Lavrovun İrəvanda Qarabağ müzakirəsi – Bakının şərti Siyasət

Lavrovun İrəvanda Qarabağ müzakirəsi – Bakının şərti

Hazırda gündəmdə olan Kazan razılaşması deyil, Madrid prinsiplərinin modifikasiya olunmuş variantıdır.

Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrovun İrəvana səfərini şərh edən politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, Kazan sənədini gündəmə gətirən məhz Ermənistan tərəfidir:
"Azərbaycan 2011-ci ildə Kazanda təqdim olunmuş variantların üzərindən xətt çəkib. Ancaq Ermənistan bu məsələyə qayıtmaq istəyir. Bakı heç vaxt yarımçıq təkliflərə getməyəcək. Hazırda beş yox, yeddi rayonun qaytarılmasından söhbət gedə bilər. Bununla yanaşı, köçkünlərin qaytarılması və onların təhlükəsizliyinə dair təminat verilməlidir. Rusiya isə hazırda bu və ya digər şəkildə Azərbaycanın təklifini nəzərə almağa başlayıb. Çünki Moskva yenidən Kazan danışıqlarına getməyin lüzumsuz olduğunu anlayır. Ehtimal etmək olar ki, yeni təkliflərdə daha çox Azərbaycanın istəyi nəzərə alınacaq. Ola bilsin, Laçın dəhlizi məsələsi ayrıca şərtləndirilsin. Yəni hazırda gündəmdə olan Kazan razılaşması deyil, Madrid prinsiplərinin modifikasiya olunmuş variantıdır".

Politoloqun sözlərinə görə, Lavrov Ermənistana başqa alternativin olmadığını sübut etmək üçün gedib:"Son aylarda vəziyyətin gedişatını nəzərə alan Rusiya çox yaxşı başa düşürdü ki, belə durum Azərbaycanı qane etmir və gec-tez müharibə olacaq. Böyük ehtimalla, ermənilərə bir neçə rayonu boşaltmağı və bununla da müharibə şansını azaltmağı təklif etmişdi. Ancaq Azərbaycan bundan sonra bir neçə rayonla kifayətlənməyəcək, danışıqları isə yalnız Dağlıq Qarabağ ətrafında bütün rayonların qeyd-şərtsiz boşaldılması və köçkünlərin qaytarılması şərtləri daxilində aparacaq".