“ATƏT PA-ın effektivliyinin artırılması üçün cəhdlər edilməlidir” Siyasət

“ATƏT PA-ın effektivliyinin artırılması üçün cəhdlər edilməlidir”

ATƏT PA-nın Gürcüstan paytaxtında təşkil olunan sessiyası çərçivəsində bu gün qurumun son plenar iclası keçirilib.
Azərbaycan nümayəndə heyətinin üzvü Azay Quliyev iclasda çıxış edib. O, çıxışında pan-Avropa təhlükəsizlik sisteminin çətin vaxtlarını yaşadığını bildirib: "Bəzən əvvəlcədən görünməyən çətinliklər və problemlər regionu təhdid edir və ATƏT-in fəaliyyəti dövründə, bir neçə on illiklər ərzində əldə olunan uğurları zərbə altında qoyur. Bu çətin zamanda məlumatlandırmanın artırılması, hərtərəfli əməkdaşlıq və qarşılıqlı inam müasir çətinliklər və problemlərlə kollektiv mübarizədə əsas şərt olmaqda davam edir".
Azay Quliyev deyib ki, belə həlledici bir zamanda yeni siyasət, dəyişiklik və yanşamalara ehtiyac var: "Bu mənada ATƏT PA-ın effektivliyinin artırılması üçün cəhdlər edilməlidir. Kollektiv maraqlar və hədəflər təşkilatda dərinləşməkdə olan çoxsaylı problemlərlə ayaqlaşmaqla bu prosesə bələdçilik etməlidir. Bu mübarizədə Parlament Assambleyası regionumuzu təhdid edən terrorizm, transmilli cinayətkarlıq, uzun sürən münaqişələr, miqrasiya, qaçqın və məcburi köçkün, insan alveri, ekoloji tənəzzül və yoxsulluq kimi problemlərin həllində daha çox iştirakçı rolu oynamalıdır. Biz zamanında reaksiya verməli və təşkilatımızın istifadəsində olan bütün mümkün imkanlardan istifadə etməliyik".
Azay Quliyev PA-nın fəaliyyətinin təkmilləşməsi və problemlərin həlli üçün təkliflər irəli sürüb: "Yuxarıda sadalanan problemlər və prioritetlərə bağlı parlamentlərarası dialoq inkişaf etdirilməli, Helsinki prinsiplərinə hörmət əsasında iştirakçı dövlətlər arasında inam və güvən möhkəmləndirilməlidir."
Azay Quliyevin fikrincə, qərəzli və selektiv yanaşmaların, ayrı-seçkiliyin qarşısı alınmalı, ATƏT-in icra strukturları və institutları arasında koordinasiyanın və əməkdaşlığın səmərəliliyi artırılmalıdır: "İnanıram ki, bu istiqamətlərdə atılan konkret addımlar regionda təhlükəsizliyin və stabilliyin əldə olunmasına töhfə verəcək".