

“Türkiyə cümhuriyyətinin 100-cü ilində keçirilən seçkilər cümhuriyyət tarixinin bəlkə də ən maraqlı və gərgin seçkiləri baş tutdu”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu politoloq Turan Rzayev deyib. O, bildirib ki, bunu namizədlərin göstərdiyi nəticələr də sübut edir: “Xüsusilə qeyd etmək lazımdır ki, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan və “Cümhur İttifaqı” 49,4 faizdən yuxarı səs toplasa da bu, əvvəlki illərə nəzərən aşağı nəticədir. Müqayisə üçün deyə bilərəm ki, 2014-cü ildə keçirilən seçkilərdə Ərdoğan 51,79 faiz, 2018-ci ildə isə 52,59 faiz səs toplamışdı.
Buna baxmayaraq, Ərdoğanın 14 mayda əldə etdiyi nəticəni həm də məqbul saymaq olar. Məsələ ondadır ki, xarici təsirlər səbəbindən Türkiyə iqtisadiyyatının geriləməsi, TL-dollar balansının kəskin pozulması, miqrant böhranı, baş verən ardıcıl dəhşətli zəlzələ və s. səbəblər Ərdoğanın əleyhinə işləmişdi. Bütün bu neqativ nüanslara baxmayaraq Ərdoğanın 49,4 faizdən yuxarı səs toplaması təqdirəlayiqdir”.