“Keçirilən görüş deklarativ xarakter daşıdı” Siyasət

“Keçirilən görüş deklarativ xarakter daşıdı”

Arzu Nağıyev: "Əsas məqsəd Rusiyanın açar rol oynadığını biruzə verməkdən ibarət idi"

Aydın Mirzəzadə: "Prezidentlərinin görüşünün nəticəsi olaraq üç məqam diqqəti cəlb edir"

Qabil Hüseynli: "İrəliləyişlər torpaqların qaytarılması ilə bağlı deyil"

Azər Badamov: "Məsələnin həllinin yeganə yolu torpaqların işğaldan azad olunmasıdır"

"Azərbaycan tərəfi Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə keçirilmiş Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün nəticələrini müsbət qiymətləndirir". Bu sözləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib. Elmar Məmmədyarov bildirib ki, görüş konstruktiv şəkildə keçirilib. "İnanırıq ki, görüş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesində tezliklə irəliləyişə nail olmaq imkanı yaradacaq",- deyə Məmmədyarov vurğulayıb.
Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən gürüşün sonunda qəbul edilən bəyanatda atəşkəs rejiminə riayət olunması xüsusi vurğulanıb.
Prezidentlərin bəyanatlarını jurnalistlərə səsləndirən Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, İlham Əliyev, Serj Sərkisyan və Vladimir Putin danışıqların dinamik formada davam etdirilməsi barədə razılığa gəliblər.
Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik də prezidentlərin Sankt-Peterburq görüşünə münasibət bildirib. C.Uorlik "Twitter" səhifəsində prezidentlərin görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə müsbət addımların atıldığını yazıb. "İyunun 20-də Sankt-Peterburqda keçirilən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üçtərəfli görüşdə problemin nizama salınması üzrə müsbət addımlar atıldı. Həmçinin, birgə bəyanat qəbul edildi. Biz münaqişənin danışıqlar yolu ilə nizama salınması üzərində işləməliyik", - deyə o vurğulayıb.
Politoloq Arzu Nağıyev deyib ki, keçirilən görüş deklarativ xarakter daşıdı. A.Nağıyev bildirib ki, həm Azərbaycanın, həm də Ermənsitanın XİN rəhbərləri görüşün müsbət keçdiyini vurğuladılar: "Düşünürəm ki, onlar sülhə nail olmaq üçün bu cür bəyanat verdilər. Lakin Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində, işğalçıların Azərbaycan torpaqlarını tərk etməsi ilə bağlı elə bir addım atılmadı".
Politoloq vurğulayıb ki, prezidentlər təmas xəttində ATƏT müşahidəçilərinin sayının artırılması barədə razılığa gəldiklərini bildiriblər və ya digər monitorinq qruplarının sayının artırılması istiqamətində müxtəlif bəyanatlar veriblər: "Düşünürəm ki, burada əsas məqsəd Rusiyanın öz nüfuzunu bərpa etməsi və yaxud Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində açar rol oynadığını biruzə verməkdən ibarət idi".
A. Nağıyev hesab edir ki, bu gün hər hansı hər hansı status-kvonun saxlanması Ermənistandan, eyni zamanda Rusiyadan başqa heç kimi razı sala bilməz: "Çünki bizim işğalçı siyasət aparan Ermənistan və ya onun havadarları ilə hər hansı bir fikrimiz üst-üstə düşmür. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı BMT-nin müvafiq qətnamələri, Madrid prinsipləri var, suverenlik məsələsi var, ondan sonra isə hər bir millətin öz müqəddəratını təyin etmək üçün atılacaq digər addımlar var. Məhz bunların heç biri bu görüşdə öz həllini tapmadı".
