibinin yeni təyin olunmuş müavini Sorin Dukarunu qəbul edib.
APA-nın məlumatına görə, S.Dukaru NATO baş katibi Anders Foq Rasmussenin salamlarını Azərbaycan prezidentinə çatdırıb.
NATO ilə Azərbaycan arasında tərəfdaşlıq əlaqələrinin artıq 20 illik tarixə malik olduğunu vurğulayan qonaq bu əlaqələrin inkişafının önəmini qeyd edib. S.Dukaru bildirib ki, ölkəmizə səfərinin əsas məqsədi NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" Proqramının 20 illik yubileyində və eləcə də "Sülh və Təhlükəsizlik naminə elm" proqramı üzrə keçiriləcək informasiya günlərində iştirak etməkdir.
Azərbaycan prezidenti isə NATO-nun Brüsseldəki mənzil- qərargahında keçirdiyi uğurlu görüşləri, aparılan müzakirələri məmnunluqla xatırlayıb. Əməkdaşlığımızın böyük tarixə malik olduğunu vurğulayan İlham Əliyev tərəfdaşlıq əlaqələrimizin müxtəlif sahələrdə, xüsusi ilə enerji və Əfqanıstanla bağlı əməkdaşlıq sahəsində bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.