Daimi nümayəndəlik bəyanat verib Siyasət

Daimi nümayəndəlik bəyanat verib

"Beynəlxalq Cinayət Məhkəməsi ərazi bütövlüyünü pozan dövlətləri məsuliyyətə cəlb etməlidir"

"Cəzasızlıqla mübarizə aparmaq davamlı sülh və barışığın təmin edilməsi üçün vacibdir".
Bu barədə Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyinin Təhlükəsizlik Əməkdaşlığı Forumunun 823 saylı iclasında Beynəlxalq Cinayət Məhkəməsinin prezidenti Silvia Fernandez de Gurmendinin çıxışına cavab bəyanatında bildirilir.
Bəyanatda deyilir ki, Azərbaycan Beynəlxalq Cinayət Məhkəməsinin qanunun aliliyinin təşviq edilməsindəki rolunu yüksək qiymətləndirir: "Biz xüsusən işğal cinayəti anlayışının Roma Əsasnaməsinə daxil edilməsi ilə bağlı qərardan, habelə məhkəmənin bu cinayət üzərində yurisdiksiyası ilə bağlı əlavə edilən şərtdən razıyıq. İşğal cinayəti gücdən qeyri-qanuni istifadənin ən ciddi, dəhşətli növüdür və inanırıq ki, Beynəlxalq Cinayət Məhkəməsi suverenlik və ərazi bütövlüyünü pozan dövlət və fərdlərin məsuliyyətə cəlb olunmasına yardım edəcək".
Bəyanatda qeyd edilir ki, Azərbaycan beynəlxalq hüququn pozulması hallarına müvafiq cavab verilməli olduğuna və qurbanlara adekvat təzminat ödənilməsinin zəruriliyinə inanır: "Bu cür pozuntuların qarşısının alınmasına yönəlmiş institusional fəaliyyət beynəlxalq sülh və təhlükəsizliyin qorunması üçün ilkin şərtdir. Həlli uzanan hərbi münaqişələrdə siyasi məsələlər üzrə razılığın olmaması beynəlxalq humanitar hüququn pozulması nəticəsində yaranmış problemlərin həll edilməməsi üçün bəhanə olmamalıdır. Burda xüsusi diqqət silahlı münaqişələrdə mülki şəxslərin qorunması üzərində cəmlənməlidir. Münaqişələrin yaşayış, torpaq və mülkiyyətə təsiri, habelə etnik zəmində ayrı-seçkilik və zorakı demoqrafik dəyişikliklər qeyri-qanuni praktikalara son qoyulması üçün daha ardıcıl yanaşma tələb olunduğunu göstərir".
Sonda bildirilib ki, bu kimi məsələlər Azərbaycanla ATƏT-in müzakirələrində mühüm yer tutmalıdır.