“Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda, Ermənistanın bunu etməməsi nonsens vəziyyəti yaradar” Siyasət

“Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda, Ermənistanın bunu etməməsi nonsens vəziyyəti yaradar”

Zahid Oruc: "Ermənistan heç vaxt qondarma rejimi tanıya bilməz"

Ermənistan müxalifəti növbəti dəfə hökumətə Dağlıq Qarabağdakı separatçıların "müstəqilliyinin" tanınması haqda qanun layihəsinə baxmağı təklif edib. Təşəbbüs müxalif "İrs" partiyasından olan deputat Zarui Postandcyan və eks-baş nazir, hazırda müxalif "Erməni Milli Konqres"dən seçilən deputat Hrant Baqratyan tərəfindən irəli sürülüb. Ancaq Ermənistanın xarisi siyasət idarəsi məsələyə ikibaşlı münasibət bildirib. Belə ki, Ermənistan XİN rəhbərinin müavini Şavarş Köçəryan açıqlama verərək bildirib ki, "Dağlıq Qarabağ Respublikasına" dair məsələnin Ermənistan hökumətinin gündəliyinə daxil edilməsi heç də onun "müstəqilliyinin" tanınması demək deyil. "Tanınma vəziyyətin gələcək inkişafı ilə bağlı olacaq", - deyə Köçəryan qeyd edib. Şavarş Köçəryan açıqlamasında onu da qeyd edib ki, Azərbaycan münaqişə zonasında hərbi əməliyyatlara başlayacağı təqdirdə "DQR"-in tanınması məsələsi gündəmə daxil ediləcək. Bu isə o deməkdir ki, Ermənistan sadəcə Dağlıq Qarabağın tanınması kimi təxribatçı məsələdən ölkəmizə qarşı çantaj vasitəsi kimi istifadə edir. Ermənistanın bu addımı rəsmi Bakının haqlı olaraq kəskin etirazına səbəb olub. Azərbaycanın Xarici İşlər Nazirliyindən bildiriblər ki, işğal edilmiş ərazilərimizdə yaradılmış qondarma rejimin Ermənistan tərəfindən tanınması İrəvanın Minsk qrupu prosesinə son qoyması mənası daşıyır. Qeyd edilib ki, bu halda Minsk qrupunun danışıqlar aparmaq üçün artıq heç bir mandatı olmayacaq. Bu, Minsk qrupu prosesi, onun həmsədrləri və bütün beynəlxalq ictimaiyyətə qarşı təhqir və özbaşınalığın ifrat nümunəsidir.
Millət vəkili Zahid Oruc qeyd edib ki, Ermənistanda 1990- ci illərdən bu yana həmin istiqamətdə on dəfələrlə cəhdlər, yüz dəfələrlə çağırışlar edilib: "Lakin onlar indi daha böyük qüvvəylə etiraf edirlər ki, 90 –ci illərin hərbi əməliyyatlarının nəticəsini kağız üzərinə köçürüb Azərbaycana qəbul etdirə bilmədilər. Ərazilərimizin işğalı fonunda mərhum prezident Heydər Əliyev o zaman saziş, hər hansı müqavilə ilə deyil, kiçik bir razılaşma sənədi vasitəsilə birinci Qarabağ müharibəsinə yekun vurdu. Bu məsələdə taym-aut elan olundu. Ötən yüzilliklərdə tarixdə bəlli olan hansısa təmsilçilik aktları kimi yekuna sahib dura bilmədilər. Hər bir müharibənin sonu hansısa razılşama sənədləri ilə ölçülür. Ondan sonrakı dövrdə parlamentdəki cəhdlər yaranmış labirintdən çıxış yolları axtarışına xidmət edirdi. Ancaq hesab edirəm ki, Ermənistan yaxşı dərk edirdi ki, Qarabağın tanınması aktı nəinki hər hansı hüquqi qüvvəyə minmiş sənədə çevriləcək, eyni zamanda onları bundan sonra diplomatik, siyasi və hüquqi çıxılmazlara salacaq. Mən