

Azərbaycan 44 günlük Vətən Müharibəsində tarixi qələbə qazansa və torpaqlarını işğaldan azad etsə də erməni separatizmi tam olaraq aradan qaldırılmayıb. Xankəndidə separatçıların aranı qarışdırmaq istəyi, Ermənistanın məsələni “etnik münaqişə” adı altında hüquqi müstəviyə daşımaq cəhdləri və bölgədə İrəvanın kontrolunda hansısa beynəlxalq mexanizmin tətbiq olunmasına çalışması, anklavlar və Zəngəzur dəhlizi məsələsində dirəniş göstərməsi, bunu Azərbaycana qarşı kart kimi istifadə etməsi vəziyyəti daha da qəlizləşdirir.
Bu isə onu deməyə əsas verir ki, növbəti antiterror əməliyyatı zərurətə çevrilib.
Təkcə Xankəndidəki qondarma “seçki” məsələsi kifayət edir ki, Azərbaycan suveren ərazilərində ona qarşı yönələn bu təxribatı aradan qaldırmaq üçün hərbi əməliyyatlar başlatsın. Qeyd edək ki, bu, Azərbaycan dövlətinə qarşı yönələn nəbz yoxlamasıdır və bunun sepatratçıların, yaxud İrəvanın beyninin məhsulu olmasını düşünmək sadəlövhlükdür. Təkcə bu fakt bölgədə hansı qanlı oyunlara rəvac veriləcəyi hazırlığını təsəvvür etmək üçün yetərlidir.
Yəni Azərbaycan ərazisində bir ovuc separatçının “seçki” keçirməsi qətiyyən yolverilməzdir. Əgər burada Azərbaycan geri addım atacaqsa-halbuki bu inandırıcı deyil, o zaman dövlət olaraq qeyri-ciddi duruma düşə bilər. Və nəticədə bu, gələcəkdə Azərbaycana qarşı daha ciddi təhdidlər üçün presedent yaradacaq.
Burada sual meyadana çıxır. Paşinyan ABŞ və Fransanın Ermənistanı hara sürüklədiyini anlamırmı? Təbii ki, anlayır və müxtəlif zamanlarda bundan qaçmağa və Rusiya ilə Qərb arasında manevrlərə cəhd məhz buna hesablanmışdı. Amma Qərb bundan narazılığını dilə gətirdi və Paşinyana sərt təzyiqlər onun bir-birini təkzib edən açıqlamaları ilə təzahür etdi. Ortada daha dərin və detallı şərhə ehtiyac olan qobal proseslər var və Ermənistan geosiyasi cəbhələşmədə bölgədə aktivləşdirilən bomba rolunu oynayır və bu ssenarinin müəllifi İrəvan deyil. Bunu anlamaq üçün ortada olan Zelenski nümunəsi yetərlidir. Zelenski Qərbin Ukraynanı hara sürüklədiyini bilmirdimi? Təbii ki, bilirdi, amma əmrləri icra etmək məcburiyyətində qaldı.
Müşahidə olunan mənzərə ondan ibarətdir ki, eyni ssenari Ermənistan üçün də təkrarlana bilər və Paşinyan elə bir mərhələlədədir ki, artıq geridönüş mümkün deyil. Bu səbəbdən də Qərbdən gələn əmrləri icra etməyə məcburdur.
Bu isə ilk növbədə Ermənistan və bölgə üçün qanlı münaqişə mərkəzinin əsasının qoyulması deməkdir. Ona görə də, hazırda necə ki, 2020-ci ildə geosiyasi vəziyyət Azərbaycanın lehinə idisə, indi də Azərbaycanın öz suverenliyini tam təmin etmək üçün zəmin yaranıb.
Rusiya, İran, Gürcüstan və xatırlatmağa ehtiyac duymadığımız qardaş Türkiyə faktorunu nəzərə alaraq konkret və qəti addım atmağın zamanıdır.
Prosesin uzanması və bunun nəticəsində, məsələn Ermənistanda hakimiyyət dəyişikliyi, rusiyameyyli qüvvələrin hakimiyyətə gətirilməsi, yaxud Qərbin İrəvanda tam güclənməsi və.s kimi durumlar Azərbaycanın maraqlarına qətiyyən cavab vermir. Buna görə də vəziyyətin daha da mürəkkəbləşməməsi və Ermənistanın sülhə məcbur edilməsi üçün hərbi əməliyyatlar Azərbaycanın hüququdur və istənilən zaman bu istiqamətdə addım atıla bilər.
Azərbaycan dövlətinin buna hərbi və diplomatik gücü tam olaraq yetir və ABŞ-Ermənistan birgə təlimlərindən sonra bunu müşahidə etməyimiz istisna deyil...
Təbii ki, Azərbaycan xalqı Vətən Müharibəsi dönəmində nəyə qadir olduğunu sübut etdi. Bütün narazılıqlar bir kənara atıldı, hər kəs bir yumruq kimi Ali Baş Komandanın ətrafında birləşdi, orduya dəstək oldu. Dövlət və xalq birliyi ilə tarixi qələbə qazandıq. Amma bu o demək deyil ki, eyforiyaya qapılmalı, arxayınlaşmalı və üzərimizə düşəni etməməliyik. Bu gün Ermənistan, separatçılar, həmçinin onların havadarları bütövlükdə bütün gücləri ilə hər cür təxribata əl atır, sülh prosesini pozmağa çalışırlar. Burada erməni lobbisini yaddan çıxarmamalıyıq. Erməni lobbisi bütün gücü ilə təxribatların mərkəzində yer alır.
Bir müddət öncə ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Qarabağdakı vəziyyətlə bağlı keçirilən dinləmələri buna misal göstərmək olar. İclasda Blinkenin köməkçisi Yuri Kimin “Ermənistana həm onun inkişafı, həm də müdafiə və təhlükəsizlik sahəsində məqbul olan dəstəyi artırmalıyıq ki, Ermənistan istədiyi dönüşü etsin, Rusiydan qopsun”,-fikrini Ermənistan tərəfindən törədiləcək növbəti təxribatların anonsu hesab etmək olar.
Təbii ki, bunlar ümumi mənzərənin təsəvvür edilməsi üçün qeydlərdir. Məsələnin daha bir vacib tərəfi cəmiyyətin Vətən Müharibəsində olduğu kimi yenidən birlik içində hərəkət etməsidir. Bunun üçün vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri hökumət təşkilatları və medianın üzərinə çox ciddi yük düşür.
Buna görə də vətənpərvərlik nümunələrinin təbliğatının gücləndirilməsinə ehtiyac var. Xüsusilə şəhid və qazilərimiz, onların keçdiyi döyüş yolu TV, çap mediası və internet resurslarında, həmçinin sosial şəbəkələrdə daha geniş şəkildə işıqlandırılmalıdır...
Əli
Yazı "Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı" İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Vətəndaş məsuliyyətinin artırılmasında Azərbaycançılıq ideologiyasının rolu” adlı layihə əsasında dərc edilir