A.Nağıyev sonda əlavə edib ki, Azərbaycan prezidenti İlham Əliyevin görüşlə bağlı verəcəyi bəyanatdan sonra bir sıra məsələlərə aydınlıq gətiriləcək: "Eyni zamanda artıq Azərbaycanın şərt irəli sürən tərəf olduğu hiss olunurdu. Lakin bütün bunların təbii ki, ümumi görüntülərdir. Bizim əsas məqsəd və məramımız var. Azərbaycan prezidentinin qeyd etdiyi kimi, bu məsələni sona yetirmək, işğalçıları ərazilərimizdən çıxarmaq və sonradan digər məsələlərin həlli istiqamətində müvafiq addımlar atmaq lazımdır".
Millət vəkili, politloq Aydın Mirzəzadə bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin aprel dyüşlərindən sonra sayca ikinci görüşü baş tutdu: "Rusiyanın vasitəçiliyi ilə Sankt-Peterburqda bir araya gələn prezidentlər danışıqlar prosesinin davam etdirilməsi barədə ümumi razılığa gəliblər". O Rusiyanın Sankt-Peterburq şəhərində Dağlıq Qarabağ probleminin həlli üzrə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün nəticəsi olaraq üç məqamın diqqəti cəlb etdiyini söyləyib: "Birincisi, Azərbaycan Prezidenti cənab İlham Əlliyev görüşdən əvvəl problemin həllində əsas məsələnin Ermənistanın Azərbaycan torpaqlarının işağlına son qoyulması olduğunu bildirdi. İkincisi, görüşün nəticəsi olaraq bir sıra məsələlərdə anlaşma əldə olunduğunu bəyan etdilər və növbəti görüşlərin də bu formatda ( üç ölkə prezidentinin iştirakı ilə) keçirilməsi barədə razılığa gəldilər. Nəhayət, üçüncüsü, hər üç ölkənin xarici işlər nazirləri görüşdən razı qaldıqlarını bilidirdilər".
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, ölkə liderlərinin bəyanatında danışıqlar prosesində irəliləyişlərin olduğu hiss edilir: "Amma irəliləyişlər torpaqların qaytarılması ilə bağlı deyil. Sadəcə olaraq, Rusiya istəyir ki, atəşkəs rejiminə daimi əməl edilsin. Rusiya danışıqları öz bildiyi istiqamətdə aparmaq istəyir. Hələ ki, Ermənistan əsgərlərinin işğal olunan ərazilərdən çıxarılması məsələsi danışıqların ana xəttini təşkil etmir".
ATƏT müşahidəçilərinin sayını artırmaq barədə razılıq məsələsinə toxunan politoloq bildirib ki, belə bir addımın atılması yalnız Ermənistan tərəfinə sərf edir: "ATƏT –in müşahidəçilərinin sayının artırılması Azərbaycan üçün məqbul olmayan məsələdir. Həmçinin onların sayının artırılması üç həmsədr dövlətin razılığı əsasında olmalıdır. Müşahidəçilərin sülhyaratma prosesinə heç bir dəxli yoxdur və onların sayının artırılması "status-kvo"nun qorunub saxlanılması deməkdir. Cəbhə xətti boyu müsahidəçilərin sayının artırılması müharibənin dayandırılması demək deyil".
Qabil Hüseynli bildirib ki, belə təkliflərin irəli sürülməsi erməni işğalının əbədiləşdirilməsinə xidmət edir. "Müəyyən müddətdən sonra Azərbaycan tərəfi bu təklifdən imtina edə bilər". Görüşdən əvvəl Kremlin verdiyi açıqlamadan da Azərbaycan torpaqlarının Ermənistan Silahlı Qüvvələrindən boşaldılması ilə bağlı heç bir cümlə öz əksini tapmamışdı.
Millət vəkili Azər Badamov deyib ki, Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə iyunun 20-də Sankt-Peterburqda baş tutan prezdentlərin üçtərəfli görüşü Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində həlledici rol oynaya bilər. Onun sözlərinə görə, görüş öncəsi Rusiya prezidenti ilə ikitərəfli görüşündə Azərbaycan prezidenti İlham Əliyev öz məqsədini tam və aydın şəkildə ortaya qoyub: "Prezident xüsusilə qeyd edib ki, məsələnin həllinin yeganə yolu torpaqların işğaldan azad olunmasıdır. Bu baxımdan üçtərəfli görüşdə ümumi razılığın əldə olunması münaqişənin həllində Rusiyanın qərarlı olduğunu göstərir. Ona görə də dünənki üçtərəfli formatda keçirilən danışıqların yaxın gələcəkdə müsbət nəticələri ola bilər".