istəyirəm ki Azərbaycan cəmiyyətinə, onun siyasi elitasına, diplomatlarına, xüsusilə də səfirlərinə bir məsələ dəqiq aydın olsun. Ermənistanın bu illər ərzində Qarbağın müstəqilliyini tanımamasının bir səbəbi var. Ona görə ki, Qarabağı avtomatik olaraq tanıma qərarı onun hansısa ərazidə dövlət kimi elan etməyə bağlıdır. Bu isə 4,38 min kvadrat kilometr ərazi deməkdir. Qarabağın sovet dövründəki məlum ərazisi çərçivəsində elan etməlidir. Beynəlxalq hüquq prinsiplərində tanıma hansısa ərazi üzərində tanımaqdan keçir. Bu halda onlar yeddi rayonu işğal etdiklərini etiraf etmiş olacaqlar. İndi deyirlər ki, ora hansısa bufer zonadır və.s. Amma hüquqi akt parlamentdən keçib dövlət tərəfindən tanınma reallaşandan sonra onlar göstərməlidirlər ki, 4,38- in üstündə bu dövləti tanıyıblar. Bu da bizim ölkəyə əsas var verir ki, ərazilərimizi hərbi yolla qaytaraq. Ona görə də Ermənisanın hazrkı dövrdə cəbhə xəttində təsirli tədbir görə bilmədiklərindən siyasi vasitələrə əl atması elitamızın diqqətini yayındırmaq məqsədlidir. Hesab edirəm ki, hazırkı yaranmış vəziyyətdə öz problemlərini daha dərinləşdirəcəklər. Tankların, topların səsi gələndə Ermənistanın boşboğaz siyasətçilərinin səsi kəsiləcək. Ona görə də, bu müzakirlərin nəticəsi bizim üçün əhəmiyyət daşımamalıdır".
Politoloq Qabil Hüseynli hesab edir ki, Ermənistan tərəfindən verilən bu bəyanat Azərbaycana təzyiq xarakteri daşıyır: "Təzyiqlərin heç bir effekti yoxdur. Çünki, Azərbaycan tərəfi bildirdi ki, Ermənistan qondarma rejimi tanıyarsa, bu, ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasının dayandırılmasına səbəb olacaq. Belə bir vəziyyət iki ölkə arasında müharibənin başlamasına səbəb olacaq. Məsələ gündəmə gələndən sonra Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryan İrəvanın geriyə addım atdığını nümayiş etdirdi. O, bildirdi ki, "Dağlıq Qarabağ Respublikasına" dair məsələnin Ermənistan hökumətinin gündəliyinə daxil edilməsi heç də onun "müstəqilliyinin" tanınması demək deyil, yeni əlaqələrin qurulmasına dair müqavilənin yaradılmasıdır. Yəni, beynəlxalq təpki, Ermənistanı sərsəm xəyallarından geri döndərib. Hesab edirəm ki, proses başqa bir formada, ikili əlaqələrin müqaviləsi zəminində qurulması ilə davam edəcək. Bu isə qondarma rejimin gələcəkdə tanınması kimi də yozula bilər". Q.Hüseynli bildirib ki, tanınmayan bir rejimlə müqavilə imzalamaq mümkün deyil: "Ermənilər vəziyyəti çox mürəkkəbləşdirdilər. Yəqin ki, bu prosesin heç biri baş tutmayacaq. Çünki, belə bir addım ölkədə müharibə məsələsini alovlandıra bilər". Politoloq, həmçinin qeyd edib ki, Ermənistan qondarma rejimi tanıyarsa, müharibə qaçılmaz olacaq: "Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda, Ermənistanın bunu etməməsi nonsens vəziyyəti yaradar. Beləliklə, Ermənistanı bütün dünya qınaq obyektinə çevirə bilər. Bu baxımdan hesab edirəm ki, Ermənistan heç vaxt qondarma rejimi tanıya bilməz".