Azərbaycan AŞ PA-da niyə bitərəf qaldı? Siyasət

Azərbaycan AŞ PA-da niyə bitərəf qaldı?

Azər Həsrət: "Azərbaycan onsuz da BMT-də Ukraynanın ərazi bütünlüyünə səs verib"
Rasim Ağayev: "Ermənistan Azərbaycanın ərazilərini işğal edib, niyə səsvermə hüququndan məhrum edilmir?"
Aqil Camal: "Bu, Azərbaycanın yeritdiyi balans siyasətinin növbəti təzahürüdür"

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının aprelin 9-da keçirilən plenar iclasında avstriyalı parlamentar Stefan Şennaxın hazırladığı "Əhəmiyyətli səbəblər üzündən Rusiya nümayəndə heyətinin təsdiq edilmiş səlahiyyətlərinin yenidən nəzərdən keçirilməsi" adlı hesabat ətrafında gərgin müzakirələr olub. Rusiyaya qarşı sanksiyaya Azərbaycan nümayəndələri səs verməyib. AŞPA-nın rəsmi saytında səsvermənin nəticəsinə dair məlumatda göstərilir ki, azərbaycanlı deputatlar - Səməd Seyidov, Rəfael Hüseynov, Aydın Abbasov, Rövşən Rzayev, Sahibə Qafarova və Sabir Hacıyev bitərəf qalıblar (saytda əvvəlcə Sabir Hacıyevin qərarın əleyhinə səs verdiyi göstərilib, sonradan isə onun da bitərəf qaldığı düzəliş edilib).
Məsələyə münasibətini açıqlayan siyasi ekspert Azər Həsrət azərbaycanlı deputatların ən azından Rusiyanın lehinə səs verməməsini əhəmiyyətli mövqe hesab edir: "Azərbaycan ictimai rəyində deputatların tərəfsiz qalmasını da sərt tənqid edənlər var ki, mən onlarla da razılaşa bilmərəm. Çünki Azərbaycan Ukraynanın ərazi bütünlüyünə səs verərək zatən mövqeyini birmənalı şəkildə ifadə edib. İndi Rusiyayla da bizim ortaq məsələlərimiz olduğu üçün bu ölkəyə münasibətdə çox da sərt davrana bilməzdik. O baxımdan tərəfsizlik ən doğru mövqedir. Bu səsvermədə məni Türkiyəli deputatların bir qisminin mövqeyi də təəccübləndirdi. Onlar da Rusiyanın yanında yer alaraq birmənalı mövqe sərgilədilər. Görünür, bu ölkələr arasında hansısa bizim bilmədiyimiz razılaşmalar var".
Politoloq Rasim Ağayev bildirib ki, Azərbaycan nümayəndə heyəti əvvəlcə Ukrayanın ərazi bütövlüyünü dəstəkləyən qətnaməyə səs veriblər: "Bu düzgün addım idi. Azərbaycanın özünün ərazi bütövlüyü pozulub. Ermənilər torpaqlarımızı işğal edib. Dünyanın ən ciddi demokratik təşkilatı olan AŞPA bu günə qədər işğalçı Ermənistanın məsələsini müzakirəyə çıxarmayıb. Amma Krımı özünə birləşdirən Rusiyanın məsələsi dərhal müzakirəyə çıxarılır. Çünki ortada ABŞ-ın təzyiqi var. Avropa ölkələri Rusiyanın əleyhinə qətnamə qəbul edib gedəcəklər işlərinin dalınca. Amma Azərbaycanı hansı durumun gözlədiyi onları maraqlandırmır. Ümumiyyətlə, Rusiya əleyhinə sonuncu qətnamənin müzakirəyə çıxarılması ağlasığmaz hərəkətdir. AŞPA əvvəlcə Rusiyanın Ukraynaya müdaxiləsini pisləmişdi. Sonrakı qadağalara nə ehtiyac vardır? Sən Rusiyanı səsvermə hüququndan necə məhrum edə bilərsən? AŞPA-da belə bir presedentin yaranması gələcəkdə təhlükələrə səbəb ola bilər. AŞPA-dakı nümayəndə heyətinin mövqeyinə gəlincə, faktiki olaraq Rusiyanın əleyhinə sənəd qəbul olunur və sən bitərəf qalırsan. Bu, əslində Rusiya əleyhinə çıxarılan qətnaməyə "hə" deməkdir. İndi mən deputatların yerinə bir söz deyə bilmərəm, onlar özləri bilərlər. Amma AŞPA gərək bu məsələni müzakirəyə çıxarmayaydı. Özünə hörmət edən nümayəndə heyəti Rusiyanın səsvermə hüququndan məhrum edilməsinə qarşı çıxmalı idi. Ölkəni səsvermə hüququndan məhrum etmək olar? Bu absurd qərardır. Bu onu göstərir ki, AŞPA-nın rəhbər orqanları öz hərəkətlərində sərbəst deyillər. Yenə deyirəm. Ermənistan Azərbaycanın ərazilərini işğal edib. BMT işğal faktını qəbul edib. Amma AŞPA susur. Niyə Ermənistana təzyiqlər olunmur? AŞ PA-nın qərarı və bizim nümayəndə heyətinin mövqeyi təəssüf doğurur".
