“Ohanyanın fikirləri Ermənistanın qorxu içərisində yaşadığını göstərir Siyasət

“Ohanyanın fikirləri Ermənistanın qorxu içərisində yaşadığını göstərir

Ermənistan Dağlıq Qarabağ məsələsində təxribatlarını davam etdirir. Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Aydın Mirzəzadə qeyd edib ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyan növbəti dəfə Azərbaycan ərazisinə icazəsiz daxil olaraq özü ilə gətirdiyi bir qrup erməni jurnalistə müsahibə verib: "Onun bildirdiyi fikirlərin hər biri əslində, Ermənistan hakimiyyətinin çox böyük qorxu içərisində yaşadığını və ölkənin gücsüzlüyünün etirafı olub. Seyran Ohanyan bildirib ki, hərbi əməliyyatlar başlayarsa, Rusiya Ermənistanın köməyinə gələcək. Bununla da o, Rusiyanı zorla Dağlıq Qarabağ məsələsində Ermənistanın işğalçılıq siyasətinə cəlb etmək istəyir. Görünür, Rusiya Prezidenti Vladimir Putinin avqustun 8-də Bakıya səfəri, Dağlıq Qarabağ məsələsi ilə bağlı verdiyi bəyanatlar, Azərbaycanla münasibətlərin gücləndirilməsi ilə bağlı səsləndirdiyi fikirlər Ermənistan hakimiyyətində çox böyük narahatlıq yaradıb. Onlar özlərinin köhnə istəklərindən, Rusiyanı çirkin oyunlarına cəlb etmək siyasətindən əl çəkmək istəmirlər. Ancaq Vladimir Putin Bakıda birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq və ədalət prinsipləri çərçivəsində həll edilməsi ilə bağlı istəyini bildirdi. Rusiya Prezidentinin Bakıda verdiyi bu bəyanat Ermənistanın "çirkin arzularına" böyük bir zərbə oldu".
Aydın Mirzəzadə vurğulayıb ki, Ohanyanın Ermənistan ordusunun yeni silahlar alması və ölkənin silah istehsal etməsi ilə bağlı bildirdiyi fikirlər isə sadəcə, gülünc doğurur: "Ermənistanın ümumi illik büdcəsi Azərbaycanın hərbi büdcəsindən iki dəfə azdır. Belə olan halda, onlar hansı pul ilə yeni silah alacaqlar? Hansı iqtisadi potensial ilə silah istehsal edəcəklər? Bu fikirlər sadəlöhvləri aldatmaqdan başqa bir şey deyil".
Deputat bildirib ki, Ermənistanın 2-ci Dünya Müharibəsində Xarvatiyada istifadə edilmiş artilleriya qurğularını pulsuz alması, Rusiyanın istifadədən çıxarılmış silahlarının Ermənistanın alması faktları göz qarşısındadır: "Aprel döyüşlərində Azərbaycanın işğal edilmiş ərazilərində ələ keçirilmiş erməni mövqelərindəki silahların köhnə və bizim imkanlarımızdan qat-qat aşağı olduğu görünürdü. Həmçinin, Ermənistanın Türkiyə və Azərbaycanla sərhədlərinin bağlı olduğu, dənizə çıxışı olmadığı, iqtisadiyyatının tənəzzül keçirdiyi bir dövrdə hansı potensial, maliyyə imkanları ilə yeni silah əldə edəcəyi böyük bir şübhə doğurur. Oyanyanın bəyanatı erməni ictimaiyyətini sakitləşdirməkdan başqa bir şey deyil".
Aydın Mizrəzadə deyib ki, Seyran Ohanyan həmçinin, Ermənistanın Dağlıq Qarabağın təminatçısı olduğunu bildirib: "Bir tərəfdən Ermənistan Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır, digər tərəfdən isə onun təminatçısı olur. Belə isə bu yanaşma ilə Ermənistan çox böyük uğurla İraqdakı İŞİD-in də təminatçısı ola bilər, çünki hüquqi cəhətdən onu da tanımayıb. Ermənistan prezidentinin təcili Moskvaya səfər etməsi, Ohanyanın Dağlıq Qarabağda özü ilə gətirdiyi bir qrup hökumətyönlü jurnalistlərə müsahibə verməsi Ermənistanın təlaş içərisində olduğu, öz provakasiyasında Rusiyanı görmək istədiyini və ən əsası isə daim Ermənistan-Azərbaycan cəbhə xəttində Azərbaycanın hücumlarını gözləmək təlaşı içərisində yaşadığını göstərir. Yaranmış bu vəziyyət Ermənistanın özünün apardığı siyasətin nəticəsidir. Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsi, Türkiyəyə torpaq iddiası, beynəlxalq hüquq normalarına etinasızlıq Ermənistanı ciddi böhrana gətirir, müstəqil dövlət kimi mövcudluğunu böyük sual altına qoyur. Öz paytaxtında bir qrup terrorçunu uzun müddət zərərsizləşdirə bilməyən və terrorçularla siyasi dialoqa girən bir hakimiyyətin və rejimin sonu əlbəttə ki, acınacaqlı olmalıdır".