Lavrovun səfərindən gözləntilər ola bilərmi? Siyasət

Lavrovun səfərindən gözləntilər ola bilərmi?

"Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərində söhbət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində son vaxtlar aparılan danışıqların fəallaşması fonunda əldə olunacaq yeniliklərdən gedirsə, hesab edirəm ki, bəli, gözləntilər ola bilər. Hər halda Rusiya xarici işlər naziri Sergey Lavrovun qısa zamanda Azərbaycana növbəti səfəri bundan xəbər verir". Bunu hərbi politoloq Ramil Məmmədli deyib.
Onun sözlərinə görə, son 1 ayda Rusiya Qarabağ münaqişəsinin həlli ilə bağlı öz fəallığını artırıb: "Bunun da bir səbəbi var, ilk növbədə bölgədə Qərbin üstünlüyünü zəiflətmək. Münaqişənin həlli isə bu prosesin tərkib hissəsidir. Çünki rəsmi Moskva da Gürcüstanın timsalında Qafqazda mövqelərinin zəiflədiyini görür. Bu baxımdan Avropanın və ABŞ-ın münaqişənin həllində əsas oyunçu olmasını istəmir. Rəsmi Moskvanın bu məsələdə canfəşanlığı da bununla bağlıdır".
R.Məmmədli əlavə edib ki, məsələnin digər tərəfi də var: "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı xarici işlər nazirlərinin Ermənistan toplantısında əvvəl Lavrovun Bakı səfəri haqda danışılsa da konkret tarix deyilmirdi. Lakin bu səfərdən sonra Bakıya gələcəyi gün açıqlandı. Ehtimal var ki, Lavrov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yığıncağı çərçivəsində bir sıra mühüm məsələləri Sarkisyan hökuməti ilə müzakirə edib və mövqelərini qətiləşdirib. Bakı səfəri də Azərbaycanın mövqeyini dəqiqləşdirmək xarakteri daşıyır. Yəni Rusiya prosesin davam etdirilməsi əzmi ilə çıxış edir. Əlbəttə, münaqişənin ədalətli həlli Azərbaycanın maraqlarına uyğundur. Amma mən rəsmi Moskvanın bu ədalətin yanında olacağına inanıram".