“Qarabağ münaqişənin çözülməsini istəməyən dövlətlər var” Siyasət

“Qarabağ münaqişənin çözülməsini istəməyən dövlətlər var”

Cümşüdf Nuriyev: "Onlar bu işdə maraqlıdırlar"

"Böyük Britaniyanın da Avropa İttifaqından çıxmasından sonra qurumun dağılması haqqında layihə artıq gündəmə gəlib". Bunu politoloq Cümşüd Nuriyev deyib. Onun sözlərinə görə, ABŞ özünü nə qədər canıyanan göstərsə də, bütün bunlar bir növ Amerikanın layihəsidir: "Çünki istər-istəməz avronun hər zaman dolları üstələməsi biznes dairələrini narahat edirdi. Təbii ki, bunu İngiltərənin əli ilə etmələri də təsadüfi deyil. Çünki ABŞ-da ən böyük lobbi ingilislərdir. Heç şübhəsiz ki, atılan bu addımın ardı da gələcək. Hamıya bəllidir ki, Avropa İttifaqı nə federativ kimi federativ idi, nə də ki, konfederasiya idi. Yəni onun prezidentinin heç bir rolu yox idi. Yəni parlamentin, AŞPA-nın qəbul etdiyi qərarlar tövsiyyə xarakteri daşıyırdı. Amma ingilislərlə yanaşı, bundan narazı olanlar da var. Yəni bundan sonra Hollandiya, Danimarka, Macarıstan hətta Fransanın özü belə bu qurumdan çıxa bilər. Bu təsadüfi olan bir şey deyil. Bunlar hamısı qabaqcadan düşünülüb. Avropa İttifaqının dağılma ehtimalı çox yüksəkdir. Təbii ki, buna qarşı qüvvələr də var. Xüsusilə nəzərə alsaq ki, Çin, Rusiya Federasiyası bu işdə maraqlıdır".
Cümşüd Nuriyev həmçinin əlavə edib ki, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi bütün bəyanatlar sıradan bir şeydir. Onun sözlərinə görə, Dağlıq Qarabağla bağlı BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsi, BMT Baş Assambleyasının, eləcə də AŞPA-nın qətnamələri var: "Amma indəyədək bunların heç biri icra olunmayıb. Yəni necə olur ki, o birilərinin mürəkkəbi qurumamış icra olunur, amma Dağlıq Qarabağ münaqişəsinin üzərindən 23 il ötüb sənəd icra olunmur. Heç şübhəsiz ki, bu münaqişənin çözülməsini istəməyən dövlətlər var və onlar bu işdə maraqlıdırlar. Nə qədər ki, ABŞ-la Rusiyanın Qafqaz siyasəti toqquşur bu tip bəyanatlar həmişə olacaq. Hər tərəf çalışacaq ki, Azərbaycanı öz yanında görsün və özünə yaxınlaşdırsın". O əlavə edib ki, vaxtın uzanması Ermənistanın xeyrinədir: "Azərbaycana bunun heç bir xeyri yoxdur. Bu gün əsgərlərimizin hazırlıq səviyyəsi çox yüksəkdir, ordumuz silahla təmin olunub və əhalinin ruh səviyyəsi yüksəkdir. Millət dövlətin və Prezidentin arxasındadır".