Ümumiyytlə bu qərar Rusiyaya necə təsir edəcək və Rusiya hansı addımları ata bilər? "Türküstan" qəzetinin baş redaktoru Aqil Camal hesab edir ki, Azərbaycan nümayəndə heyətinin səsvermə zamanı bitərəf qalması qərarını soyuq başla dəyərləndirmək lazımdır: "Azərbaycan bu günlərdə BMT-də Krımda keçirilmiş referendumun tanınmaması haqda qərara səs vermişdi. Azərbaycanın bu mövqeyi açıq şəkildə Rusiyanın iradəsinin əleyhinə idi. AŞ PA-da keçirilən səsvermədə isə Azərbaycan nümayəndə heyətinin bitərəf qalmasını anlayışla qarşılamaq lazımdır. Rusiyaya qarşı qərarların qəbulunda Azərbaycanın davamlı iştirakı, Kremlin aqressiv münasibəti ilə nəticələnə bilər, O üzdən, bizim hisslərimizə, istəklərimizə zidd olsa belə, deputatlarımızın qərarını başa düşmək çətin deyil. Bu, Azərbaycanın yeritdiyi balans siyasətinin növbəti təzahürüdür".
Politoloq Araz Əlizadə hesab edir ki, proses dərinləşdikcə Azərbaycan üçün də ciddi problemlər yaranacaq: "Tutalım bir nəfərə deyirlər ki, sənə Krımı verəcəyik, ancaq qarşılığında hansısa tövsiyə xarakterli təşkilatda səs vermək hüququnu alacağıq. Razısan? Adamın ağılı varsa, razılaşacaq. Putin də ağıllı olduğu üçün Krımı alıb, AŞ PA-dakı səs hüququnu bir neçə aylıq verdi. Heç BMT də bu gün heç bir problem həll edə bilmir. Məsələn, elə Qarabağ problemi haqqındakı qətnamələri yada salaq. Yəni bu baxımdan ATƏT, AŞ PA kimi qurumlar Rusiya üçün elə də önəmli təşkilatlar deyil. ABŞ və onun səfirlikləri Rusiya zəif olduğu vaxtlarda elə bilirdilər ki, artıq dünya ilə necə istəsələr, elə də davranacaqlar. Medvedev, Yeltsinin vaxtları olsaydı Rusiya bu vəziyyətlərdən çıxa bilməzdi. Ancaq Putin Krımı özünə birləşdirməklə Qərbə bildirdi ki, Rusiya lazım gələrsə, biz də ətraf əraziləri özümüzə birləşdirmək gücündədir. Təəssüflə qeyd edirəm ki, Qarabağ məsələsində də eyni hadisələr baş verə bilər. Ona görə də nə qədər ki, gec deyil müharibə yolu ilə Qarabağı geri almalıyıq".
Bütöv Azərbaycan Birliyinin (BAB) sədri Aqil Səmədbəyli isə hesab edir ki, Rusiyanın ömrünə çox az vaxt qalıb. Krım hadisələri də Rusiyanın parçalanmadan öncə son həmləsidir:
"Artıq Rusiyanın iqtisadiyyatı tənəzzül dövrünə qədəm qoyub. Burada təbii ki, Rusiyadakı mövcud hakimiyyətin korrupsiyaya qurşanmasının böyük təsiri var. Rusiya iqtisadiyyatı zəifləyən kimi isə ruslar ayağa qalxacaq, Putinin yaxasından yapışıb, "bizim araq-pivə pulumuzu ver" deyə qışqıracaq.
Bu hadisələrdən çıxış yolu kimi Putin komandası üçün rus şovinizmini yenidən "xortlatmaq", vəziyyətdən ən gözəl çıxış yoludur. Bu səbəbdən də onlar "Gömrük İttifaqı" adı altında keçmiş SSRİ-ni bərpa etmək cəhdlərində uğursuzluqla üzləşən kimi, Krımı işğal etdilər. Təbii ki, bu vəziyyət müvəqqəti də olsa, Putinə zaman qazandırdı. Amerika gücləndikcə, ruslar daha da təlaşa qapılır. Rusiyanın hələ də güclü olduğunu göstərmək üçün son güclərini səfərbər edirlər. Amma bu mənə daha çox ölümündən əvvəl üzünə nur gələn və qeyri-adi şəkildə birdən-birə yaxşılaşdığı təəssüratı yaradan insanı xatırladır. ABŞ və Avropa Birliyinin iştirakı ilə Rusiya tərəfindən təzyiqlərə məruz qalan ölkələr böyük koalisiya yaratmalıdırlar. Bununla da Rusiyaya qarşı sanksiyalar maksimal həddə çatdırılmalıdır. Ukrayna isə növbədənkənar və təcili şəkildə NATO-ya üzv edilməlidir. Artıq bütün dünya anlayır ki, Rusiya diplomatik dildən anlamır. Bu səbəbdən də Rusiyaya qarşı daha sərt addımlar atılmalıdır. Mən Rusiyanın yaxın zamanlarda parçalanacağına əminəm".

Əli